Pullu imtahanlar nələrə gətirib çıxaracaq...

Pullu imtahanlar nələrə gətirib çıxaracaq...

"Novoye Vremya" qəzetində "Pullu imtahanlar nələrə gətirib çıxaracaq..." sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif xatırladır ki, qəbul imtahanına girişlərin pullu olacağı barədə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə hələ yay aylarında açıqlama verib.
 
Yazıda qeyd edilir ki, indi valideynlər və şagirdlər bunun neçəyə başa gələcəyi haqda düşünürlər.
 
Müəllifə görə, əslində buraxılış imtahanları pulsuz olduğundan qəbul imtahanları da pulsuz olmalıdır. "İndi, hələlik, cüzi ödəniş nəzərdə tutulur. Bunu indiyə qədər dövlət ödəyirdi. İndi dövlət bunu edə bilmir".
 
Yazıda bildirilir ki, imtahanların qiymətləri haqda qərarı Tarif Şurası verəcək. İmtahan Mərkəzi publik hüquqi şəxs olduqdan sonra artıq dövlət bu sahəni maliyyələşdirmək fikrində deyil: "İndi isə bu, dövlətin sosial öhdəliyi yerinə yetirməməsi deməkdir. Öz xərclərinin bir hissəsini vətəndaşın öhdəsinə buraxmasıdır".
 
Yazıda vurğulanır ki, əhalinin vəziyyəti isə heç də qibtə ediləsi deyil. Qiymətlər yüksəlir, əməkhaqqıları və pensiyalar buna münasibətdə artırılmır. Üstəlik, işsizlər də çoxalır.
 
Müəllif yazır ki, orta məktəblərdə indiki pulsuz təhsilin səviyyəsi aşağıdır. Əlavə pul verib repetitorlar tutmasan, qəbul olunmaq çox çətindir. Bu isə artıq orta məktəblərin də pullu olduğu anlamına gəlir: "Beləliklə, aztəminatlı ailələrin uşaqları təhsilin keyfiyyətsizliyi və maddi imkansızlıq üzündən qabiliyyətlərini reallaşdıra bilməyəcəklər". /

Google+ WhatsApp ok.ru