`Qarabağ Bloku` məscidin yandırılmasından narahatlığını bildirdi

Bu gün Qarabağ Blokunun ADP-nin Qərargahında Sərdar Cəlaloğlunun sədrliyi ilə növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. ADP mətbuat xidmətindən Maide.az-a daxil olan məlumata görə, blok üzvləri ilk növbədə ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbus probleminin gündəmdə qalması və vətəndaş cəmiyyəti institutlarına qarşı repressiyaların davam etməsi ilə bağlı bəyanatına münasibət bildirib. Blok üzvləri insan haqlarının pozulması ilə bağlı ABŞ rəsmisinin verdiyi bəyanatın Azərbaycan reallıqlarını düzgün əks etdirdiyini bildirib və hakimiyyəti ölkədə yaşanan siyasi məhbus problemini aradan qaldırmağa, demokratiya və insan haqlarının qorunması istiqamətində islahatlar aparmağa, vətəndaş cəmiyyəti institutlarına qarşı həbs və repressiyalara son qoymağa çağırıb, həmçinin beynəlxalq iradlara müqavimət praktikasından əl çəkərək, iradlardan nəticə çıxarmağa, insan haqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetuirməyə səsləyib.
 
Blok üzvləri Qaraçuxur ərazisində yerləşən məscidin PKK yandaşları tərəfindən partladılmsı faktından ciddi narahat olduğunu bildirib və bu faktın arxasında duran qüvvələrin əsas məqsədinin Azərbaycanda dini zəmində münaqişə törətmək, ölkədə vətəndaş qarşıdurması yaratmaqla stabilliyi pozmaq cəhdinin durduğunu qeyd edib və hakimiyyət strukturlarını bu cür təxribatların qarşısını almaq üçün önləyici tədbirlər görməyə, beynəlxalq terror şəbəkələrinə cəlb edilən şəxsləri vaxtında zərərsizləşdirməyə və məzhəb çəkişməsinə yol açan pozucu ünsürlər barədə qəti ölçü götürməyə çağırıb.
 
Blok üzvləri ölkədə keçirilən bələdiyyə seçkilərinin növbəti mərhələsi barədə də fikir mübadiləsi aparıb. Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması mərhələsinin arxada qalmasına baxmayaraq yerlərdə müxalif yönlü namizədlərə namizədliklərinin qeydə alınıb-alınmaması barədə heç bir qərarın verilməməsi, onlara qarşı namizədliklərini geri götürmələri barədə təzyiqlərin olunması, hətta rüşvət təklif olunması və s. halları müzakirə edən toplantı iştirakçıları bu faktları ölkə və beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib və bələdiyyə seçkilərinin arxada qalan mərhələsini qeyri-demokratik, azad və ədalətli olmayan bir mərhələ kimi dəyərləndirərək, bu faktorların istər ölkə, istərsə də beynəlxalq ictimaiyyətə seçkilərin nəticələrini ciddi şəkildə şübhə altına almağa əsas verəcəyini qeyd edib.
 
Qarabağ Bloku Avropa Birliyinin Ukraynanın şərqində separatçı və qondarma respublikalarda keçirilmiş seçkilərin nəticələrinin tanımaması, onları qanunsuz hesab etməsi, separatçıların liderlərinin Avropaya girişinə qadağa qoyması, onların Avropada olan bank hesablarının dondurulması ilə bağlı qərarını müzakirə edərək belə bir qərarın verilməsini alqışlayıb, eyni zamanda Avropa Birliyini və digər beynəlxalq qurumları postsovet məkanında mövcud olan bütün separatçı rejimlərə qarşı anoloji mövqedən yanaşmağa çağırıb. 

Google+ WhatsApp ok.ru