Qəçrəş meşəsi zibil poliqonuna çevrilir

Qəçrəş meşəsi zibil poliqonuna çevrilir

Oxu.az-da «Meşələri zibilliyə çevirənlər: günahkar kimdir?» sərlövhəli yazı oxumaq olar.
 
Müəllif iddia edir ki, Quba rayonunun Qəçrəş meşəsi hazırda məişət tullantıları üçün ayrılan poliqona çevrilir.
 
Müəllif qeyd edib ki, Qəçrəşə gələn qonaqlar arasında təbiət qoynunda, yəni meşəlik ərazidə süfrə açıb dincələnlər az deyil: «Təəssüf doğuran məqam onlar getdikdən sonra geridə qoyduqları mənzərədir: içki şüşələri, tərəvəz qabıqları, konfet kağızları və müxtəlif plastik tullantılar…».
 
Müəllif yazıb ki, turizm obyektlərinin sahibləri yalnız öz ərazilərini təmiz saxlayırlar: «Ərazidəki tullantılar onu deməyə əsas verir ki, Qəçrəş meşəliyində uzun müddətdir iməcilik keçirilmir. Burada məişət tullantılarını toplayan maşınları da görmək mümkün deyil».
 
Ekspertlər bu işlərə ərazi bələdiyyəsinin baxmalı olduğunu deyirlər: «Yerlər təyin edilərək, tullantı qutuları quraşdırılmalı və «Bura zibil atmayın» kimi məlumat lövhələri yerləşdirilməlidir».
 
Ekspertlər habelə hesab edirlər ki, ərazinin zibillənməsi meşə üçün təhlükəli olmaqla yanaşı, gələn xarici turistlərdə Azərbaycan haqqında mənfi fikir formalaşdırır: «Sözügedən ərazidə bu tullantıların yığışdırılmasına məsul olan qurumla yanaşı, hər rayon sakini tez bir zamanda hərəkətə keçməlidir. Əks təqdirdə, məğlub olan yerli sakinlər və Azərbaycan turizmi olacaq».
 
Yazıda mövcud vəziyyətlə bağlı bələdiyyə və yerli hakimiyyət orqanlarının isə mövqeyini öyrənmək mümkün olmayıb.
 

Google+ WhatsApp ok.ru