Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı Yəmənə qarşı təcavüz aktına etiraz etdi

Qarabağ Uuğrunda İslami Müqavimət Hərəkatı Səud rejiminin başçılıq etdiyi koalisiya tərəfindən Yəmənə təcavüzə etiraz edib. Qurumun mətbuat xidmətindən Maide.az-a daxil olan bəyanatda deyilir:
 
"Artıq xeyli müddətdir ki, Yəmənin bütün dünyanın gözü qarşısında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən xarici müdaxiləyə, təcavüzə məruz qalması – paytaxt Sənanın və digər iri şəhərlərin aviasiya vasitəsilə bombalanması, yaşayış məskənlərinin yerlə yeksan edilməsi, infrastrukturun dağıdılması, dinc sakinlərin kütləvi məhvi zəminində yaşanan ilginc insanlıq dramı yalnız təəssüf, utanc və qəzəb hissləri doğurur. İnanmaq çox çətindir ki, uzun illər hakimiyyət kreslolarını zəbt edib ölkə vətəndaşlarına qan udduran diktatura rejiminə qarşı çıxaraq onu devirmiş, ən adi hüquqlar - azad seçki, sosial rifah, təbii sərvətlərə sahiblik arzulayan xalqa bu cür divan tutulması XXI əsrdə, özü də dünyaya demokratiya dərsi keçən ABŞ-ın ilhamvericiliyi və dini dəyərlərin “himayəçisi” qismində çıxış edən Səudiyyə Ərəbistanının birbaşa iştirakı ilə baş verir. Heç kimə sirr deyil ki, planetin yüzlərlə ölkəsi bugünkü müstəqilliyinə məhz dünənə qədər Qərbin dəstəklədiyi cinayətkar rejimlər üzərində qanı, canı bahasına qələbə çaldıqdan sonra qovuşub. Görəsən, öz qanuni haqlarını tələb edən husilərin məhvində canfəşanlıq göstərən Əl-Səud rejimi nə üçün Fələstin, Suriya və digər ərəb faciələri ilə əlaqədar səsini çıxarmayıb?
 
Bütün bunlar azmış kimi, ABŞ-Səudiyyə bloku zorakı, iyrənc, qeyri-insani hərəkətlərini ört-basdır etməkdən ötrü Yəmənin işğalına bəyanat, nota şəklində etiraz bildirən İran İslam Respublikasının simasında da süni təhlükə formalaşdırmağa çalışır, bəşəriyyətin nəzər-diqqətini qana susamış siyasətlərindən yayındırmağa cəhdlər göstərirlər. Lakin tam əmin olsunlar ki, haqq nazilər, üzülməz: adil Allahdan, gözü tərəzi olan xalqdan və möhkəm yaddaşlı tarixdən nəyisə gizlətmək, yaxud başqa kontekstdə təqdim etmək əsla mümkün deyil.
 
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbərliyi və üzvləri doğma Azərbaycanımızın da təcavüzə məruz qaldığını bir daha xatırladaraq, doğma yurd-yuvanın işğalını, qaçqın-köçkün acılarını yaxşı bildiyindən ərəb dünyasındakı məzlum qardaş və bacılarının taleyinə, dərdlərinə də biganə qalmır, Yəmənə qarşı hərbi əməliyyatları təcili dayandırmağa çağırır. Bir daha bəyan edir ki, hər hansı ölkə əhalisinin azadlıq mücadiləsinə və daxili işlərinə kənar müdaxilə yolverilməzdir və problemlər xalqın istəyi ilə qanuni şəkildə öz həllini tapmalıdır."

Google+ WhatsApp ok.ru