QANIN YEYİLMƏSİ NİYƏ HARAMDIR?

Allah-taala Quranda buyurur: إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ “O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini ...(yeməyi) qəti haram etmişdir.” (“Nəhl” surəsi, ayə: 115; “Bəqərə” surəsi, ayə: 173; “Maidə” surəsi, ayə: 3)

Qanın yeyilməsinin haram olması Quranda dörd surədə müxtəlif ibarələrlə öz əksini tapmışdır. Üç surədə (Nəhl, Bəqərə və Maidə) tam oxşar ibarələrlə verilmişdir. Ənam surəsində isə oxuyuruq: 
إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ  قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ 
(Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.” (“Ənam” surəsi, ayə: 145) 
Ayədə “دماً مسفوحاً” (axar qan) ifadəsi qeyd olunmuşdur. Bu, qanın kapillyarlarda qalan hissəsini istisna edir. “فانه رجس” ibarəsindəki “ه” əvəzliyi üçüncü şəxsin təkinə məxsus olmasına baxmayaraq, hər üçünə (yəni yalnız donuza deyil, ölü heyvan və qana da) aid olur. Bir çox təfsirçilərə görə bu ayənin ilkin mənasına uyğundur. Belə ki, ayədən hər üçünün natəmiz, insan təbiətinə zidd olduğu anlaşılır.
Nəhl və Ən`am surələri Məkkədə, Bəqərə və Maidə surələri isə Mədinədə nazil olmuşdur. Qanın haram olduğunu bildirən ayələrin dəfələrlə təkrar olunması onun insan orqanizmi üçün təhlükəli olduğunu və cahillik dönəmində qanın yeyilməsinin geniş yayıldığını göstərir. (Qan insanın, bütün onurğalı heyvanların və bəzi onurğasızların (məsələn, həlqəvi qurdlar, nemertiklər) qapalı qan dövranı sistemində axan duru toxumadır. Qan duru hissədən - plazmadan və formalı elementlərdən – qan hüceyrələrindən ibarətdir. Formalı elementlər qanın 40-50%-ni, plazma isə 55-60 %-ni təşkil edir. Plazmanın tərkibində zülallar (albumin, qlobulin, A1, A2, B, Y, fibrinogen), onların lipidlərlə və karbohidratlarla kompleksləri, fermentlər, hormonlar, vitaminlər, mineral maddələr, maddələr mübadiləsinin aralıq və son məhsulları (sidik cövhəri, sidik turşusu, kreatin və kreatinin, purin əsasları və s.) olur. Qanın miqdarı insanlarda bədənin orta çəkisinin 1/11 – 1/13 hissəsini (təqr. 7%), onurğalı heyvanlarda 2-10%, onurğasız heyvanlarda isə 20-60%-ini təşkil edir. İnsanın 1 mm3 qanında  4,5-5,5 miln. eritrosit (qırmızı qan cisimciyi) olur.)

QISA TARİX
Qanın yeyilməsi dünya xalqları arasında çox qədim tarixə malikdir. Belə ki, bəzi antik qaynaqlarda ləzzətbəxş qida məhsulu kimi göstərilir. Qədimdə Şimali Amerikada qanla qidalanırmışar. (“İslam sivilizasiyası”, səh. 185) Cahillik dönəmində də insanlar qanla qidalanır və onu rəsmi qida məhsulu kimi qiymətləndirirdilər. (“Hökmlərin fəlsəfəsi”, səh. 145)
Yəhudilikdə də qandan qida məhsulu kimi yararlanmaq haram edilmişdir.

HÖKMLƏR
İslam şəriətində qanla bağlı bir neçə hökm mövcuddur.
Birinci: Qan qadağan edilmiş qida məhsulları sırasındandır. Onu yemək (içmək) haramdır və günah hesab olunur.
İkinci: İnsan və atıcı qanı olan hər bir heyvanın qanı murdardır.
Üçüncü: Tam murdarların alqı-satqısı yalnız onlardan faydalı istifadə mümkün olduğu zaman icazəlidir. Qan tam murdardır; lakin buna baxmayaraq alqı-satqısı icazəlidir. Çünki ondan halal, faydalı və ağıla müvafiq istifadə (xəstələrə, yaralılara qan köçürülməsi və s.) mümkündür.

