Putin dünyanı maraqlandıran suallara cavab verdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin dünən canlı efirdə ölkə başçısı olaraq 13-cü dəfə mətbuat konfransı keçirib. 4 saatlıq mətbuat konfransı zamanı o, ölkə və qlobal gündəmdəki ən aktual məsələlərə münasibət bildirib, vətəndaşların, yerli və əcnəbi jurnalistlərin suallarını cavablandırıb.
 
Ölkədəki iqtisadi-sosial duruma, sanksiyalar və onların nəticələrinin aradan qaldırılması mümkünlüyünə toxunan Kreml başçısı vəziyyətin çətin olduğunu etiraf edib. Rusiya iqtisadiyyatının dirçəlməsi üçün ən azı iki il tələb oluna biləcəyini qeyd edib: “Rublun möhkəmlənməsi, bazarın artması, eləcə də digər məqamlara baxanda düşünürəm ki, bu, bəlkə də tez ola bilər. Təxminən 2 il”.
 
Kreml rəhbəri bu xüsusda Rusiyanın sanksiyalardan öz inkişafı üçün istifadə etməli olduğunu xüsusi vurğulayıb: “Bu sanksiyalara nə qədər dözməli olacağımıza gəldikdə isə, mən tamam başqa cür deyərdim: nəinki dözməliyik, bu vəziyyətdən istifadə etməli, yeni bazarlara çıxmalıyıq”. Prezident daha sonra xalqa ürək verməkdə davam edərək deyib: “Rusiya, hər halda, İran deyil, ona görə ki, bizim iqtisadiyyatımız daha böyükdür və daha çox diversifikasiya olunub”.
 
Moskvanın Qərblə münasibətlərinin normallaşdırılması ilə bağlı səslənən suala cavabında Putin bu əməkdaşlıqda ölkəsinin maraqlı olduğunu bildirsə də, yaranmış böhranlı vəziyyətə görə ənənəvi olaraq ABŞ-ı ittiham edib: “Qərblə deqradasiyaya uğramış münasibətləri Rusiya korlamayıb. Qərb, ABŞ-la münasibətlərin qaydaya salınmasının əsas şərti Rusiya və onun maraqlarına hörmət etməkdir. Ötən bağlantıda da demişdim ki, bəzi super dövlətlər özlərini dünyanın yeganə mərkəzi hesab edirlər. Onlara vassal lazımdır, müttəfiq yox. Mən ABŞ-ı nəzərdə tuturam. Rusiya isə bu münasibətlər sistemində nəinki dəstək verə, hətta mövcud ola bilməz. Biz hər zaman münasibətlərə açığıq. Fakt odur ki, 90-cı illərdə biz tam açıldıq və qarşı tərəfdən də eyni münasibəti gözləyirdik. Yadınızdadırsa, Boris Yeltsin Yuqoslaviya ilə bağlı mövqeyini açıqlayanda, təzyiqlərlə üzləşdi. Bu o demək deyil ki, biz təcrid olunmaq istəyirik, biz əməkdaşlıq etmək istəyirik, hazırıq və əməkdaşlıq edəcəyik”.
 
Putin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların effektsiz olduğunu da söyləyib.
Avrasiya layihələrinə toxunan Rusiya prezidenti yalnız xoş məram güddüklərini iddia edib (“Trend”): “Biz Avrasiya İqtisadi İttifaqı çərçivəsində qonşu Qazaxıstan və Belarusla əlaqələri inkişaf etdiririk. Bu birliklərin məqsədi ondan ibarətdir ki, bu ölkələrdə yaşayan insanlar daha yaxşı yaşasınlar. Artıq Ermənistan və Qırğızıstanla bu cür əlaqələrimiz qurulur. Bizim imperiya yaratmaq məqsədimiz yoxdur. Bu, normal və təbii inteqrasiya prosesidir. Bütün dünya inteqrasiya yolu ilə gedir”.
 
Canlı efirdə prezident daha xoşagəlməz suallarla üzləşib. Məsələn, rusiyalı siyasətçi İrina Xakamada ona müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı sual ünvanlayıb. Putin bildirib ki, Nemtsovun qatilləri qətldən bir neçə saat sonra bəlli olub. O, Nemtsovla aralarında olan münasibətdən də söz açıb: “Biz onunla dostluq etmişik. O, mənə, hakimiyyətə qarşı qatı müxalifətçi olub. Ancaq buna baxmayaraq, bizim dostluq əlaqələrimiz olub. Onun ölümü faciəlidir və biabırçı bir hadisədir. Qətldən bir-iki gün sonra qətlin sifarişçiləri də müstəntiqlərə məlum idi və onların həbs edilməsi üçün işlər aparılırdı. Bu əməyə görə onlara minnətdarlığımı bildirirəm. Onlar operativ olaraq bir neçə kanal vasitəsilə qətl haqda bütün detalları öyrəndilər”. 
 
Putin həmçinin ölkə və beynəlxalq gündəmdəki başqa aktual mövzularda səslənmiş suallara aydınlıq gətirib. Maraqlıdır ki, o, aprelin 24-də İrəvana səfər edib-etməyəcəyi haqda heç nə deməyib.

Google+ WhatsApp ok.ru