Problemli kreditlərin güzəşt məbləğinin hesablanması qaydası

Problemli kreditlərin güzəşt məbləğinin hesablanması qaydası

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.
 
Maide.Az bildirir ki, Palatadan verilən məlumata görə, qurumun rəsmi internet səhifəsinə (www.fimsa.az) giriş edən hər bir vətəndaş ana səhifədə əks olunan “PK – Problemli kreditlərin həllinə dair məlumat” bölməsində yerləşdirilmiş “Kalkulyator”a daxil olaraq müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər. Kalkulyator “21.02.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” və “21.12.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” adlı iki boş xanadan ibarətdir ki, bu xanalar birinci və ikinci devalvasiya tarixini əks etdirir. Vətəndaş müvafiq olaraq hər bir devalvasiya zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi güzəşt məbləği əks olunur. Misal üçün, əgər birinci devalvasiya zamanı vətəndaşın banka 5500 ABŞ dolları məbləğində, ikinci devalvasiya zamanı isə 3000 ABŞ dolları məbləğində əsas kredit borcu qalıbsa, qeyd olunan məbləğləri uyğun xanalara daxil etmək lazımdır. Yalnız bir devalvasiya nəticəsində zərər görən vətəndaşlar həmin devalvasiya zamanı malik olduqları əsas kredit borcunu daxil edərək digər xananı boş saxlayırlar. Qeyd edək ki, digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq göstərilir.
 

Google+ WhatsApp ok.ru