Qəssablar narahatdırlar: Ət biznesi də monopoliyaya alınır

Azərbaycanda bir çox sahələrin konkret bir şəxsin əlində toplanması heç kəsə sirr deyil. Ölkəyə gətirilən siqaretdən tutmuş, adi bir diş çöpünə kimi demək olar ki, hər şey müxtəlif şəxslərin monopoliyasındadır.
Hansısa ərzaq məhsullarının satışının konkret bir şəxsin əlində olması, o məhsulun qiymətinin bir şəxs tərəfindən təmzimlənməsinə gətirib, çıxarır. Bir malı istehsal etmək və ya satmaq, yaxud ondan istifadə etmək hüququnun bir şəxsə, bir müəssisəyə məxsus olması, rəqabətin aradan qaldırılaraq, monopoliyanın yaradılması qiymətlərin bahalaşmasına və bir şəxsin qazanmasına yol açır.
Azərbaycan da bu cəhətdən irəlidə gedən dövlətlərdəndir. İndi isə daha bir sahə monopoliyaya alınır. Ölkəyə xarici dövlətlərdən gətirilən ət məhsulları monopoliyadadır.
Belə ki, konkret şəxslərdən başqa, heç kim ölkəyə ət gətirə bilmir. Gətirilən ətlər dönərxanalara, dükanlara, restoranlara paylanılır. Yalnız bir nəfər buradan qazanclı çıxır.
İkinci bir şəxsə isə eyni şərait yaradılmır.
Misal üçün Azərbaycana monopoliyada olan bir məhsulu gətirmək istəsəniz, onu gömrükdən bir bəhanə ilə ölkəyə buraxmayacaqlar. Və siz külli miqdarda maddi ziyanla üz-üzə olacaqsınız. İndi isə ölkə daxilindəki iribuynuzlu heyvanların kəsimi və satışı da monopoliyaya alınır.
Rəsmi məlumatlara görə, Bakıda ət kombinatları tikiləcək. Həmin ət kombinatlar istifadəyə veriləndən sonra diri heyvanların şəhərə gətirilməsi qadağan olunacaq. Bundan sonra isə qaydalara cavab verməyən sallaqxanalar bağlanacaq. Diri heyvanların şəhərə gətirilməsinin qadağan edilməsi bundan sonra sallaqxanaların qarşısında bağlanmış iribuynuzlu heyvanların görülməyəcəyi anlamına gəlir. Qəssablar hazır kəsilmiş ət alıb-satacaqlar.
Bu barədə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib: "İribuynuzlu heyvanların kəsilməsi üçün nəzərdə tutulan ət kombinatlarının tikintisi davam etdirilir. Yaxın zamanlarda onlar istifadəyə veriləcək. Həmin kombinatlarda bir gündə 5 min baş iribuynuzlu heyvanın kəsilməsi mümkün olacaq. Ət kombinatları istifadəyə veriləndən sonra Bakı şəhəri ətlə tam təmin olunacaq. Beləliklə də tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq".
Bu isə əslində o deməkdir ki, ət istehsalı da məmurlardan birinin əlində cəmlənəcək və həmin sahənin inhisara alınmasına gətirib, çıxaracaq. Bundan başqa, ət kombinatlarının yaradılması ilə alıcını seçim imkanı məhdudlaşacaq. Məsələn, alıcını ən çox ətini aldığı heyvanın yaşı, çəkisi, təmizliyi, qiyməti maraqlandırır.
Ət kombinatı yaradıldıqdan sonra alıcılar bunlarla tanış olmaq imkanından məhrum olacaqlar. Ət məhsulları hazır vəziyyətdə kombinatlardan mağazalara paylanılacaq. Alıcının ətin haradan gəlməsindən, necə kəsilməsindən xəbəri olmayacaq. Qiymətləri də kombinat və marketlər təyin edəcək.
Nəzərə alaq ki, uzun illərdir, insanlar evlərinə ən yaxın sallaqxanadan, tanıdıqları, güvəndikləri qəssablardan ət almağa üstünlük verirlər. Həm də heyvan göz qabağında kəsilmədən ətin təmizliyinə etibar etmirlər. Hətta qəssablar öz dükanlarının önündə iribuynuzlu heyvanları bağlayırlar ki, alıcılar ətin təzəliyinə inansınlar. İndi isə insanlar məcburiyyət qarşısında qalıb, ona təklif edilən ət məhsullarını almalı olacaqlar ki, bu da haqlı etirazlara yol açacaq.
