Qarabağ erməniləri Azərbaycandan icazə gözləyir

Xocalı aeroportu ilə bağlı separatçı qurumun “idarə rəisi”ndən acı etiraf: “Bakı xoş məram göstərsə... Bizim heç İrəvana uçmaq hüququmuz da yoxdur”...

Ukraynada vəziyyətin təzədən kəskinləşməsi və yeni müharibə ehtimalının artması, paralel surətdə Qərblə Rusiya arasında söz savaşının güclənməsi və Kremlə qarşı yeni, daha sərt sanksiyaların tətbiq ediləcəyinin anons olunması sövq-təbii Qarabağ məsələsinə də öz təsirini göstərəcək. Bu təsir isə əlbəttə ki, həmişəki kimi, neqativ xarakterli olacaq. Niyə?

 
Ona görə ki, Dağlı Qarabağ ixtilafı istəsək də, istəməsək də çoxdan beynəlxalq təşkilatlardan, ATƏT-dən, BMT-dən deyil, konkret dövlətlərin, lap dəqiqi, Rusiya və ABŞ-ın iradəsindən asılı duruma salınıb.
 
Bu iki supergüc isə hələ ki Ukrayna böhranı ilə bağlı öz aralarında haqq-hesab çürütməklə məşğuldur və belə görünür, tezliklə onların münasibətlərində normallaşma gözləməyə dəymir.
 
Qarabağ probleminin həllinə əsas maneələrdən biri də işğalçı tərəfin Moskvaya arxayın olaraq maksimalist tələblərdən çıxış etməsi, konstruktivliyə yaxın gəlməməsi, bununla da nizamlama prosesini daha da uzatmasıdır. Söhbət öncəliklə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasının zəruriliyindən gedir.
 
Ermənilər həmişəki kimi, bu addıma yalnız separatçı qurumun “müstəqilliyinin” Bakı tərəfindən tanınacağı təqdirdə razı olacaqlarını bildirirlər. Azərbaycan isə öz mövqeyini prezident İlham Əliyevin dilindən dəfələrlə bəyan edib: Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, bölgəyə yalnız dünya praktikasında mövcud olan ən yüksək muxtariyyət hüququ tanına bilər. 
 
Bakı Qarabağ əhalisinin yerdə qalan bütün siyasi, sosial, iqtisadi, vətəndaş hüquqlarının tam təmin ediləcəyinə də birmənalı zəmanət verib. Bundan o yana Azərbaycanın atacağı kompromis addım yox. Bu - mümkünsüzdür. Ona görə ki, bundan o yana Azərbaycan Respublikasının ərazisində ikinci erməni dövlətinin rəsmən tanınması gəlir. Əfsus ki, xarici havadarlarına arxayın olan ermənilər buna da razı deyil. 
 
*****
 
İşğalçı tərəfin günahı üzündən formalaşmı belə bir vəziyyətdə əlbəttə ki, münaqişə tərəfləri arasında hansısa etimad mühiti söhbət mövzusu belə ola bilməz. Mövcud vəziyyətin altını isə ən çox Ermənistan və Dağlıq Qarabağlın erməni əhalisi çəkir desək, əsla yanılmarıq. 
Məsələn, Ermənistan qeyri-konstruktiv mövqeyə görə faktiki, izolyasiya şəraitindədir və üstəgəl, bütün iri və mühüm regional neft-qaz, kommunikasiya (dəmiryolu) layihələrindən kənarda qaldığından, onun iqtisadiyyatı uçuruma doğru gedir, ölkə sürətlə boşalır. 
 
İşğal altındakı Dağlıq Qarabağın erməni əhalisi isə ikiqat hüquqsuz vəziyyətdədir. Bölgənin statusunun qeyri-müəyyənliyi Qarabağ ermənilərini, üstəlik, konkret ölkənin vətəndaşı kimi əsas hüquqlardan məhrum edib. Bölgə erməniləri illərdir xaricə də Ermənistan pasportu ilə çıxmaq, xarici ölkələrdə Ermənistan vətəndaşı kimi yaşamaq və işə düzəlmək zorundadırlar.
 
*****
Dağlıq Qarabağ regionunun qeyri-müəyyən statusunun erməni əhalisinə yaratdığı başqa bir ağır problem bu yaxınlarda təmir edilmiş Xocalı aeroportu ilə bağlıdır. İş ondadır ki, hava limanı istismara hazır olsa da, ermənilər ondan istifadə edə bilmir. Çünki Bakı uçuşlara qadağa qoyub. Azərbaycan açıq şəkildə və dəfələrlə bəyan edib ki, qanunsuz uçuşların başlayacağı, hava məkanımızın pozulacağı halda bütün təyyarələr vurulacaq. 
 
Yeri gəlmişkən, Azərbaycanın bu xəbərdarlığını vasitəçi dövlətlər, Minsk Qrupu həmsədrləri də anlaşıqla qarşılayıblar. Nədən ki, Bakı sırf beynəlxalq hüquqa söykənərək belə mövqe sərgiləyib. Vəziyyətin ciddiliyini, beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu görən İrəvan və Xankəndi isə separatçı rejimin legitimliyini tanıtmağa yönəlik məkrli niyyətlərindən vaz keçməli oldular və....
Və ümidlərini indi də Bakının mərhəmətinə bağlayıblar. Buna qondarma qurumun aviasiya idarəsinin “rəisi” Dmitri Adbaşyanın son açıqlaması şübhə yeri qoymur. Adbaşyan deyib: “Stepanakert (Xankəndi-red.) aeroportu istənilən vaxt uçuşlar həyata keçirə bilər, ancaq bununçün Azərbaycanın razılığı lazımdır”. Onun sözlərinə görə, Xocalı hava limanı “DQR tanınmadan da fəaliyyət göstərə bilər, əgər onların (Bakının -red.) Qarabağ əhalisinə münasibətdə xoş məramı olarsa...”
 
“Onlar (Bakı-red.) mülki təyyarələrə uçmaq imkanı da verə, məhdudiyyətlər də qoya bilərlər və s. Misal üçün, Şimali Kiprin tanınmamasına baxmayaraq, Türkiyə vasitəsilə Kiprə uçuşlar həyata keçirilir və Kiprin yunan xalqı bütün dünyaya uça bilir. Bizim isə heç İrəvana uçmaq hüququmuz da yoxdur” - deyib Adbaşyan. 
 
“Bizə müxtəlif beynəlxalq təşkilatlardan adamlar gəliblər. Soruşublar, mən də hamısına izah eləmişəm: siz İnsan Haqları Bəyannaməsini qəbul etmisiniz. Onu Ermənistan, Azərbaycan, Türkiyə də imzalayıb. Həmin Bəyannamədə yazılıb ki, insan haqlarına insanların yaşadığı ərazinin statusunun dəxli yoxdur, ərazi tanınıb-ya yox, hamının hüquqları, o cümlədən sərbəst yerdəyişmə hüququ bərabərdir”, - deyə erməni “rəis” beynəlxalq qurumların ünvanına giley yağdırıb.
 
***** 
Ancaq sözsüz ki, onun gileyləri əsassızdır və heç bir beynəlxalq hüquqa, bəyannaməyə, kitaba-dəftərə söykənmir. Əsas səbəb yuxarıda deyildi. Daha bir səbəb: belə gileylər həm də ona görə əsassızdır ki, Adbaşyan da daxil, ermənilər utanc hissi keçirməlidirlər ki, Dağlıq Qarabağda və ətrafında etnik təmizləmə aparıb, yüz minlərlə köklü azərbaycanlıları öz yurd yerlərindən didərgin salınıblar, elə həmin aeroportun yerləşdiyi Xocalıda bəşəriyyətə qarşı cinayət - soyqırım törədiblər. 
 
Məgər qovulan insanların sərbəst yerdəyişmə hüququ yoxdur? Biz hələ azərbaycanlı məcburi köçkünlərin öz dədə-baba torpaqlarında yaşamaq, işləmək kimi Beynəlxalq İnsan Haqları Bəyannaməsində, BMT Nizamnaməsində təsbit edilmiş ən təbii haqqını demirik.
 
Odur ki, “özü yıxılan ağlamaz” və Bakıdan da mərhəmət, “xoş məram” gözləməz. Azərbaycanın xoş məramının şərti çoxdan bəllidir. Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qeyd-şərtsiz qəbul edərsə, heç bir problem yoxdur: o zaman xoş mərama lüzum qalmayacaq və Ermənilər Xankəndindən nəinki İrəvana və Bakıya, dünyanın dörd bir yanına sərbəst və təhlükəsiz uçacaqlar.

Google+ WhatsApp ok.ru