Problemli kreditlərdə fantastik artım

Bir neçə ayda problemli kreditlərin həcmi 51 milyon dollara çatıb

Azərbaycanda problemli mikrokreditlərin həcmi kəskin artıb. Fins.az-ın məlumatına görə, 2015-ci ilin ilk yarısının yekunlarına görə, ölkədəki mikrokredit təşkilatlarının kredit portfelində problemli kreditlərin həcmi 4 dəfədən çox yüksəlib. Beləliklə, 2014-ci ilin ilk yarısının nəticələrinə görə, problemli mikrokreditlərin həcmi 12 507 810 dollar idisə, 2015-ci ilin ilk yarısının nəticələrinə görə, bu rəqəm 4.1 dəfə artaraq 51 774 032 dollar olub. Mikrokrelit portfelində problemli kreditlərin həcmi 1,5 faizdən 7,6 faizə qalxıb. Ayrı-ayrı təşkilatlarda isə problemli kreditlərin həcmində daha böyük, hətta 10 dəfələrlə artım baş verib.
 
Problemli kreditlərin artımı mikrokreditləşmə ilə məşğul oan demək olar ki, bütün təşkilatlarda baş verib. Yalnız bir neçə təşkilatda problemli kreditlər ya artmayıb, ya da əvvəlki ildəki kimi qalıb. Amma ayrı-ayrı təşkilatlarda artım səviyyəsi fərqlidir.
 
Azərbaycanda hazırda mikrokreditləşmə ilə 8 bank məşğul olur. Ötən ilin ilk yarısı ilə müqayisədə onların hamısında problemli mikrokreditlərin artımı baş verib. Amma bəzi banklarda bu ağlabatan həddə olsa da, digərlərində artım kəskin olub. Belə ki, “Bank of Baku”nun mikrokredit portfelində probleili kreditlərin payı təqribən 6 dəfə artaraq 2 faizdən 11,6 faizəə qalxıb. Məbləğ ifadəsində isə bu bankın problemli mikro kreditləri 3 milyon dollardan 12 milyon dollara yaxınlaşıb.
 
Amma ən böyük artım “Bank Respublika”da baş verib. Əgər ötən il bankın mikro kredit portfelinin cəmi 0,1 faizi problemi sayılırdısa, indii bu rəqəm 31 faizi keçib. Başqa sözlə, bankın 62 milyon dollarlıq mikrokredit portfelinin 19 milyon dollarında “qırmızı işıq” yanır.
 
“Dəmir bank” da özünü mikrokreditlərdə “yandırıb”. Ötən il bankın problemli mikro krediti ümumiyyətlə olmayıb. Bu il isə problemli mikrokreditlər birbaşa 15,5 faizə yüksəlib. Məbləğ ifadəsində bu 6,7 milyon dollar deməkdir.
 
Mikrokreit bazarına yenicə daxil olan “Amrahbank”da bazarın “dadını” hiss edib. Elə birinci il bankın problemli mikrokreditləri 14,6 faizəə yüksəlib. 7 milyon dollarlıq problemli kredit, və “Amrahbank” bazardakı digər bankların əksəriyyətini bu göstəriciyə görə geridə qoyub.
 
Əvəzində “Parabank”ın göstəriciləri yaxşılaşıb. Bankdakı problemli mikrokreditlərin payı 11 faizdən 3 faizə enib. Məbləği ifadəsində isə problemli kreditlər 3 milyon dollardan 1,5 milyon dollara enib.
 
Problemli kreditlərin kəskin artımı bəzi mikrokredit təşkilatlarında da hiss olunur. Bazarın əsas oyunçularından sayılan “Finka-Azərbaycan” şirkətində problemli kreditlərin payı 10 dəfə artaraq 0,6 faizdən 6,1 faizəə qalxıb. Məbləğ ifadəsində isə təşkilatın problemli kreditləri ötən ilin ilk yarısındakı 300 min dollardan, bu il 2 milyon dollara çatıb.
 
“VISION FUND AZERCREDIT, NBCO” da isə problemli kreditlərin payı 8 dəfədən çox artaraq 0,9 faizdən 8,5 faizə yüksəlib. Məbləğ ifadəsində isə problemli kreditlər 177 min dollardan 1,3 milyon dollara qalxıb. “KREDAQRO”da problemli kreditlərin payı 5 dəfə yüksəlib. “VIATOR MICROCREDIT” təşkilatında isə problemli kreditlərin payı 24 dəfə artaraq 19,3 faizə çatıb. Indi bu şirkətin problemli kreditləri 1,4 milyon dollara yaxınlaşıb. Halbuki ötən il bu göstərici cəmi 80 min dollar idi. “Inkişaf Üçün Maliyyə”, “TBC Kredit”, “Mol Bulak” kimi təşkilatların da probleimli kreditləri yüksəlib.
 
Ekspertlər bildirir ki, mikrokreditlərdə problemli kreditlərin fantastik artımı iri məbləğli kreditlərlə bağlı vəziyyətin daha acınacaqlı olduğunu deməyə əsas verir.

Google+ WhatsApp ok.ru