Problemli kreditlər arta-arta gedir

Problemli kreditlər arta-arta gedir

"Novoye Vremya" qəzetində "Nazirlər Kabinetinin müdaxilə vaxtı və ya bir daha kredit borcları barədə"  sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif "problemli kreditlər" məsələsinin həll olunmasına hökumət səviyyəsində müdaxilənin vaxtı çatdığı iddiasını ortaya qoyur.
 
Məqalə müəllifi deyir ki, manat "tənzimlənən "üzən məzənnə"" şəraitində fəaliyyət göstərir, yəni manat indiki məzənnə sabitliyini süni yol ilə və ya valyuta müdaxiləsilə saxlaya bilir: "Bu halda manatın məzənnəsinin əsas dünya valyutalarına nisbətdə nə dərəcədə sabit olduğu məlum deyil, ölkənin bank sisteminin bütünükdə səmərəli fəaliyyəti isə bundan birbaşa asılıdır. Heç kəsə də sirr deyil ki, dollara nisbətdə manatın müəyyən sabitliyi belə Azərbaycanda bank böhranını aradan qaldırmayıb. Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcminin 1 milyard 745,7 milyon manata çatması böhranın davam etdiyini göstərir. Bu həcm bu ilin iyun ayı ilə müqayisədə 2% artım deməkdir".
 
Müəllif Mərkəzi Bankın hesabatına istinadən deyir ki, ilin əvvəlindən bu kateqoriya kreditlər 7,3% artıb, ümumi kredit portfelində isə 14,4% təşkil edir.
 
Müəllif bildirir ki, vaxtı keçmiş kreditlərin həcmi bank sahəsinin fəaliyyət göstəricisidir və bu problem həll olunmadan banklar sistemli böhrandan çıxa bilməz, odur ki, ölkənin bank sistemi bunu birgə həll etməlidir: "Təəssüf ki, buna ciddi diqqət yetirilmir, hər bank kredit borcları məsələsini öz bildiyi kimi həll etmək istəyir. Kimi məhkəməyə verir, kimi qoyulan əmlakı müsadirə edir, kimi də fiziki təzyiqlə pullarını qaytarmağa çalışır. Bütünlükdə isə vəziyyət günbəgün pisləşir, problemli kreditlərin ümumi həcmi isə artmaqda davam edir".
 
Müəllif deyir ki, Nazirlər Kabineti bu problemə biganə qalmamalı, məsələyə müdaxilə edərək Maliyyə Bazarlarına Nəzarət Palatası və kommersiya bankları ilə birgə həll etməlidir.
 
Yazı müəllifi hesab edir ki, hökumətdə iqtisadi və maliyyə blokuna nəzarət edən dövlət məmurları problemin həllilə bağlı təşəbbüs göstərməlidir, çünki bank sistemi sağlamlaşmadıqca ölkə iqtisadiyyatı lazımi şəkildə inkişaf edə bilməyəcək: "Problemli kreditlər artdıqca isə inkişaf barədə danışmağa da yer qalmır və Nazirlər Kabineti problemli kreditlərin həlli üçün "yol xəritəsi" hazırlamalıdır. Nə Mərkəzi Bank, nə Palata, nə kommersiya bankları bunu etməyə qadir deyillər. Bankların kredit portfeli kiçilir, problemli kreditlərin payı isə artır"
 
Müəllif bütün ölkə vətəndaşlarını həyəcana salan bu vacib məsələnin həllinə Nazirlər Kabinetinin mümkün olduqca tez qoşulmasının lazım gəldiyini bildirir.(contact.az)
 

Google+ WhatsApp ok.ru