Problemli kreditlər artır

Problemli kreditlər artır

"Yeni Müsavat" qəzetində "Problemli kreditlərin həcmi artır" sərlövhəli məqalə diqqət çəkir
 
Yazıda bildirilir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin bank sahəsindəki duruma dair növbəti statistikanı elan edib. Bu sənədə görə, problemli kreditlərin həcmi ay ərzində 145.8 mln. manat, illik hesablamada isə 225.6 mln. manat və ya 14.9 faiz artıb.
 
Müəllif vurğulayır ki, artıq vaxtıkeçmiş kreditlərin ümumi məbləği 1 mlrd. 739.8 mln. manat təşkil edir. Bunun ümumi kredit portfelində payı 12 faizə çatıb.
 
Ekspert Samir Əliyev problemli kreditlərin həcminin artmasını təbii sayır:
"Azərbaycanda keçən ildən davam edən sənaye və ümumi daxili məhsul (ÜDM) templərinin azalması (2016-cı ildə ÜDM 3.8 faiz azalıb), büdcə kəsirinin 2015-ci illə müqayisədə 6 dəfədən çox artması, maliyyə sisteminin iflici, işgüzar fəallığın zəifləməsi, gizli işsizliyin artması, yoxsulluq, real sektorda investisiya böhranı vətəndaşların problemlərini dərinləşdirir".
 
Ekspert hesab edir ki, gündəlik tələbat malları və xidmət sahəsində qiymətlərin sürətli artımı əhalinin maliyyə ehtiyatlarını tükəndirir.
 
İqtisadçı vurğulayıb ki, nominal əməkhaqqı 6, real maaşlar 2.1 faiz artıb. Amma qiymət artımı və inflyasiya bunu qat-qat üstələyib.
 
Ekspert hesab edir ki, ölkədə iqtisadi böhran dərinləşdikcə, problemli kreditlərlə bağlı durum da ağırlaşacaq.
 
Yazıda bildirilir ki, deputat Vahid Əhmədov da Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sahəsində durumun sabitləşdirilməsi üzrə gördüyü tədbirləri tənqid edib:
"Bu qurumun yaradılması həmin sistemin sağlamlaşdırılması sahəsində müsbət rol oynamadı. Əksinə, 11 bank bağlandı. Palata ilə Mərkəzi Bank arasında fikir ayrılığı bankların vəziyyətini daha da ağırlaşdırır".
 
Müəllif yazır ki, ekspertlər bu sahədə vəziyyətin yaxın vaxtlarda düzələcəyinə bir elə inanmır:
"İşsizliyin artması, iqtisadiyyatın ümumi depressiya vəziyyəti insanların gəlirlərinə mənfi təsir edəcək. Bütün bunlar ödəmələrlə bağlı böhranı daha da kəskinləşdirəcək və bank sektorunun durumunu ağırlaşdıracaq". /

Google+ WhatsApp ok.ru