Psixoloqlar-şarlatanlar insanları məhv edir - həkimlərin həyəcan təbili

Psixoloqlar-şarlatanlar insanları məhv edir - həkimlərin həyəcan təbili

Psixologiya ictimai-humanitar fənn olaraq fəlsəfənin bir bölməsidir. Lakin çox təəccüblüdür: indiki vaxtda mütəxəssis-psixoloq adlandırılanlar açıq-açığına, heç nədən çəkinməyərək aqressiya və abırsızlıqla özlərini insanlara «doktor», «həkim»
 
sözləri ilə təqdim edirlər, aşağıda sadalanan və yalnız tibbdə istifadə edilən  «pasiyent», «terapiya», «müalicə», «xəstə» terminlərindən istifadə edirlər. Təcrübi psixologiya şarlatan psixoloqların əlində kriminal biznesə çevrilmişdir.
 
Psixoloqların böyük əksəriyyəti əhalinin xeyli hissəsinin savadsızlığından, onların arasında sanitariya maarifi aparılmamasından istifadə edərək açıq, cəzasız heç bir tibbi təhsilə malik olmadan onların «müalicəsi» ilə məşğul olur. Nadan insanlar şüurlarında olan qaraguruhçuluq hesabına əvvəlində «psix» hissəciyi olan, bir-birini inkar edən məfhumları mənaca ayıra bilmirlər.
 
Əhalinin nadan hissəsi üçün psixiatriya, psixoterapiya, psixologiya eyni şeylərdir. Psixoloqlar insanların bu zəif cəhətlərindən açıq-aşkar istifadə edir, onlara özlərini həkim kimi təqdim edir, diaqnoz qoyur, müalicə aparır, tibbi məsləhətlər verir, peşəkar həkimlərin təyinatlarını ləğv edir, ruhi xəstələrlə, ağıl zəifliyindən əziyyət çəkən uşaqlarla mənasını heç özlərinin də başa düşmədiyi məşğələlər keçir, aylarla, illərlə xəstələri mütəxəssisə müraciət etməkdə ləngidir, onlardan böyük məbləğdə pullar qopararaq kömək edəcəklərinə söz verirlər. Nəticədə insanlar həkimlərin yanına ağır vəziyyətdə gəlib çıxır və onlara heç bir kömək etmək, təəssüf ki, olmur. Bütün bu sadalananlar psixoloji yardım haqqında beynəlxalq normalara və təbabət elminin prinsiplərinə ziddir. Ruhi xəstələr üzərində aparılan hər bir manipulyasiya mütləq həkimlə razılaşdırılmalıdır.
 
Psixoloq həkim deyildir. Psixoloqun müalicə təyin etməyə, diaqnoz qoymağa ixtiyarı yoxdur. Ruhi xəstəliyə şübhəli olan insanların məhkəmə-psixiatrik ekspertizası işlərinə psixoloq qarışa bilməz. Psixoloq tibbi xarakterli məsləhət verməyə səlahiyyətli deyildir. Tez-rez başabəla psixoloqların yanından əllərində resept blankları olan insanlar çıxır, həmin blanklarda psixoloqlar tərəfindən yazılmış müxtəlif psixotrop dərmanlar görünür. Belə bir sual meydana çıxır: ictimai-humanitar mütəxəssis olan psixoloqlarda belə resept haradandır, bu resept blanklarına vurulan möhürlərin, ştampların, psixotrop dərmanların yazılması üçün lazım olan başqa vasitələrin psixoloqlar tərəfindən əldə edilməsi necə mümkün olub?! Kim onları, ictimai-humanitar mütəxəssisləri həkimlik fəaliyyətinin bu atributları ilə təchiz edir?
 
İxtisasları öz adları ilə çağırmağın vaxtı çoxdan çatmışdır: bu cür fəaliyyət hüquqşünaslıqda aşağıdakı kimi xarakterizə olunur: “qeyri-qanuni həkimlik fəaliyyəti-xüsusi tibbi təhsilə malik olmayan şəxsin həkimliklə məşğul olması cəzalandırılır...”
 
