Qaranlığa doğru...

Qaranlığa doğru...

Azadliq.info saytında "75 milyon manatlıq sual…" sərlövhəli məqalə diqqəti çəkir.
 
Müəllif yazır ki, bu ildən etibarən azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsilini nəzərdə tutan Dövlət Proqramının maliyyələşdirilməsi dayandırılıb:
"Ölkə başçısının sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na sonuncu dəfə vəsait keçən il ayrılıb. Hansı ki, "2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı"nın həyata keçirilməsi də hökumətin gündəmində duran prioritet məsələlərdən biri idi".
 
Müəllif hesab edir ki, Azərbaycan hökumətinin ölkənin gələcəyinə işıq saçacaq təhsilə investisiya qoymaqdan imtina etməsi artıq böyük pulların plansız və nəzarətsiz xərclənməsi üzündən tükənməsinin göstəricisidir.
 
Təhsil üzrə ekspert Kamran Əsədov isə diqqəti bu prosesdə şəffaflıq məsələsinə çəkib. O deyib ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə proqramdan 3 min 500 dən çox insan yararlanıb:
"Lakin ilk 5 ildə seçimlərin obyektiv şəkildə olmaması göndərilən gənclərin ya tam şəkildə təhsilini başa vurmaması, ya da təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmaması ilə nəticələndi".
 
K.Əsədov vurğulayıb ki, bu proqram çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrə 2016-cı ilə qədər 75 milyon manat vəsait ayrılıb. Amma onun fikrincə, nəticə yoxdur. Ekspert düşünür ki, proses şəffaf aparılmayıb.
 
Müəllif hesab edir ki, bütün hallarda təhsilə qoyulan vəsait hədər getmir:
"Ölkədə yaxşılığa doğru nə dəyişdi? Dünyanın aparıcı universitetlərində təhsil alıb geri dönən gənclər Azərbaycan reallığında öz bacarıqlarını necə reallaşdıra bildilərmi? Bunlar da xeyli sual doğuran məsələlərdir və həmin o geri qayıtmayanları orda saxlayan səbəbləri də bu nöqtədə axtarmaq lazımdır". /

Google+ WhatsApp ok.ru