Qala sakinləri sosial problemlərə görə aksiya keçirib

Qala sakinləri sosial problemlərə görə aksiya keçirib

-- avtobusların gəlməməyinə, kanalizasiya, yol problemlərinə etiraz edirlər

Ötən gün Qala kəndinin sakinləri sosial problemlərinə görə yolu bağlayıblar. Onlar yaşadıqları yerə avtobusların gəlməməyinə, kanalizasiya, yol problemlərinə etiraz edirlər. Ötən ilin sentyabrına qədər Koroğlu metrosundan Qala stansiyasının yaxınlığındakı evlərə birbaşa avtobus işləyib. Amma yeni yol salınandan sonra avtobuslar 1 kilometr uzaqdan keçir.
 
Qala stansiyasının yaxınlığında təxminən 800 ailə yaşayır. Buradakı evlərin sənədi yoxdur. Yaşadıqları küçəyə də ad verilməyib. Deyirlər ki, poçta və təcili yardıma işləri düşəndə ünvan yoxdur deyə çətinlik çəkirlər.
 
Əraziyə gələn polislər sakinlərin problemləri ilə bağlı dövlət orqanlarına yazdıqları şikayət məktubları və onlara verilən cavablarla tanış olublar.
 
Daha sonra polislərin iştirakı ilə 3 nəfər sakin su idarəsinə aparılıb. Onlara idarədən bildirilib ki, büdcədə vəsait yoxdur deyə kanalizasiya sistemi çəkilmir.
 
Xəzər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov sakinlərin ərazidə qanunsuz yaşadıqlarını bildirib. O layihələşdirmə olmadan kanalizasiya xəttinin çəkilməyəcəyini deyib. 800 evin necə qanunsuz tikildiyini soruşduqda şöbə müdiri dəstəyi asıb.
 
Sakinlərin marşrut problemi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Qala kəndində Kiçik Nəqliyyat Mübadilə Mərkəzi yaradılacaq. Onun sözlərinə görə yeni marşrut sisteminin qurulması ilə bağlı layihələndirmə işləri gedir. Mətbuat katibi təklif edib ki, sakinlər problemlə bağlı onlara yazılı müraciət etsin. Bu zaman onların problemi daha tez həll oluna bilər.
 
Polislər ərazidən çəkilib gedir. Sakinlər isə problemlərinin həll olunacağına əmin deyillər.(meydan.tv)
 

 

Google+ WhatsApp ok.ru