Putinlə Tramp nədə razılığa gələ bilmədilər?

Putinlə Tramp nədə razılığa gələ bilmədilər?

Bu günlərdə Rusiya mətbuatı ölkə prezidenti Vladimir Putin-lə amerikalı həmkarı Donald Trump-ın Böyük 20-lərin (G20) Hamburq sammiti çərçivəsində görüşünün uğurlu olmasından yazıb. Ancaq məsələn, prezident Trump Rusiya ilə birlikdə kibertəhlükəsizlik qrupunun yaradılmasını qeyri-mümkün hesab etdiyini deyib. Bəs bu görüşdə hansısa məsələlərdə real razılığa gəlinibmi?
 
Politoloq Grigory Trofimchuk deyir ki, Hamburq sammitində məqsəd yığılmış ziddiyyətləri aradan qaldırmaq olub. Onun sözlərinə görə, ümumiyyətlə G-20 sammiti tərəflər arasındakı, əsasən, iqtisadi ziddiyyətlərin aradan qaldırılması üçün yaradılıb.
 
“BİR ÇOX MƏSƏLƏLƏR ÜZƏ ÇIXDI”
Siyasətçi Konstantin Borovoy diqqəti Amerikanın demokratik mətbuatının Trump-la mübarizəsinə yönəldib. "Mən təəccübləndim ki, necə olub ki, təbliğatçılarımız, sadəcə, bu məqalələri olduğu kimi köçürmürlər", – o deyir.
 
"Amerikanın Səsi" radiosunun Hamburq sammitində iştirak etmiş müxbiri Danila Galperovich deyir ki, bu sammitdə bir tarixi hadisə baş verib, o da Yaponiya ilə Avropa Birliyi arasında tarixi sövdələşmənin baş tutmasıdır.
 
"Trump Sakit okean hövzəsi iqtisadi tərəfdaşlıq təşkilatından çıxmaq, Avropa İttifaqı ilə ticarətin çətinlikləri, dünya ticarətinin ədalətsizliyi kimi məsələlərdən danışdığı zamanda Yaponiyanın baş naziri Avropa Birliyi ilə tamamilə yeni perspektivlər açan razılaşma imzalayır. Biz Yaponiyanın iqtisadi və ümumi texniki potensialı haqqında çox şey bilirik. Avropa Birliyinin də bu mənada nə qədər inkişaf etdiyi barədə təsəvvürümüz var. Bu mənada bu, tarixi hadisədir. ...Trump-la Putinin görüşünə gəlincə, əksər müşahidəçilər üçün bu görüş sammitin əsas hadisəsi idi. Bir çoxları öz təhlillərini məhz bu görüşə həsr etmişdilər. Ancaq həm də bu görüş zamanı bir çox məsələlər üzə çıxdı", – Galperovich deyir.
 
Donald Trump Böyük 20-lərin sammitindən az öncə Varşavada çıxışında ABŞ-ın NATO-nun birgə müdafiə paktına sadiq qaldığını vurğulayıb. O həm də Rusiyanın Avropada və Yaxın Şərqdə "sabitliyi pozan" hərəkətlərindən danışıb.
 
“PUTİN-İN KURATORLARI İLƏ GÖRÜŞÜ”
Rusiyaya qarşı kəskin ifadələrlə yadda qalmış Varşava çıxışından sonra Trumpın Putinlə dostyana görüşü, indi isə dövlət katibi Rex Tillersonun Kiyevə səfəri fonunda yenidən geriyə addım atması onun baxışları barədə hər hansı proqnoz verməyi çətinləşdirir.
 
Di gəl, tarixçi Yury Felshtinsky Trumpın davranışında heç bir ziddiyyət görmür. Onun sözlərinə görə, sözügedən görüş ABŞ tarixində ən təəssüf doğuran görüşdür. Belə ki, bu görüşə, sadəcə, iki prezident, iki xarici işlər naziri və iki tərcüməçi qatılıb. ABŞ-ın milli təhlükəsizlik və Rusiya üzrə müşavirləri isə iştirak etməyiblər. Felshtinsky iddia edir ki, Putin-in nöqteyi-nəzərindən həm Trump, həm də Tillerson onun agentləridir. O bu görüşü "Putin-in kuratorları ilə görüşü" adlandırır.
 
"Müasir dövrdə Putin haqqında pis danışmayan adam tapmaq çətindir", – deyən tarixçi Trump-ın ABŞ prezidenti postunu tutaraq Putin haqqında pis bir söz deməməsini qeyri-adi hadisə hesab edir.
 
“TRUMP ÖZÜNÜ RİSKƏ ATIR”
Yury Felshtinsky diqqəti Trumpın Rusiya ilə maliyyə sövdələşməsində son dərəcə maraqlı olmasına və keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-i müdafiə etməkdən ötrü dəridən-qabıqdan çıxmasına yönəldir. Onun sözlərinə görə, Flynn müəyyən mətləblərin üstünü açarsa, Trump prezident kürsüsü ilə vidalaşmalı olacaq.
 
"Trump-ın milli təhlükəsizlik müşaviri Flynn Rusiyadan böyük məbləğdə pul alıb və Rusiyanın agenti idi. Trump-ın Flynn-i xilas etməyə çalışmasının formatı isə tamamilə heyrətamizdir. Çünki ...Trump məhz Flynn məsələsində davranışı ilə özünü riskə atır", - tarixçi deyir.
 
Felshtinsky-nin sözlərinə görə, Trump-ın Rusiyaya xidmət etməsinin əsas sübutu onun sözləri və əməlləridir. O qeyd edir ki, Trump-ın Varşavadakı çıxışını sərt adlandıranlar var, ancaq bu çıxış heç də sərt deyildi. Belə ki, o, Rusiyanın sabitliyi pozmasından danışıb.
 
"Halbuki, Ukrayna ərazilərinin işğalı və Ukraynada hərbi əməliyyatlar sabitliyin pozulması deyil, müharibədir. 2008-ci ildə Gürcüstanla baş verən də müharibədir. Odur ki, Trump-ın Varşavada deməli olduğu, azacıq sərt görünən bir cüt söz ... hələ onun mövqeyinin dəyişməsi demək deyil", – o deyir. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru