Problemli kreditlər artıb

Problemli kreditlər artıb

-- Bu göstəricinin ilin əvvəli ilə müqayisədə 4,25% çox olduğu bildirilir.

Azərbaycanda problemli kreditlərin artmaqda olduğu bildirilir.
 
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni açıqlanmış bilgilərinə görə, vaxtı keçmiş kreditlərin ümumi həcimi fevralın 1-də 1695,9 mln. manat olub.
 
Bu göstəricinin ilin əvvəli ilə müqayisədə 69,2 mln. manat (4,25%) çox olduğu bildirilir.
 
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 14,5 faizdir. Bu göstərici ilin əvvəlində 13,8, 2017-ci il fevralın əvvəlində isə 9,8 faiz olmuşdu.
 
Mərkəzi Bankın valyuta ehtiyatları...
 
Bu il Mərkəzi Bankın valyuta ehtiyatlarında cüzi artım qeydə alınıb.
 
AMB-nin bilgilərinə görə, martın 1-nə onun valyuta ehtiyatları 5387,3 mln. dollar təşkil edib.
 
Bu, fevralın 1-nə olan göstəricilərlə müqayisədə 6,1 mln. dollar artıqdır.
 
Pul kütləsində də artım
 
Fevralın sonunda Azərbaycanda pul kütləsi 9 milyard 180 milyon 600 min manat təşkil edib.
 
Yanvar ayına nisbətən ölkədə pul kütləsi 419 milyon manat və ya 4,8 faiz artıb.
 
İlin əvvəlindən isə pul kütləsi 637 milyon 400 min manat və ya 7,5 faiz çoxalıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru