Putin əvvəl qadağan edilən raketlərin hazırlanacağını deyir

Putin əvvəl qadağan edilən raketlərin hazırlanacağını deyir

Prezident Vladimir Putin deyir ki, Rusiya ötən ayadək, uyğun saziş qüvvədəykən qadağan olunmuş raketləri istehsal edəcək, ancaq yalnız Birləşmiş Ştatlar onları yerləşdirərsə, Moskva da oxşar addım atacaq.
 
“Biz birbaşa dedik ki, amerikalılar belə bir raketı sınaqdan keçirməyincə onu yerləşdirməyəcəyik”, – Putin sentyabrın 5-də ölkənin şərqindəki Vladivostok şəhərində iqtisadi konfransda deyib.
 
“Əlbəttə, biz belə raketləri hazırlayacağıq, ancaq ABŞ istehsalı olan yer tipli raket sistemləri peyda olmayınca onları regionlara yerləşdirməyəcəyik”, – o əlavə edib.
 
Birləşmiş Ştatlar Rusiyanı Ortamənzilli Raket Qüvvələri sazişini pozmaqda suçlayaraq avqustun 2-də sənəddən rəsmən çıxıb. Bu saziş 500- 5 min 500 km məsafəni əhatələyən qanadlı və ballistik raketləri qadağan edirdi.
 
Soyuq müharibə dövründə imzalanmış bu sazişin iflası yeni silahlanma yarışının güclənəcəyi sarıdan narahatlığı artırıb.
 
Vaşinqton avqustun 18-də raket sınaqdan keçirdiyini, Müdafiə Departamentinin “gələcək ortamənzilli qabiliyyətinin inkişafı”ndan ötrü bu sınaqdan informasiya toplayacağını
bildirib.
 
Putin Vladivostokda deyib ki, Vaşinqtonun Yaponiya və Cənubi Koreyaya raket yerləşdirməklə bağlı dediklərindən narahatdır, çünki bu ərazilər Rusiyanın vurula biləcəyi məsafədə yerləşir. /azadliq.org
 

 

Google+ WhatsApp ok.ru