Qafqazın ƏN QƏDİM məbədi tapılıb - Cəlilabadda

Qafqazın ƏN QƏDİM məbədi tapılıb - Cəlilabadda

 Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkarlanıb.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundov məlumat verib. Onun sözlərinə görə, ərazidə aparılan qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid olan xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb. Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbədin izinə düşüblər.

Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub. Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundovun qənaətincə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı odundan istifadə olunduğunu göstərir.

Qazıntıların nəticəsi olaraq ərazidə məbəddən əlavə, bir uşaq, bir böyük qəbri aşkar olunub.

Qeyd edək ki, 6 hektarlıq ərazini əhatə edən Polutəpə qədim yaşayış məskənində 6-cı mövsümdür ki, arxeoloji qazıntı işləri davam etdirilir. Toplanmış nümunələr AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq. /

Google+ WhatsApp ok.ru