Qanunvericilik aktlarında bu cəza növləri açıq sadalanır. Bu insanların əməllərinin ictimai təhlükəliliyini, epotajlılığını, özlərini çox inamlı aparmalarını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, (bu, açıq-aydın görünür) onları çox nüfuzlu adamlar proteksiya edir, çirkin əməllərinin üstünü örtür və onlara zərərli fəaliyyətlərində yardım edirlər. Kütləvi informasiya vasitələri, reklamçılar, internet resurslarında, müxtəlif internet saytlarında o adamları həkim kimi təqdim edir, onların bu fəaliyyətini aramsız təbliğ edirlər. Televiziya kanallarında sistemli şəkildə fasiləsiz olaraq  psixoloqlar və psixologiya mərkəzləri reklam olunur. Reklam pis şey deyildir, lakin televiziya kimi və nəyi reklam edir? Bir nümunə göstərək. Televiziya verilişlərinin birində aparıcı psixologiya mərkəzlərindən birini təmsil edən eqzaltasiya olunmuş qadınlara doktor kimi müraciət edərək onları tamaşaçılara həkim kimi təqdim edir. Həmin psixoloqlar qeyd edirlər ki, onlar 12 yaşında uşağa erkən uşaq autizmi diaqnozu qoymuş və guya onu müalicə etmişlər. Sual olunur: bu adamlar kimi və nə üçün aldadırlar? Əvvəla, erkən uşaq autizmi diaqnozu 3 yaşa qədər qoyulur. İkincisi, həmin xəstəliyin müalicəsi yoxdur. Üçüncüsü, psixoloq diaqnoz qoymaq səlahiyyətinə malik deyil. Belə psixoloqların yanında Ostap Bender dincəlir!
 
Bütün dünya elmi, tibbi-bioloji elmləri erkən uşaq autizminin sirlərini açmaq üçün çalışır, baş sındırır, Bakıda isə psixoloqlar-yalançı həkimlər artıq bu xəstəliyin müalicəsini guya tapmışlar. Bu başabəla psixoloqlar kimi ələ salırlar? Nəyə görə telekompaniyaların reklam şöbələri reklam verən şəxslərin, müəssisələrin verdikləri reklamın onların fəaliyyətinə uyğunluğunu yoxlamırlar? Əgər sabah santexnik özünü mütəxəssis -onkoloq kimi qələmə verib televiziyaya gəlsə və xərçəng xəstəliyinin müalicəsini tapdığını bildirsə, belə çıxır ki, ondan pul alıb reklama buraxmaq olar? Bəs “Reklam haqqında” qanun necə olsun? Bu qanuna görə reklam şöbələri reklamın məzmununun reklam verən şəxsin statusuna nə dərəcədə uyğun gəlməsini bilməlidirlər.
 
Yəqin ki, reklam işçiləri bunun hamısını bilirlər. Lakin acgözlük bu adamları düzgün işləməyə qoymur və güclü maddi maraqlandırma şəraitində telekompaniya psixoloqu həkim-psixiatr kimi, aqronomu rus dili müəllimi kimi, taksi sürücüsünü uşaq bağçasında tərbiyəçi kimi reklam edə bilər. Bu adamları insanların sağlamlığı deyil, ancaq öz cibləri maraqlandırır.
 