Sallaqxanaların ləğv edilməsinə digər səbəb kimi, natəmiz şəraitdə ət satışının qarşısının alınmasını göstərirlər. Amma bunun ən asan yolu birbaşa sallaqxanalara nəzarətdir. Bunu isə aidiyyatı qurumlar bacarmırlar. Çünki ət dükanlarına təftiş üçün göndərdikləri şəxslər qəssablarla anlaşırlar və qanunsuzluqlara göz yumurlar.
Bakı sakinləri ilə də elə bu barədə söhbətləşdik. Şəhər sakini Fatimə İsrafilova deyir ki, qəssabxanaların bağlanması və ət kombinatlarının yaradılması qərarını dəstəkləyir: "Şəhərin harasına getsən, orada sallaqxana var. Ət kəsilir, yerlər qandır. Balaca uşağa o qanı başa salmaq olmur. Həm də natəmizlikdir. Yol kənarında, natəmiz küçələrdə ət kəsilir və satılır. Nəzarət edən də yoxdur. Əgər bu işə nəzarət edənlər olsaydı, kim necə istəsə, ət sata bilməzdi. İndi ət kombinatı açırlarsa, bu, çox yaxşı olar. Ən azından, ət məhsullarının mənbəyi bir yerdən olar. İndikindən daha yaxşı şəraitdə kəsilər və satılar".
Digər paytaxt sakini Xalıq Vəliyev isə bunun monopoliyaya, inhisara yol açacağını deyir: "Natəmizlik adı altında böyük pullar qazanacaqlar. Ət də digər məhsullar kimi monopoliyaya alınacaq. Qiymətlər bahalaşacaq. Və hansı heyvanın ətini yediyimizi də bilməyəcəyik. Əgər qəssabxanalarda olan natəmizlikdən, antisanitariyadan və görüntüdən şikayət edirlərsə, əməkdaşları rüşvət almasın. Yəni qəssablardan rüşvət alırlar, hər şeyə göz yumurlar. İndi biz haradan bilək ki, 5-10 manata görə sağlamlığımızla oynayan insanlar, eyni şeyi etməyəcəklər? Üstəlik, bu qəssablar işsiz qalacaqlar? Hər şeyin bir asan yolu var. Yoxlanışlar daim olmalıdır. Həm də şəffaf şəkildə…”
Bu məsələnin birbaşa təsiri olacaq şəxslər isə qəssablardır. Onlardan bəziləri işsiz qalacaqlar və ət dükanlarını bağlamalı olacaqlar. Buna görə də, onların fikirlərini almaq üçün sallaqxanalara da baş çəkdik.
Yusif Qədirov adlı qəssab deyir ki, onların nəyəsə etirazının nəticəsi olmayacaq: "Guya biz bir söz desək, nəsə dəyişəcək? Dəyişəcəyini bilsəydik, etiraz edərdik. Çünki bizim işimizin mahiyyəti azalır. Misal üçün alıcı indi gəlir, ət barəsində sual verir. Mən də çox rahat şəkildə buna cavab verə bilirəm. Çünki heyvanı özüm kəsmişəm, əti də özüm doğramışam. Amma ət kombinat yaranan sonra bu, alınmayacaq. Çünki iribuynuzlu heyvanın sağlam olması, necə kəsilməsi, yaşı ilə bağlı heç bir məlumatım olmayacaq. Alıcı da narazı qalacaq.
Dondurulmuş ətlər satılır. Həmin ətlərin mənşəyi bilinmir. Kimsə onu alıb, evində bişirməz. Amma bəzi dönərxanalar, restoranlar bundan istifadə edirlər. Ət kombinatı yaradıldıqdan sonra eyni vəziyyət olacaq. Heç kim onun mənşəyini bilməyəcək. Bu, həm də monopoliya deməkdir. Hər şey bir nəfərin əlində cəmlənəcək".
Digər sallaqxana sahibi isə deyir ki, yeni qaydalar reallaşsa, bəzi qəssablar işsiz qalacaq: "Mən bu cəhətdən rahatam. Mənim ət dükanımın bütün sənədləri qaydasındadır. Hər yer təmizdir. Natəmizlik yoxdur. Ona görə də, mən rahatam. Amma çoxları işsiz qalacaq. Və qəssablıq sənəti öləcək". musavat/

Google+ WhatsApp ok.ru