Putinin Azərbaycana qarşı qorxulu “B planı”– təhlil

Kremlin ölkəmizi xoşluqla Avrasiya Birliyinə qoşmaq səyləri alınmır

Putinin Azərbaycanı Avrasiya Birliyinə (AB) cəlb etmək üçün israrlı səyləri davam edir. Rusiyanın bu yöndə cəhdlərinə ara verəcəyini düşünmək sadəlövhlük olardı. Çünki AB Kreml başçısı üçün olduqca mühüm, onun siyasi taleyini həll edəcək bir projedir, xüsusən də Ukrayna olaylarından dolayı güclənməkdə olan Qərb-Rusiya soyuq savaşı fonunda Rusiyanın dünyada özünütəsdiq məsələsidir.
 
Bu qarşıdurma ATƏT-in Bakı toplantısında özünü çılpaqlığı ilə göstərdi. Bəlli oldu ki, postsovet məkanında həyati maraqlar uğrunda iki güc mərkəzi arasında amansız rəqabətin yaxın perspektivdə səngiyəcəyini gözləməyə dəyməz. Bu rəqabətdə isə “bloklara qoşulmayan”, neytral  Azərbaycana Moskva məxsusi önəm verir. Bir neçə dəfə yazdığımız kimi, hətta Azərbaycan üçün ən ağrılı problem olan Qarabağ məsələsində Moskvanın Bakı ilə bazarlığa hazır olması barədə informasiya xarakterli, erməni tərəfini də bərk narahat edən xəbərlər yayılıb.
 
Rusiya Azərbaycanı Avrasiya tələsinə salmaq üçün bütün resurslarını işə salmış kimi görünür. Ermənistanın Avrasiya İttifaqının qapısı ağzında saxlanılması da bilavasitə Azərbaycanla bağlıdır. Məsələ ondadır ki, AB-yə qoşulmamaq üçün Azərbaycanın əlində ənənəvi arqument təcavüzkar Ermənistanla eyni ittifaqda təmsil olunmağın mümkünsüzlüyüdür. Bunu Moskvada gözəl anlayırlar. O üzdən Ermənistanın quruma üzvlüyünü ertələmək istəyirlər. 
 
Yəni Rusiya Ermənistanın yeni AB-yə qəbulunu gecikdirməklə Azərbaycan üçün daha məqbul və komfort şərait yaratmağa, Bakının əlindəki kontur arqumentləri kəsərsizləşdirəcəyinə ümid edir. Ermənistan onsuz da Kremlin ovcundadır. Azərbaycan isə Ukraynadan sonra faktiki surətdə Avrasiya İttifaqının, demək, həm də Güney Qafqazın taleyini həll edə biləcək, Rusiyanın regionda qalıb-qalmayacağını müəyyənləşdirəcək strateji ölkədir. Ona görə də Moskva Azərbaycana ən müxtəlif vasitələrlə, maksimim təsir göstərməyə çalışır. Bu təsirlər yüzdə yüz artacaq. 
Bu xüsusda son vaxtlar Rusiya yazılı və elektron KİV-lərində Azərbaycanla, Dağlıq Qarabağla bağlı pozitiv materialların artması da təsadüfi sayıla bilməz. Kremlə yaxın ekspertlərin dilindən ölkəmizə ünvanlı neqativ, hədələyici fikirlər da daha gözə dəymir. Heç şübhəsiz, bu tip gəlişmə də bilavasitə Kremlin, Putinin iradəsinə bağlıdır və Bakının qərar verməsi üçün məqbul siyasi atmosferi gücləndirməyə hesablanıb. Çünki avtoritar ölkə olan Rusiyada mətbuat hakimiyyətin nəzarətindədir və sonuncunun rüsxəti olmadan Azərbaycana yönəlik belə təbliğati reveranslar istisnadır. Ukrayna barədə Rusiya KİV-lərinin aylardır apardığı qarayaxma kampaniyası buna əyani sübutdur.  
 
Lakin belə görünür, Kremlin Azərbaycana dair “A planı” yerimir. Hər halda, bizə çatan kifayət qədər mötəbər bilgilərə inansaq, rəsmi Bakını Moskvanın “3 rayon əvəzinə Avrasiya İttifaqı” kimi şirnikləndirici, “tələdə pendir” effektli təklif qane etməyib. Son məlumatlara görə, bu mövqe ötən ay ölkəmizə bir-birinin ardınca səfər etmiş yüksək çinli rus emissarları (Roqozin, Lavrov) vasitəsilə Putinin nəzərinə artıq çatdırılıb. Elə Bakının Moskva tərəfindən yerinə yetirilməsi mümkünsüz olan  əsas şərt-tələbi də: “Dağlıq Qarabağı qaytarın, ittifaqda bir yerdə olaq”.      
 
Qalır “B planı” - hədə, şantaj yolu. Çox böyük ehtimalla, Azərbaycan iqtidarı həm də bu və başqa təhlükələri ciddiyə alaraq ATƏT-in Bakı toplantısında Ukraynaya dair sərt anti-Rusiya qətnaməsinə səs verməkdən yayınıb. Yeri gəlmişkən, bu mövqe barədə Azərbaycanın iqtidar mediası, o sırada telekanallar bir kəlmə belə demədi, yazmadı. Rusiyanı izafi qıcıqlandırmamaq üçün fakt maksimum şəkildə ört-basdır edildi.   
Ancaq bütün hallarda ortada Moskva əleyhinə olduqca sərt ritorikalı Bakı Bəyannaməsi var. Bu sənəd “B planı”ndan ötrü Kreml üçün ilkin istinad müstəvisi və ya bəhanə platforması rolu oynaya bilər. Doğrudur, hələ ki, Putinin qorxulu planı işə saldığının əlamətləri müşahidə edilmir. Ancaq qarşımızda Rusiyadır. Bəlkə də onun Azərbaycanı tələyə salmaq üçün hələ C planı da var...

Google+ WhatsApp ok.ru