Psixoloqların həkim kimi reklamında həkimlər üçün nəzərdə tutulmuş reklam saytları da böyük rol oynayır. Bu saytları açan hər bir şəxs həkim axtarışında ikən həkimlərin siyahısında belə bir sözlə rastlaşır: “psixoloqlar”. Bu sözü açarkən ağ həkim xalatı geymiş cavan qızlar həkimlərin cərgəsində öz reklam profillərini reklam etdirərək: panik atak, fobiyalar, obsessiv-kompulsiv sindrom, erkən uşaq autizmi, depressiya, gecə enurezi formulirovkaları ilə öz fəaliyyətlərini reklam edir və  insanları bu xəstəliklərdən qurtarmağa söz verirlər. Bütün adı çəkilən kateqoriyalar təbabətin-psixiatriyanın predmetləridir və bu psixoloq qızları qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olmağa vadar edən nədir? Ən əsası, bu saytları idarə edən şəxslər bilməlidirlər ki, psixoloqlar həkimlərin səhifəsində reklam oluna bilməz. Bu saytları işlədən bir nəfərlə söhbətim zamanı mənim “nəyə görə belə edirsiniz?” sualıma o, belə cavab verdi: “bu, biznesdir, mən pulumu qazanıram.”
 
Psixologiya mərkəzlərinin qarşısında olan saysız-hesabsız küçə reklamlarında eyni şeylər yazılmışdır: biz “müalicə” edirik: depressiya, fobiya, panik atak və s. Panik atak deyilən vəziyyət əslində həyəcan həmlələri psixiatriyanın ən çətin problemlərindən biridir. Bəs nəyə görə psixoloqlar öz əsas vəzifələrini-sağlam adamlara psixoloji yardım etmək işini qoyub bu cür cinayətkar əməllərlə məşğuldurlar?
 
Avropa ölkələrində həkimləri reklam edən saytlarda psixoloqların reklamı qadağandır. Psixoloqları reklam edən saytlarda yuxarı sol küncdə yazılır: psixoloq həkim deyil, ruhi vəziyyətinizi analiz etmək üçün həkimə müraciət edin.
 
İnstaqram, facebook “doktor-psixoloq” səhifələri ilə doludur. Bu səhifələri açan hər bir adam doktor sözünü görərək psixoloqu səhvən həkim kimi qəbul edir. Təəssüf ki, insanların böyük bir hissəsi başa düşmür ki, psixoloq tarixçi və ya sosioloq kimi humanitar sahənin mütəxəssisidir, onun tibb problemlərinə heç bir aidiyyəti yoxdur. Psixologiya sağlam psixikanın qanuna uyğunluqlarını öyrənir.
 
Psixoloq insanla işləməyə başlamamışdan əvvəl onun əlində insanın sağlamlığı haqqında mütəxəssis-həkim tərəfindən verilmiş ya arayış, ya da video-yazı olmalıdır. Bütün bu tələblər beynəlxalq normativlər tərəfindən diktə olunur. Azərbaycan şəhərlərinin zirzəmilərində, biznes mərkəzlərində bahalı otaqlar tutmuş psixoloqların fəaliyyəti heç kim tərəfindən yoxlanılmır. Həkimlərdən fərqli olaraq, bu adamlar heç kimin qarşısında məsuliyyət daşımırlar, heç bir psixoloji sessiyanın nəticəlilik kriteriyası yoxdur, bağlı qapı arxasında psixoloqların kliyentlərlə, xüsusən də uşaqlarla hansı psixoloji manipulyasiyalar keçirdikləri və bu manipulyasiyalardan sonra insanların psixi vəziyyətinin necə ağırlaşdığı barədə çox az adamların məlumatı vardır.                                                 
 
Diqqət:
 
- Psixoloq-həkim deyildir, psixoloqlar yalnız həkimlərin rəsmi icazəsi olduqda fəaliyyət göstərə bilərlər.
 
- Həkim-psixiatr-həkimdir, təbabəti təmsil edir, insanların bütün problemləri ilə məşğul ola bilir, diaqnoz qoyur, tibbi məsləhət verir, müalicələrin bütün növlərini təyin etmək hüququ vardır, tibbi-psixiatrik ekspertiza işi parır.
 
- Psixoterapevt-psixoterapiya üzrə xüsusi hazırlıq keçmiş həkim-psixiatrdır. Psixoterapiyanı yalnız həkimlər aparır.
 
Həkim-psixiatr Abdulla Şıxlinski / contact.az
 

Google+ WhatsApp ok.ru