'Problemli kreditlərdə əhalinin payı bilinmir'

'Problemli kreditlərdə əhalinin payı bilinmir'

«Yeni Müsavat» qəzetində «Dollar kreditləri ajiotajının arxasındakı sirr» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda 2015-ci ildə baş vermiş devalvasiyaların xarici valyuta ilə götürülmüş kreditlərə təsiri barədə Konstitusiya Məhkəməsi Plenumunun bu ilin sentyabrında qəbul etdiyi qərar ekspert Əkrəm Həsənovla müzakirə edilib.
 
Ə.Həsənov deyib ki, problemli kreditlərlə bağlı məhkəmə prosesləri çoxaldığından Apellyasiya Məhkəmələrinə müraciətlər də artıb. Onun fikrincə, problemə vahid baxışın müəyyən edilməsindən ötrü Apellyasiya Məhkəməsinin Konstitusiya Məhkəməsinə müraciət etməsi qanunauyğun idi: «Lakin hesab edirəm ki, hansısa məsələnin Konstitusiya Məhkəməsinə çıxarılması sadə vətəndaşların istəyi ilə reallaşmayıb. İlk dəfə 2015-ci ildə bu məsələyə baxılmasında təşəbbüskar banklar idi. Çünki əhali devalvasiyalardan sonra dollar kreditləri üzrə ödənişləri tam dayandırmışdı».
 
Ə.Həsənov iddia edir ki, 2018-ci ilin avqustunda məsələnin Konstitusiya Məhkəməsinə çıxarılmasında banklardan irihəcmli pul götürən dairələr maraqlı olublar.
 
Ekspert vurğulayır ki, bəzi banklar kütləvi şəkildə hüquq-mühafizə orqanlarına borclularının adlarını göndərir: «Deyir ki, bunlar məndən qanunsuz kredit götürüblər. Vermişəm yox, məhz alıblar. Hüquq-mühafizə orqanları da həmin şəxslərə qarşı cinayət işləri qaldırıblar, artıq bəzi şəxslər həbs olunub. Cinayət Məcəlləsinin 195-ci maddəsinə görə, qanunsuz kredit alma maksimum 5 il müddətində azadlıqdan məhrumetmə ilə cəzalandırılır».
 
Ekspert deyir ki, mövcud problemli kreditlərin çoxu istehlak krediti adı ilə rəsmiləşdirildiyindən burada əhalinin payını müəyyən etmək çətindir: «Azərbaycanda belə bir statistika açıqlanmır...».
 
Konstitusiya Məhkəməsinin Plenumunun ötən ay verdiyi qərarda devalvasiyalar şəraitin dəyişməsi kimi dəyərləndirilməyib. Yəni qərara görə, kreditlər cari məzənnə ilə qaytarılmalıdır. /azadliq.org /
 

 

Google+ WhatsApp ok.ru