Qanunda göstərilən `ayin` sözü namazdırsa, gündəlik ibadətlərimiz də cinayətdir – Şeyx Sərdarın məhkəməsindən REPORTAJ (2-ci hissə)

Qanunda göstərilən `ayin` sözü namazdırsa, gündəlik ibadətlərimiz də cinayətdir – Şeyx Sərdarın məhkəməsindən REPORTAJ (2-ci hissə)

Ayin dedikdə namaz nəzərdə tutulursa, bizim fərdi namazımız da cinayətdir? 
 
Xəbər verdiyimiz kimi həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin Masallıda növbəti məhkəməsi keçirilib.
Məhkəmə prosesində ölkənin ictimaiyyət və media nümayəndələri, diplomatik korpusun əməkdaşları və siyasi xadimlər iştirak edib. Bu dəfəki proses zamanı məhkəmənin keçirildiyi binanın önünə toplaşan insanlara və media nümayəndələrinə qarşı təzyiq göstərilməyib və onların məhkəmə zalına sərbəst buraxılması təmin edilib.
 
Maide.Az xəbər verir ki, hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən prosesin ikinci hissəsində şahidlərin ifadələri dinlənilib. 
 
Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin cənub zonası üzrə baş məsləhətçisi Kamil Bağırov ifadəsində Şeyx Sərdar Hacıhəsənlini 2013-cü ildən  tanıdığını bildirib və xaricdə dini təhsil aldığı üçün ona məsciddə xütbə söyləməsinin qanuna zidd olduğu haqda bilgi verdiyini deyib. 
Lakin Şeyx Sərdar Hacıhəsənli şahidin verdiyi ifadələrin həqiqəti əks etdirmədiyini bildirib. Şahidin istintaqa verdiyi ifadə ilə məhkəməyə danışdıqları arasında ziddiyyətlərin olduğunu vurğulayıb. 
Digər şahid Masallı rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev də məhkəmədə ifadə verərkən çaşqınlıq yaşayıb. Belə ki, onun istintaqa verdiyi ifadəsindən xəbərsiz olduğu vəkillərin sualları əsasında ortaya çıxıb. Buna baxmayaraq şahid Şeyx Sərdara yaxınlaşaraq məsciddə xütbə söyləməsinin qanuna zidd olması barədə xəbərdarlıq etdiklərini məhkəmə heyətinin diqqətinə çatdırıb. 
 
Şeyx Sərdar Hacıhəsənli isə öz növbəsində şahidin dediklərinin yalan olduğunu deyib. Bildirib ki, insanları bu qədər kişilikdən salmaq olmaz. Ümumiyyətlə məhkəmə prosesi zamanı vəkillər tərəfindən verilən suallar əsnasında, onların saxta və qondarma ifadələr verdikləri, həmçinin yalançı şahidlər olduqları üzə çıxıb. Bu onların ifadələrindəki çaşqınlıqlardan aydın hiss olunub.
 
Şeyx Sərdar çıxışının davamında bildirib ki, “Biz “Cümə namazı”nı namaz adı ilə qılırıq. Necə ki, meyit namazı, ayət namazı namaz adı ilə tanınır. İndi bizə aydınlaşdırsınlar ki, əgər dini ayin dedikdə namaz nəzərdə tutulursa, o zaman bizim fərdi namazımız da cinayətdir”.
 
Ruhani qeyd edib ki, Azərbaycanda tarixən savadlı ruhanilərin hamısı xaricdə təhsil alıb. Hətta Azərbaycan dövlətinin qurucusu Məmməd Əmin Rəsulzadənin atası ki, ruhani idi, o da Nəcəfdə təhsil almışdı. “Bunun da səbəbi odur ki, ölkəmizdə yüksək dini təhsil verən müəssisə yoxdur. Burda qəribə heç nə yoxdur. Necə olur ki, digər sahələr üzrə xaricdə təhsil alanlar yüksək mütəxəssis elan edilir, dini təhsil alanlar kənarlaşdırılır. Milli Məclisdə bu cür qanunların qəbul edilməsini əsas səbələrindən biri də bu işlə məşğul olanların din sahəsində mütəxəssis olmamasıdır. Çünki qanunvericiliyə görə din xadimi parlamentdə təmsil oluna bilməz. Məhz bunlar da qanunlarda bu cür boşluqların yaranmasına səbəb olur”.
 
Ruhani çıxışının davamında ona ünvanlanan suallara cavab olaraq qeyd edib ki, onu “Cümə namazı” qılmağa rəsmi şəkildə dəvət ediblər: “QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi mənə zəng edib bildirdi ki, idarənin qərarı ilə “Cümə namazları” bərpa olunub və sizdən xahiş edirik ki, Masallıda bunu icra edəsiniz.
 
Keçən məhkəmə prosesində də aydın oldu ki, Mirqiyas Təhməzovun ifadəsində mənə qanun qəbul olunandan sonra bu işi dayandırmağım barədə birbaşa xəbərdarlıq etməyib. Masallı rayonu məscidinin dini icmasının sədri Hacı Əhməd vasitəsi ilə mənə xəbər göndərib. Hacı Əhməd də məhkəmədə ifadə verdi ki, bununla bağlı mənə söz deməyi unudub. Buradan da aydınlaşır ki, nə rəsmi, nə yazılı, nə şifahi şəkildə mənə xəbərdarlıq olmayıb”.
 
Sonda hakim növbəti prosesin iyun ayının 7-si saat 14:00-də təyin olunduğunu açıqlayıb.
 

Google+ WhatsApp ok.ru