''Qarant Holdinq''in işçiləri aksiya keçiriblər (VİDEO)

"Qarant Holdinq"in 66 nəfər işçisi 3 aydır maaşlarını ala bilmir.  Onlardan təxminən 30 nəfər holdinqdə aylıq 400 manat maaşla mühafizəçi işləyiblər. İşçilər deyir ki, son aylarda şirkətdə ixtisarlar gedib, indi də hər gün onları get-gələ salıb maaşların vermirlər. 
 
"Maaş üç aydır ki, verilmir. Kasıb uşaqlarıq, əziyyətlə işləmişik maaşımızı vermirlər. Biz də istəyirik ki, gətirib bizim maaşlarımızı versinlər. Heç olmasa, gedib problemlərimizi həll edək. Bank borcu olan var, eləsi var evində çörək yoxdur yeməyə. Hər kəsin yüz problemi var"- işçi deyir.
 
İşçilər bildirir ki, şirkət onlarla  əmək müqaviləsi də bağlamayıb.
 
Şirkətin nümayəndələri ilə görüşmək istəsək də bütün qapıları üzümüzə bağladılar. Elə ərazidə mühafizəçilərin rəislərinə zəng etsək də, telefonları açmadılar.  Məsələ ilə bağlı "Qarant Holdinq"in vəkili Ruslan Məmmədovla əlaqə saxladıq. O bildirdi ki, hazırda şirkətdə çalışmır, o da işdən ayrılanlardan biridir. Ancaq vəkil könüllü surətdə işdən ayrıldığını bildirdi.
 
"Garant Holdinq"in təsisçisi nəqliyyat naziri Ziya Məmədovun oğlu Anar Məmmədovdur.

Google+ WhatsApp ok.ru