'Qədr' gecəsindən sonra ən fəzilətli gecə

'Qədr' gecəsindən sonra ən fəzilətli gecə

Şəban ayının ən parlaq xüsusiyyətlərindən biri varlıq aləminin qibləgahı Həzrət Mehdi Sahibəzzamanın (ruhlarımız ona fəda olsun!) mübarək mövludunun bu aya təsadüf etməsidir.

Bu böyük mövludla həmin gün və gecə qat-qat daha uca dəyər və məqam qazanmışdır. Əlbəttə, Şəban ayının ortasına təsadüf edən gecə özü-özlüyündə mübarək bir gecədir, dua və münacat gecəsidir, bu gecənin “Qədr” gecəsindən sonra ən fəzilətli gecə olduğu deyilir, lakin bu mövludla bütün bunlar ikiqat artır. Gəlin Həzrət Mehdi (ruhlarımız ona fəda olsun!) ilə bağlı bir neçə məqamı qısaca qeyd edərək, o böyük insanın müqəddəs varlığına bir daha diqqət yetirək. Əlbəttə ki, birinci növbədə hamınızı bu mövlud, bu günlər, İmam Zamanın (ə.c.) mübarək mövludunun bizə bəxş etdiyi bu sevinc münasibətilə təbrik etməliyəm. Şəban ayı əvvəldən axıra qədər ilahi lütf, mənəvi zövq və sevinc ayıdır. Şəban ayı Əhli-Beyt (ə) aşiqləri üçün sevinc və vurğunluq ayıdır.


İmam Zaman (ə.c.) barədə danışarkən ilk olaraq onu qeyd etmək lazımdır ki, o böyük şəxsiyyət “daiyullah” – yəni Allahın bəndələrini Ona doğru dəvət edən, çağırandır. Bu böyük insanın varlığına nəzər salmaqla biz mənən Uca Yaradanın dərgahına yönəlir, Onun aciz bəndəsi olduğumuzu xatırlayırıq.


السَّلامُ عَلَيْكَ يَا دَاعِيَ اللَّهِ وَ رَبَّانِيَّ آيَاتِهِ


“Salam olsun sənə, ey bəndələri Allaha doğru dəvət edən və Allahın yer üzündə nişanəsi olan!” (“Ali-Yasin” ziyarətindən fraqment –  “Ehticac”, c.2, səh. 493.)


Hər şey, bütün peyğəmbərlər, bütün övliyalar, bütün müqəddəslər, ömrümüzə, dünyamıza, bütün varlıq aləminə nur saçan bütün pak ruhlar Allahın yer üzündəki nişanələri, Onun təcəllasıdır; bu məqama diqqət yetirmək lazımdır. İmam Zamana diqqət ayırır, təvəssül edir, o böyük şəxsiyyətin qarşısında həqirliyimizi, zəlilliyimizi ifadə edirik. Bütün bunları həqirliyimizi Uca Allaha çatdırmaq, Allah-Taalanın qarşısında aciz bəndə olduğumuzu izhar etmək üçün edirik.


İkincisi, bu böyük insanın adını anmaq, onun varlığını yada salmaq daim bu zülmət gecənin sonunda, mütləq, haqq-ədalət günəşinin doğacağını bizə xatırladır. Bəzən insanlar sonu bilinməyən zülm və zülmət dalğaları ilə üzləşəndə məyus olurlar. İmam Zamanı yada saldıqda isə, bir gün günəşin doğacağını, gündüzün gələcəyini bilirlər.
Bəli, zülmətlər var, dünyanı qaranlıqlara qərq edən zalımlar var, əsrlər boyunca da olub, amma bu qaranlıq və zülmət gecənin sonunda, mütləq, günəş doğacaq. İmam Zamana etiqad bizə bunu öyrədir. Bu, Allah-Taalanın zəmanət verdiyi bir vəddir:


السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَلَمُ الْمَنْصُوبُ وَ الْعِلْمُ الْمَصْبُوبُ وَ الْغَوْثُ وَ الرَّحْمَةُ الْوَاسِعَةُ وَعْدا غَيْرَ مَكْذُوبٍ

“Salam olsun sənə, ey ucalmış bayraq, verilmiş elm, xalqın sığınacağı, Allahın geniş rəhməti və qəti olan vədi!” (“Ehticac”, c.2, səh.493.)
Qəti, danılmaz bir vəd! “Ali-Yasin” ziyarətinin əvvəlində də belə deyilir:


السَّلامُ عَلَيْكَ يَا وَعْدَ اللَّهِ الَّذِي ضَمِنَهُ


“Salam olsun sənə, ey Allahın öz vədi ilə zəmanət altına aldığı!” (“Ehticac”, c.2, səh. 493.)

Allah-Taalanın zəmanət altına aldığı o vəd İmam Zamanın zühurudur. Bu da ikinci məqam!


İmam Mehdi Sahibəzzamanın (ruhlarımız ona fəda olsun!) varlığına, zühuruna inananlar heç vaxt ümidsizliyə qapılmır, ruhdan düşmür və bilirlər ki, bir gün o Günəş mütləq doğub bu qaranlıqları, bu zülmətləri qovacaq.


Üçüncü məqam budur ki, zühurun intizarında olmaq bizim borcumuzdur, vəzifəmizdir. İntizar nədir? İntizar həsrətlə, səbirsizliklə gözləmək deməkdir. Hərbi terminologiyada “Hazır ol!” əmri deyilən bir şey var. Zühurun intizarında olmaq da elə o “Hazır ol!” əmridir. Hazır vəziyyətdə olmalıyıq. Zühurun intizarında olan mömin hər an “Hazır ol!” vəziyyətində olan bir insandır. Bütün yer üzündə ədaləti bərqərar etmək üçün göndəriləcək İmamımız bu gün zühur etsə, hamımız hazır olmalıyıq. Bu hazırlıq çox önəmlidir; zühurun intizarında olmaq “Hazır ol!” vəziyyətində olmaq deməkdir. İntizar səbirsizlik etmək, ayağını yerə döyüb: “Niyə gec oldu?”, “Niyə olmadı?” – deyə gileylənmək deyil. İntizar o deməkdir ki, daim “Hazır ol!” vəziyyətində olmalısınız.


Dördüncü və sonuncu məqam budur ki, zühurun intizarında olmağımız özümüzü düzəldib iş görməyimizi tələb edir. Özümüzü islah edib o Həzrəti sevindirəcək işlər görməliyik. Əgər buna nail olub özümüzü düzəltmək, islah olunmaq isəyiriksə, təbii ki, fərdi işlərlə kifayətlənə bilmərik. Cəmiyyət, ölkə, bütövlükdə dünya səviyyəsində də həyata keçirməli olduğumuz işlər, vəzifələr var. Həmin vəzifələr hansıdır? Bunu bilmək üçün gözüaçıq, məlumatlı olmaq, proseslərə ziyalı bir insan kimi qlobal yanaşmaq lazımdır. Əzizlərim, bu isə bu gün fəal və dinamik gənclər olaraq sizin öhdənizə düşən bir vəzifədir. (Ali Rəhbərin İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimində etdiyi çıxış – 10 /May/ 2017.)
 

Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru