Qəlb zikrinə aparan yol-3

Qəlb zikrinə aparan yol-3

Təkamül ağıl və iradə ilə gerçəkləşə bilir. Düşüncə, iradə, agahlıqla əlaqəsi olmayan yüksəliş insani kamillik deyil. Kamillik agahlıqdan asılı olduğu üçün bu yolda ən böyük maneə qəflətdir. Ona görə də təkamül yolunda hərəkətə başlamaq üçün qəflətdən çıxmaq lazımdır. Qəflətdən çıxmaq üçün bir neçə şeyə diqqət etmək zəruridir: Hər şeyin əvvəli olan Allaha, qiyamətə və yaşanılan ömrə diqqət. Bu üç əsas arasında mehvər Allaha diqqətdir. Allahı xatırlamağın, ilahi zikrin mərtəbələri var və birinci mərtəbə dil zikridir. Dil zikrini təsirli edən amil onun mənalarına edilən diqqətdir.

Dil zikrindən sonra qəlb zikri gəlir. Onun da mərtəbələri var və o həqiqi bir zikrdir. İnsan qəlb zikrinə nail olmaq üçün çox çalışmalıdır.

Zikrin son hədəfi qəlb zikri olsa da? adi insanlar əvvəlcə dil zikrinə nail olmalıdırlar. Dil zikrinin əsasını təşkil edən Allahın adları və sifətləri tədricən qəlb zikrinə aparan amillərdir.

Qəlb zikrinə çatmağın yollarından biri insanın rastlaşdığı hər bir şeyin Allahla nə dərəcədə əlaqəli olmağı barədə düşünməkdir. Əqli və təcrübi dəlillər vasitəsi ilə sübut olunmuşdur ki, bütün varlıq aləmi Allahın məxluqudur. İnsan gözəl rəsm əsəri ilə üzbəüz dayandığı vaxt onu çəkənin mahir bir rəssam olduğunu anladığı kimi, hər bir mövcuda baxdıqda da, onun yaradanı haqqında düşünə bilər. Yalnız belə bir vərdiş ələ gətirməklə qəflətdən qurtulmaq olar. İnsanı bir şeydən qəflətdə saxlayan amil onun digər bir şeyə diqqət yetirməsidir. İnsan öz yaradanından da o zaman qafil olur ki, diqqəti hansısa digər mövcudlara yönəlir. Amma hər bir mövcuda Allahın məxluqu nəzəri ilə baxdıqda, Allah onunla birgə yad olunur. Hər hansı sənət əsərinin gözəlliyinə heyran olmuş insan sənətkarın ünvanına afərin söyləyir. Əgər varlıq aləminə də lazımı diqqət yetirə bilsək, Yaradana həmd oxumağı özümüzə borc bilərik. Axı bütün gördüklərimiz Allahın əzəmət, qüdrət, elm və hikmətinin əlamətidir.

Əlbəttə ki, Allahın övliyaları elə bir məqama çatmışlar ki, yalnız Yaradanı görürlər. Onlar heç bir mövcuda müstəqil varlıq kimi baxmırlar. Amma adi insanlar əsərə diqqət edərkən onun yaradıcısını xatırlamağa çalışmalı və bu yolla qəflətdən xilas olmalıdırlar.

Sonsuzluğa doğru

Əgər insan doğru yoldan azmasa, onun təkamülü üçün hər bir şərait yaradılmışdır. Şeytanın hiyləsinə uymayan insan həm dünya, həm də axirət səadətinə nail ola bilər. Təkamül və mənəvi yüksəlişin hədd-hüdudu yoxdur. İnsan üçün son təkamül nöqtəsi müəyyənləşdirilməmişdir. Məqsəd Allaha yaxınlaşmaqdır. Təkamül yolu sonsuzdur.

Elə bəndələr vardır ki, Allaha yaxınlığın ləzzətindən dünyanı unudurlar. Belə insanların nəzərində adi insanların həyatı uşaq oyununu xatırladır. Uşaqlar gün uzunu sevdikləri plastik oyuncaqlarla başlarını qatır, bəzən bu oyuncaqlara görə dalaşırlar. Adi insanların dünya həyatı, dostluğu, düşmənçiliyi, sevgisi və nifrəti uşaq oyununu xatırladır. Bütün həyatını doktor, professor, ayətullah adını almaq üçün sərf edənlər, necə də gülünc vəziyyətdədirlər. Bir başqa qrup həyatının mənasını var-dövlət toplamaqda, dünyada qoyub gedilən qəsrlər ucaltmaqda görür. Bu sayaq həyat tərzinə dəyər verənlər insaniyyətin həqiqətindən qafildirlər. Allaha yaxınlığın ləzzətini dadan insan üçün bu ucuz şirinliklərin heç bir qiyməti yoxdur. Bu ləzzəti dadan məsum imamlar, o cümlədən, İmam Səccad (ə) belə dua edir: “Ey mənim ağam! Qəlbim Səni xatırlamaqla dirilir.” İmamların (ə) dilindən qopmuş duaları oxumaq və düşünməklə insan bir çox həqiqətlərə nail olar və anlayar ki, bu dünyada maddi ləzzətlərdən qat-qat üstün olan ilahi ləzzətlər də mövcuddur.

Ya Rəbb! Qəlbimizdən qəflət pərdələrini qaldır və zikr xələtini boynumuza salt! (“Be suye-xoda – Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.76-79.)

Maide.Az

Google+ WhatsApp ok.ru