Problemli kreditləri doğuran səbəblər

Problemli kreditləri doğuran səbəblər

«Yeni Müsavat» qəzetində «Əkrəm Həsənov: «Problemli kreditlərlə bağlı vəziyyət hələ bir neçə il sürəcək»» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda bu ilin sentyabrında Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumunun xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə çıxartdığı qərardan sonra yaranan vəziyyətlə bağlı hüquqşünas-ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verilib.
 
Müəllif vurğulayıb ki, Azərbaycanda problemli kreditlərin həcmi 1.8 milyard manata yaxınlaşıb.
 
Ə.Həsənov mövzu ilə bağlı deyib: «Konstitusiya Məhkəməsinin qərarı artıq tam təsdiqlədi ki, bu kreditlər cari məzənnə ilə qaytarılmalıdır və heç bir güzəşt də olmayacaq».
 
Ekspert vurğulayıb ki, normal gəliri olanlar bu kreditləri qaytarmağa çalışırlar. Onun bildirməsinə görə, amma bir təbəqə də var ki, onların əmlakları və gəlirləri yoxdur.
 
Ə.Həsənovun deməsinə görə, qanun vətəndaşlara da özlərini müflis elan etməyə imkan versə də, məhkəmələr müxtəlif bəhanələrlə bu hüququ tanımırlar: «Vətəndaş krediti qaytara bilməyəndə icra məmurları onları dəvət edib, həbslə qorxudurlar. Bəzi hallarda təəssüf ki, həbs də edirlər. Bununla bağlı da Avropa İnsan Haqları Məhkəməsinə 3 şikayət vermişəm. Ümid edirəm ki, yaxın zamanda bu məsələyə baxılacaq və vətəndaşların həbs qərarı götürüləcək».
 
Ekspert hesab edir ki, problemli kreditlərin böyük hissəsini bank rəhbərləri özləri yaradıblar. Ə.Həsənovun vurğulamasına görə, bəzi hallarda onlar öz şirkətlərinə, yaxınlarına kredit veriblər: «Fikir də bu olub ki, kredit getsin, qayıtmasın. Odur ki, tam obyektiv yoxlama aparılıb bu kreditlər üzə çıxarılmalıdır, amma bu iradəni görmürəm». /azadliq.org /
 

Google+ WhatsApp ok.ru