ELMİ SİRLƏR
Qanın haram və murdar olması haqqında tibb elmləri mütəxəssisləri tərəfindən müxtəlif ehtimallar irəli sürülmüşdür. Mövzu ilə bağlı çoxsaylı rəvayətlər də nəql olunmuşdur.
1. Rəvayətlər.
Bir kişi İmam Sadiqdən (ə) soruşdu: Nə üçün Allah-taala qanı yeməyi haram etmişdir? İmam (ə) buyurdu: “Çünki qan yemək qəlbi daşlaşdırır, sevgini, mərhəməti aradan aparır. Qan yemək bədəndə pis iy yaradır, rəngini dəyişir.” (“Bihar əl-ənvar”, c. 65, səh. 162) 
Digər rəvayətdə oxuyuruq: “Qan yeyənlər öz valideynlərini, övladlarını öldürə biləcək dərəcədə daşürəkli olurlar.” (“Vəsail əş-şiə”, c. 16, səh. 310) 
2. Doktor Əbd əl-Həmid və başqaları yazırlar: “Qan insan üçün faydalı qida məhsulu deyil. Çünki plazma tərkibindəki zülallar (albumin, qlobulin, fibrinogen) olduqca azdır (təqr. 6-8 mq). Qanın tərkibi gec həzm olur və ya bağırsağa böyük çətinliklə sovrulur.
Qanın əsas vəzifələrindən biri maddələr mübadiləsinin lazımsız (aralıq və son) məhsullarını (sidik cövhəri, sidik turşusu, kreatin və kreatinin, purin əsasları və s.) toxumalardan çıxarmaqdır. Qan yedikdə həmin lazımsız maddələr insan orqanizminə daxil olur. Qan mikrobların inkişafı üçün əlverişli vasitədir. Mikroblar kəsici alətlər, əllər, hava, milçək və qan tökülən qab vasitəsilə yayılır. Xüsusilə xəstəliyə yoluxmuş heyvanın qanı daha təhlükəlidir (yoluxucu xəstəliklər xüsusi qeyd olunmalıdır).
Qan yedikdə zülalların (protein) parçalanması nəticəsində sidik cövhərinin miqdarı artır və insanın komaya düşməsi ehtimalı çoxalır.
Bəzilərinin fikrincə qan, tərkibində dəmir olduğu üçün yeyilməsi faydalıdır. Lakin bu yanlış fikirdir. Çünki qanın tərkibində olan dəmir üzvi dəmirdir və qeyri-üzvi dəmirə nisbətdə çox böyük çətinliklə həzm olunur.
Şəriətə görə halal heyvanların qaraciyər və dalağını yemək icazəlidir. (Əlbəttə, şiə fiqhində dalaq yemək haramdır. Müəllif əhli-sünnə fiqhinə əsaslanmışdır.) Çünki insan orqanizminə lazımi dəmir ötürə bilər. Tibbi baxımdan da bu iki hissənin yeyilməsi maneəsizdir. Elmdə sübut olunmuşdur ki, bu iki üzv bir çox qida maddələri ehtiva etdiyindən olduqca faydalıdır (xüsusi qlikogen, protein və vitaminlər). 
Bütün bunlar tibb elmlərinin şəriət hökmlərini tam təsdiq etdiyini aşkara çıxarır.” (“Quranda təbabət”, səh. 144-145) 
3. Doktor Paknijad yazır:
“Qan yeməyin cisimdən çox ruha ziyanı var. Çobanlar daim itlərinin quduzlaşması, şiddət göstərməsi üçün ona qan içirdirlər.” (“İlk universitet, son peyğəmbər”, c. 8, səh. 208) 
Bəzi təfsirçilər yazırlar:
“Bu gün artıq elm sübut etmişdir ki, qida məhsulları vəzilərə (endokrin, yaxud sekresiya vəzilərinə) təsir göstərir, nəticədə hormonlar (inkretlər) hasil olur və bu özünü insanın davranışında göstərir.” (“Təfsiri-nümunə”, c.1 , səh. 2)

YEKUN
Burada bir neçə məqama diqqət yetirməyi zəruri hesab edirik.
1. İlahi dinlərin vəhyə dayanaraq xəstəliklərin qaynağı olan bu hökmü verməsi fəxr ediləsi bir faktdır. İlahi dinlərin qan yeməyi insanaməxsus qida məhsulları cərgəsindən çıxarması peyğəmbərlərin bəşər sivilizasiyasına göstərdiyi ən böyük xidmətlərdəndir.
2. Qan yeməyin haram olması ilahi peyğəmbərlərin (ə) möcüzələri sırasındadır.
3. Qan yeməyin haram olmasının səbəbi kimi göstərilən gigiyenik fəsadlar həmin səbəblərin yalnız bir hissəsidir.
4. Qanla bağlı bir çox məsələlər qaranlıq olaraq qalır və gələcək tədqiqatlar üçün gözəl mövzudur. Misal üçün, axar qanın (دماء مسحوفا) haram və murdar, orqanizmdə qalan qanın isə pak olmasının səbəbləri, qan yeməyin psixi təsirləri (daşürəklilik və s.) aydın deyil. Sırf ehtimal və ya çobanların itləri quduzlaşdırma metodu elmi əsas ola bilməz.

Kitаbın аdı: Quranın elmi ecazkarlığı

Ardı var ...

Google+ WhatsApp ok.ru