Qanunsuz miqrantlar ABŞ-da sığınacaq ala bilməyəcək

Qanunsuz miqrantlar ABŞ-da sığınacaq ala bilməyəcək

Noyabrın 8-də ABŞ Prezidenti Donald Trump administrasiyası miqrantların sığınacaq üçün müraciət qaydalarında məhdudiyyətlər tətbiq edib. Birləşmiş Ştatların Meksikayla cənub sərhədini qanunsuz keçənlər sığınacaq üçün müraciət edə bilməyəcəklər.
 
İmmiqrasiya vəkilləri bu addımı pisləyiblər, bunun Birləşmiş Ştatların mövcud qanunvericiliyini pozduğunu deyiblər. Mövcud qanunlar öz ölkələrində təqib və zorakılıqla üzləşənlərin ölkəyə necə girməsindən asılı olmayaraq sığınacaq üçün müraciət etməsinə şərait yaradır.
 
Ancaq Ağ evin arqumentinə görə, Trump “bunun milli maraqlar çərçivəsində olmasını müəyyənləşdirərsə”, mühacirəti məhdudlaşdıra bilər.
 
Yeni qaydalara görə, Birləşmiş Ştatların cənub sərhədindən keçən miqrantlar yalnız rəsmi giriş limanlarında qeydiyyata düşdükləri halda sığınacaq üçün müraciət edə bilərlər.
 
Trump administrasiyası mövcud qanunvericiliyin qanunsuz mühacirəti həvəsləndirdiyini bildirir. Sonucda qanuni müraciətlərə baxılmasını yavaşıdan 700 min iş yaranıb.
 
Yeni qaydaların daha çox Mərkəzi Amerikadan gələn miqrantlara təsiri olacaq. Qvatemala, Honduras və Əl Salvadordan gələn miqrantlar ABŞ-ın Meksikayla sərhədini keçirlər.
 
Trump bu həftəki konqres seçkiləri ərəfəsində belə miqrantlara qarşı sərt mövqe tutacağını demişdi. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru