Qəzza zolağının tarixi və mübarizəsi (Araşdırma)

Adı təşkil olunduğu şəhərlərdən ən böyüyü olan Qəzza şəhərindən götürülüb. Sərhədi Aralıq dənizi ilə 40 km, Misirlə isə 11 km-dir. Misirlə “Rəfah” keçid məntəqəsi blokadada saxlanılan Qəzza zolağının əhalisi üçün xarici aləmə yeganə çıxış qapısıdır.

Uzunluğu 41 km, eni isə 6-12 km arasında dəyişir. Qəzza zolağının  360 km² ərazisində 1 milyon 500 min fələstinli yaşayır. Əhalinin əksəriyyətini İsrailin Fələstinin 1948-ci ildə işğal etdiyi ərazilərdən çıxarılan fələstinlilər təşkil edir. Əhalinin 99 faizi müsəlman, 1 faizi isə xristiandır.

Ümumilikdə Qəzza zolağı 4 şəhəri; Qəzza, Deyr əl-Bəlah, Xan Yunus və Rəfah şəhərlərini əhatə edir.

1970-ci ildən sonra Qəzza zolağında İsrail rejimi 25 ev tikmiş, lakin 2005-ci ilin avqustunda dağıdılmışdır.

Qəzza 635-ci ildə Əbu Bəkrin xilafəti dövründə İslam ordusu tərəfindən Bizans imperiyası ilə gedən döyüşlər zamanı fəth edilib. VII-IX əsrlərdə tarixi barədə tarixi mənbələrdə məlumatlar azdır. Həmin zamanlarda əsasən Suriya və Fələstində yaşayan ərəb qəbilələri arasında qarşıdurmalara səhnə olub. 

1149-cu ildə Qüds Krallığının kralı III Baldvin tərəfindən işğal edilir. Qüds Krallığı 1099-1291-ci illərdə mövcud olmuş səlibçilərin əsas dövlətidir.

Səlahəddin Əyyubi 1187-ci il, oktyabrın 2-də Qüdsü və Qəzza zolağını səlibçilərdən azad edərək, 88 il sürmüş xristian ağalığına son qoyur. 

1258-ci ildə Bağdadı işğal edərək Abbasilərin hakimiyyətinə son qoyan monqollar Qəzzanı da işğal edirlər. İki il sonra 1260-cı ildə Məmlük dövləti tərəfindən azad edilərək yenidən müsəlmanların əlinə keçir.


1517-ci ildə Osmanlı imperiyasının sultanı Yavuz Sultan Səlim Məmluklərə qələbə çalaraq, Qəzzanı imperiya ərazilərinə birləşdirir. 


400 yüz il Osmanlının tərkibində qalan Qəzza, 1-ci Dünya müharibəsi zamanı Osmanlılarla İngilislər arasında gedən 3 böyük döyüşə səhnə olub. Bu döyüşlərin ikisini Osmanlı, sonuncusunu ingilislər qazanıb. 1917-ci ildə Qəzza ingilislərin nəzarətinə keçdi.


Balfour Deklarasiyası
Osmanlı İmperiyasının zəifləməsi ilə sürətlənərək daha da ciddiləşmiş və Britaniya İmperiyasına xidmət etmələri müqabilində sionistlərə Fələstin ərazisində “öz yurdlarını” yaratmağa söz verən Britaniya Balfour Deklarasiyası ilə daha da inkişaf etməyə başlamışdır. Bu deklarasiya James Lord Balfourun Lord Rothschildə 2 noyabr 1917-ci il tarixində yazdığı məktubda öz əksini tapır. Deklarasiyada deyilir ki, “Hökumət Fələstində yəhudilər üçün milli yurdun salınmasına lütfkarlıqla baxır və bu məqsədə nail olmaq üçün mümkün olan hər şeyi edəcəkdir.  

Lord Balfour bu deklarasiyanın surətini Lord Rothschildə göndərərək ondan xahiş edir ki, deklarasiyanın mətnini sionist Federasiyasının diqqətinə çatdırsın.

Bu məşhur deklarasiya indi tamamilə yaddan çıxan qeyri-mümkün şərtləri nəzərdə tuturdu, belə ki, yəhudilərin yerləşəcəyi ərazi Fələstində ərəblərin çoxluq təşkil etdiyi ərazilərin hesabına olmamalı idi. 2-ci Dünya müharibəsindən sonra BMT ilə səlahiyyət verilənə qədər sionist dövləti faktiki olaraq mövcud deyildi. Bu dövlətin Fələstin ərəblərinə qarşı irqçi siyasəti və insan hüquqlarını pozması ilə xarakterizə olunan sonrakı əməlləri, həmçinin Fələstin kəndlərinin buldozerlə dağıdılması, İsrailin mandatlığında olan ərazilərdən kənar ərazilərin zorla işğal edilməsi, beynəlxalq hüquqa zidd olaraq zəbt edilmiş ərazilərdə öz əhalisinin yerləşdirilməsi BMT tərəfindən dəfələrlə tənqid edilmişdir. İsrail qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrin heç biri yerinə yetirilməmişdir. 

Balfour Deklarasiyası 1918-ci ildə Fransa, İtaliya, daha sonra isə ABŞ tərəfindən dəstəklənmişdir. Deklarasiya Yaxın Şərqdə İsrail dövlətinin qurulması müddətinin ən əhəmiyyətli  hissəsi hesab edilir.

İngilislərin mandatı altında olan Fələstinə sionist planı əsasında yüz minlərlə yəhudi köçürülməyə başladı. Artıq 1922-ci ildə Fələstində 750 min əhalinin 11 faizi, yəni 82500 nəfəri yəhudilər idi. 15 il ərzində isə daha 300 min yəhudi Fələstin torpaqlarına köçürüldü.

1929-cu ildə qanlı döyüşlər başladı. İlk ağır döyüşdə 133 yəhudi, 110 fələstinli öldü.

Yəhudilərin məqsədli şəkildə köçürülməsindən sonra, yəhudi-ərəb qarşıdurmasını da planın tərkibi olaraq yarada bilən İngiltərə, sionist-ərəb problemini həll etmək üçün Fələstin torpaqlarını 1947-ci ildə BMT-yə təhvil verdi.

1947-ci il noyabr ayınin 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxartdı. BMT Baş Məclisində yəhudilərin Avropada kütləvi qırğınlara məruz qalması bəhanəsilə Fələstində onlar üçün bir dövlət qurulması ideyası gündəmə çıxarıldı və 33 səs lehinə, 13 səs əleyhinə, 10 ölkə bitərəf qalmaqla qərar qəbul olundu.

Qərara əsasən Fələstinin 54%-i yəhudi, 45%-i isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan 1% ərazi isə beynəlxalq ərazi оlmalı idi.

Bu qərarı Ali Ərəb Komitəsi rədd etdi, yəhudi təmsilçilər isə əksinə qəbul etdi. Beləliklə, sionistlər 1948-ci il, may ayının 14-ü axşamı müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Fələstinlilər 15 mayı “ən-Nəkbə” (Böyük Fəlakət) günü kimi qeyd edirlər.

1948-ci ildə işğalçı sionistlər Qərb ölkələrinin dəstəyi ilə 800 min fələstinlini 530 şəhər və qəsəbədən və 662 kənddən çıxararaq, məcburi şəkildə onları köç etməyə vadar etdi. Bu gün torpaqlarından çıxardılan fələstinlilərin sayı 5 milyon 900 min nəfərə çatıb.

5 iyun 1965-ci ildə ikinci ərəb-İsrail müharibəsi başladı. İsrail ordusu Qərbin tam dəstəyi ilə 6 gün ərzində Misir, İordaniya və Suriya ordusunu məğlub edərək Misirin Sinay yarımadasını, Suriyanın Qolan təpələrini və İordaniyanın tərkibindəki Fələstin torpaqları - Qüdsün ərəblərə aid hissəsini, o cümlədən Qəzza və Qərbi Şəriəni (İordan çayının qərb sahilini) işğal etdi. BMT Təhlükəsizlik Şurası işğala son vermək üçün 242 saylı qətnamə qəbul etsə də, İsrail bu qətnaməyə məhəl qoymadı.


İlk Fələstin intifadası
İlk Fələstin intifadası 1987-ci ildə Qəzzada başladı.  Bu işdə ən böyük töhfəsini verən İslam Müqavimət Hərəkatı –HƏMAS оldu. Birinci intifadada kütləvi olaraq fələstinlilər İsrail dövlətinə qarşı qalxdı. Müqavimət Jabalia qaçqın düşərgəsində başlandı və qısa müddətdə Qəzza, Qərb Sahili və Şərqi Qüdsün hər yerinə yayıldı. Fələstinlilər mitinqlərlə şiddətli müqavimət göstərirdi. Ümumi amaldan əlavə, İsrail məhsullarına baykot, plakatlar və barrikadalar, İsrail qüvvələrinə daş atmalar beynəlxalq aləmi sirkələdi. İsrail ordusunun mitinqlərə sərt müqaviməti, döyülmələr, şiddət və kütləvi həbslər, beynəlxalq qınağa səbəb oldu. 1991-ci ildə zəifləyən müqavimət, 1993-cü il avqust ayında Norveçdə Fələstin muxtariyyətinin qəbul etdiyi Oslo razılaşmasının imzalanması ilə sona çatdı. Müqavilə iki tərəf arasında yekun razılığın əldə olunmasını nəzərdə tuturdu.  
BMT-nin Fələstin torpaqlarının təxliyəsi ilə bağlı verdiyi 181, 194, 242, 338 nömrəli qərarlarına baxmayaraq, İsrail rejimi işğal edilmiş əraziləri genişləndirməyə və yeni yaşayış massivləri inşa etməyə davam edir.  


