Proqnoz: `Daha 10-dan çox bank bağlanacaq`

Proqnoz: `Daha 10-dan çox bank bağlanacaq`

"Exo" qəzetində "Proqnoz: 2020-ci ilə Azərbaycanda 32 bankdan 20-si qalacaq" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda ekspertlərlə ölkənin bank sisteminin durumu təhlil edilir.
 
Müəllif yazır ki, neftin qiymətinin kəskin düşməsi və manatın devalvasiyası göstərdi ki, Azərbaycanın bank sistemi ən zəif bəndlərdir:
"Bank sisteminin bütün zəif tərəfləri göründü. Bəzi maliyyə qurumları "sabun köpüyü" kimi partlamaqla dövlətin onsuz da zəif olan iqtisadi durumunu bir qədər də laxlatdı. İtkilərə başa gələn bu sarsıntılardan sonra özünə gələn banklar varlıqlarını davam etdirdilər. Ancaq vaxtıkeçmiş kreditlər bir çox banklar üçün həll olunmamış problem kimi qalmaqdadır. Bir çox banklar qənaət xatirinə ştat vahidlərini xeyli ixtisara salıblar. Bu müştərilərlə iş məsələsinə neqativ təsir göstərir".
 
Yazıda bildirilir ki, ötən il ölkədə 11 bank bağlanıb. Hazırda 32 bank mövcuddur. Ekspert Vüqar Bayramov ölkənin bank sistemindəki durumu qəzetə belə dəyərləndirib:
"Azərbaycan bank sisteminin böhrandan çıxması barədə hələ ki, danışmaq olmur. Vaxtıkeçmiş kreditlərin həcmi heç də az deyil. Bankların likvidliyi də yaxşı durumda deyil. Elə bu iki səbəb kifayət edir ki, bank sisteminin böhrandan çıxmadığını söyləyə bilək".
 
V.Bayramov hesab edir ki, zəif bankların bağlanması və ya konsolidasiya prosesi bundan sonra da davam edəcək. Onun fikrincə, bankların bağlanması ölkə iqtisadiyyatına həmişə sarsıntı gətirir. Odur ki, burada bir neçə bankın birləşməsi ən yaxşı çıxış yoludur.
 
Digər bir ekspert Əkrəm Həsənov da deyib ki, 2016-cı ilin dördüncü rübü ilə bağlı 15 bank maliyyə hesabatını dərc etməyib:
"Ötən illərin təcrübəsindən aydındır ki, öz hesabatlarını dərc etməyən maliyyə institutları, bir qayda olaraq, iflas ərəfəsində olan qurumlardır".

Google+ WhatsApp ok.ru