Proqram bitib, amma şagirdlər dərsə gedir - Problem

Proqram bitib, amma şagirdlər dərsə gedir - Problem

Bildiyimiz kimi, Azərbaycanda orta məktəblərdə dərslər iyun ayının 14-də bitir. Artıq iyun ayının ilk günlərindən etibarən şagirdlərin dərs kitabları məktəb tərəfindən yığılıb. Bundan əlavə, dərs proqramları başa çatıb. Belə olan halda, şagirdlərin məktəbə əlavə bilik öyrənmədiyi halda getməsi onları narazılığına səbəb olur. 
 
“Qafqazinfo” hər dərs ilinin sonunda gündəmə gələn bu problemindən çıxış yolları ilə bağlı təhsil məsələləri üzrə ekspert Vurğun Əyyuba müraciət edib. 
 
O qeyd edib ki, əgər dərslər tez bitibsə, demək ki, müəllimlər proqramları düzgün tərtib etməyiblər: “Axı başqa vaxtı müəllimlər proqramın çətinliyindən şikayətlənirlər?! Deməli, proqramı elə tərtib etmək lazımdır ki, o nəzərdə tutulan müddətə qədər davam etsin. Kitabların yığılmasına gəlincə isə, bu məsələdə Təhsil Nazirliyi məktəblərə nəzarəti gücləndirməlidir. Əgər dərs davam edirsə, niyə görə kitablar yığılmalıdır?  Və yaxud şagirdlərin boş vaxtını doldurmağa müəllimlərin bacarığı, istəyi yoxdursa,  bununla rəsmi qurumlar məşğul olmalıdır. 
 
Mən hesab edirəm ki, zaman məsələsi çox şərtidir.  Təhsilin problemləri, məzmunu, dərsliklərin vəziyyəti kimi ciddi problemlər ortada ola-ola hər kəs zamandan danışır.  Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?  Bir çox adamlar özlərinin nostalji hisslərindən çıxış edərək deyirlər ki, vaxtilə sentyabrın 1-də dərsə gediblər. Niyə bizim uşaqlar da o tarixdə dərsə getmir?  Bu cür gülünc arqumentlər var. Azərbaycan təhsilində çox ciddi problemlər var, gedib onla məşğul  olmaq lazımdır”.
 
Digər təhsil eksperti Nadir İsrafilov da  mövzu ilə bağlı danışıb: “Yəqin təhsillə az çox maraqlanan bir çoxları xatırlamamış deyillər ki, bizdə dərs ili “Bilik günü” kimi qəbul edilərək 1 sentyabrda başlayıb, 25 mayda “Son zəng” tədbiri ilə başa çatmaqla 35 həftəlik tədris ilindən ibarət idi. Sonralar 5 günlük dərs həftəsinə keçdik və müəyyən uzun müddətli bayramların məktəblərə də şamil edilməsi illik tədris həftəsinin 32-yə enməsinə və bunun nəticəsi kimi proqram materiallarının yüklənməsinə gətirib çıxardı. 2004-cü ildən etibarən yüklənmənin aradan qaldırılması məqsədilə qaydalarda müəyyən dərs ilinin başlanma və bitməsi illik dərs rejiminin 2 həftə uzadılaraq 35 -ə yaxınlaşdırılması ilə bağlı müəyyən dəyişikliklər edildi. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı”.
 
Onun sözlərinə görə, tədris həftəsinin uzadılmasına baxmayaraq, tədris planı və təhsil proqramlarında heç bir dəyişiklik aparılmadığından tədris ili başa çatmamış proqram materialları bitmiş olur: “Bu isə şagirdlərin məktəbə əlavə yol ölçməsi kimi qiymətləndirilir və valideynlərin də haqlı narazılığına səbəb olur. Nazirlik rəsmisi isə məsələyə münasibət bildirərkən belə bir mövqe sərgiləyib ki, “bu cür fikirlər səsləndirməyin əsası yoxdur. Sadəcə, valideynlər narazılığı onunla əlaqədardır ki, uşaq saat 8-in yarısı durur, hazırlaşır, valideyn də övladını məktəbə aparır. Valideyn bunu özünə problem hesab edir. Dərs proqramlarının bitməsi bəzən müəllimdən asılı olur. Əgər müəllim istəsə, proqramı yanvar ayında da bitirə bilər, aprel ayında da. Bütün hallarda proqramın detalları mövcuddur. Mövzunun təkrar keçirilməsi, yeni mövzuların verilməsi və sairə”. 
 
Əlbəttə, belə yanaşma ilə heç cür razılaşmaq olmaz. Yaranmış vəziyyəti nəzərə alaraq Təhsil Nazirliyi tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə daha 2 həftə uzadılmasıni təklif edib. Hər halda məsələ ciddidir və ciddi yanaşma tələb edir”.
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya qısa olaraq cavab verilib ki, Nazirlər Kabinetinin qərarına əsasən tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də yekunlaşır. /

Google+ WhatsApp ok.ru