İkinci Fələstin intifadası və ya Əl-Əqsa intifadası
Oslo müharibəsi kimi də tanınan ikinci müqavimət  2000-ci ilin iyun ayında başladı. Ariel Şaronun 1000 əsgərlə Məscidi-Əqsaya girməsi böyük etirazlara səbəb oldu. İsrailin itkiləri 1000, fələstinlilərin itkiləri isə 3000 nəfər oldu. 64 əcnəbi də bu intifadada həyatını itirdi.       İkinci intifada 2005-ci ilin fevral ayında, Misirin Şarm əl-Şeyx kəndində Mahmud Abbas və Ariel Şaron arasındakı atəşkəs razılaşması ilə "rəsmi olaraq" sona çatdı. Ariel Şaron fələstinlilərə qarşı İsrail rejiminin hər cür hərbi əməliyyatlara son verəcəklərini və müstəqil Fələstin dövlətinin qurulmasına başlanılacağını açıqladı. Lakin bu məsələlər sözdə olaraq da qaldı.  

22 günlük Qəzza müharibəsi 
27 dekabr 2008 - 18 yanvar 2009 tarixləri arasında İsrail rejimi Qəzza zolağını havadan, dənizdən və qurudan mühasirəyə aldı. 22 gün davam edən hücumlar nəticəsində 1417 fələstinli öldürüldü. Onların 926-sı mülki vətəndaş idi. Öldürülənlərin 313-ü uşaq, 116-sı qadın idi. 18 yanvarda İsrail tək tərəfli olaraq atəşkəs elan etdi. İsrail tərəfi 14 əsgərinin öldüyünü, 168 əsgərinin də yaralandığını bildirsə də, HƏMAS müqavimət hərəkatı 49 İsrail əsgərini öldürdüklərini və 411 nəfəri də yaraladıqlarını açıqladı.  

Qeyd edək ki, İsrail rejiminin hədəfində HƏMAS hökumətini devirmək və müqaviməti tamamilə məhv etmək, həmçinin Qəzza zolağından raket atılmasını qarşısını almaq olsa da, bunların heç birinə nail ola bilmədi.  


8  günlük Qəzza müharibəsi
2012-ci il 14 noyabr tarixində İsrail rejimi növbəti dəfə Qəzza zolağına hücum etdi. 42-si uşaq, 18-i yaşlı, 23-ü qadın, 2-si jurnalist olmaqla, 171 nəfər  fələstinli öldürüldü. İsrail tərəfi 8 itki verib. İsrailin hücumu 14 noyabr HƏMAS müqavimət hərəkatının hərbi qolu “İzzədddin əl-Qəssam” briqadasının  komandiri Əhməd Əl-Cəbərinin sui-qəsd nəticəsində şəhid edilməsi ilə başlamışdı. Bu müharibə zamanı da İsrail öz hədəflərinə çata bilmədi.   
 

iyun 2014 Qəzza müharibəsi-Üçüncü intifada
Bu müharibə 7 iyun tarixində İsrail tərəfi 3 vətəndaşının HƏMAS tərəfindən oğurlanaraq qətl etdiyi bəhanəsi ilə başladı. Müharibədən əvvəl İsrail tərəfi 500-dən çox fələstinlini həbs etdi.  

İŞİD terror təşkilatı həmin yəhudilərin oğurlayıb öldürülməsini öz öhdəsinə götürsə də, İsrail rejimi bəhanəsindən əl çəkməyərək Qəzza zolagına 3 tərəfdən də hücuma başladı. 

805 nəfər işğalçı rejim tərəfindən qətl edilib. Onların 170-i uşaq, 111-i qadın, 39-u isə yaşlıdır.    


Güclü müqavimət göstərən HƏMAS hərəkatının atəşkəs şərtləri bunlardır: 

- Qəzzaya tətbiq olunan embarqo ləğvi 

- Rəfah sərhəd qapısı bağlı qalmayacaq

- 12 iyunda həbs olunanların sərbəst buraxılması

- Əsirlərin dəyişdirilməsi razılığına riayət olunmalıdır 

- Qəzza dəniz sahilindəki darlaşdırılan balıq ovu sahəsi genişləndirilməlidir

- İsrail yeni hökumətin işinə qarışmamalıdır.  

HƏMAS-ın atəşkəs şərtləri Fələstin Azadlıq Təşkilatı və bütün fələstinli siyasətçilər tərəfindən dəstəklənir. 

Qəzza zolağındakı müqavimət Qüds gününün gecəsi, yəni iyulun 25-i İordan çayının qərb sahillərində yerləşən ərazilərə sıçradı. Məscidi-Əqsa, Ramallah, Nablus və Qələndiyyə bölgələrində on minlərlə fələstinli Qəzzaya tərəf yürüşə keçdi.  
 
İntifada davam edir…  

Google+ WhatsApp ok.ru