Qəbul imtahanlarının nəticələri ölkədə təhsilinin səviyyəsini təzahür etdirirmi? - Sorğu

Mayın 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb. İmtahanların nəticələrinə əsasən, abituriyentlərdən 10 nəfəri 600-700 bal (0.08%), 32 nəfəri 500-599 bal (0.27%), 98 nəfəri 400-499 bal (0.83%), 368 nəfəri 300-399 bal (3.11%), 1109 nəfəri 200-299 bal (9.37%), 10214 nəfəri isə 0-199 bal (86.33%) arası nəticə göstərib.
 
Sosioloq Azad İsazdə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ölkədə təhsilin səviyyəsi getdikcə enir: "Əslində burada rəqəmlər bu istiqamətdə olan araşdırmalar üçün ən ciddi mənbə və cavabdır. Deməli ölkədə təhsilin səviyyəsi getdikcə enir. Bunun səbəblərini isə ciddi şəkildə araşdırmaq lazımdır. Mən təhsilin bu durumda olmasını sosial səbəblərlə bağlamağın tərəfdarı deyiləm. Ölkədə təhsilə, elmə motivasiya, tələbat yoxdur. Gənclərin arasında elmə olan hərislik çox aşağı səviyyədədir. Səbəblərini isə bir çox məqamlarda axtarmaq olar. Artıq neçə ildir ki, qəbul imtahanlarında bu cür acı nəticələr ortaya çıxır. Müşahidəyə görə problem ilbəil sərtləşir. Üfüqdə yaxşılığa doğru heçnə görünmür. Bu prosesləri cəzalarla həll etmək mümkün olmayacaq. Ölkədə elmə, biliyə tələbat yoxdur və ilk növbədə bu təmin edilməlidir. Gənclərdə motivasiya olmalıdır, motivasiya olsa, Təhsil Nazirliyinin istəyindən asılı olmayaraq, gənclər mütləq bir yol tapıb bilik əldə edəcəklər. Bu gün ali məktəbə qəbul olmaq istəyən, maddi durumunun çətinliyinə baxmayaraq, repititor yanına gedib, bilik əldə edir".
 
Yazıçı Həmid Herşçi Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Qərb sovet təhsil sistemini sıradan çıxartmaqla məşğuldur: “Əslində SSRİ-də dünyanın ən güclü təhsil sistemi var idi. Bu təhsil sisteminə çox güclü mütəxəssislər cəlb edilmişdi. Qərbin SSRİ-də ən çox qəbul etmədiyi məsələ təhsil sistemi idi. SSRİ-nin təhsil sistemindən çox güclü mütəxəssislər çıxırdı. Bu təhsil sistemi güclü alimlər, həkimlər, idman ustaları yetişdirirdi. Şübhəsiz ki, Qərb bu təhsil sistemini sıradan çıxartmaqla məşğuldur. Bu proses tək Azərbaycanda deyil, bir çox MDB respublikalarında aparılır. Boloniya sistemi anlaşılan bir sistem deyil. İnsan heç özü də bilmir ki, hansı peşənin sahibi olacaq. Onun arzuları, fikirləri boş şeydir. Aldığı qiymətlərə görə, onun hara gedəcəyini dövlət özü təyin edir. Düşünürəm ki, təhsilimizdəki bütün naqisliklər sovet təhsil sisteminin dağıdılması ilə bağlıdır. SSRİ-ni uzun müddətdir ki, dağıdıblar, amma təhsil sistemini bu günə qədər dağıdırlar. Azərbaycanın sovetdən qalma maarifləndirmə modeli, təhsil modeli təhlükə altındadır və onun məhv etmək istəyirlər”. Deyerler.org
 

Google+ WhatsApp ok.ru