Puç olan ümidlər...

Puç olan ümidlər...

Azadliq.info saytında "Hökumət gözləntiləri necə doğrultdu?" sərlövhəli məqalə oxumaq olar.
 
Bu yazının müəllifinə görə isə, Azərbaycan hökuməti islahat adı altında imitasiya ilə məşğuldur.
 
Yazıda deyilir ki, 2017-ci ilin iki ayı arxada qalıb, ölkədə durum daha da pisləşib: "Hər ötən gün göstərir ki, hökumət ənənəsinə sadiqdir və tövbə etmək haqqında düşünmür. Saysız-hesabsız fərman və sərəncamlar, gurultulu vədlər əks effekt verdi. Əlbəttə, sağlam düşüncə qabiliyyəti olan adamlar ilk gündən başa düşürdü ki, hökumət "islahat" sözünə nifrət edir və imitasiyanı gücləndirəcək".
 
Müəllif qeyd edir ki, hökumətdən bütün gözləntilərin bitdiyi anda yeni birinci vitse-prezident təyinatı ölkənin gündəminə oturdu.
 
Müəllif vurğulayır ki, normal düşüncə sahibləri bu təyinata baxmayaraq, idarəetmədə heç nəyin müsbətə doğru dəyişməyəcəyini güman edirlər.
 
Yazıda qeyd edilir ki, bu təyinatdan sonra ölkədə repressiyalar yenidən sürət götürüb. Ən son olaraq tanınmış bloqqer Mehman Hüseynov 2 il azadlıqdan məhrum edilib.
 
Müəllifə görə, bu həbslər göstərir ki, hökuməti xalqın ağır durumu, dövlətin imicinin ləkələnməsi və böhranın qol-qanad açması maraqlandırmır: "Ən dəhşətlisi isə budur ki, şəxsi maraqların təmin olunması üçün insan həyatını rahatlıqla qurban verə bilirlər. Kiminsə günahsız yerə həbs olunması, kiminsə işgəncəyə məruz qalması, kiminsə həyatını itirməsi önəm daşımır. Əsas odur ki, klan öz planını həyata keçirə bilsin".
 
Müəllif hesab edir ki, bundan sonra ölkədə vəziyyət daha da pisləşəcək: "Yenə də çarə xalqın birliyinə, xalqın öz varlığını göstərməsinə qalır. Xəstə ölkənin həkimi yalnız xalq özü ola bilər...". /

Google+ WhatsApp ok.ru