Qardaşı deyib ki, Mehman Hüseynov evə zəng edib -YENILƏNIB

Qardaşı deyib ki, Mehman Hüseynov evə zəng edib -YENILƏNIB

Mehman Hüseynov müddətsiz aclıq elan edib

Dekabrın 26-da həbsdə yeni ittihamla üzləşən bloqqer Mehman Hüseynovun bu gün, dekabrın 27-də evlərinə zəng vurduğu bildirilir.

Bu barədə bloqqerin qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov “Turan” agentliyinə məlumat verib.

Qardaşının bildirdiyinə görə, Mehman Hüseynov 10 günlük cərimə kamerasına salındığını deyib.

Emin Hüseynovun habelə, vurğulamasına görə, Mehman ona qarşı yeni ittihama etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyasına başladığını da bildirib.

"Bu gün Mehman evə zəng edib. O, deyib ki, “kars”a (cərimə kamerası) salınıb və təzyiqə məruz qalıb. Telefon zəngi bir dəqiqədən də az çəkib, Mehman deyib ki, onun cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməsi haqqında məlumat yalandır. Telefonda bildirirb ki, ona cinayət işi, hələlik, fakt üzrə açılıb, ittiham irəli sürülməyib. Mehman vəkilləri ilə görüş tələb edib, ancaq vəkilini yanına buraxmırlar. Mehman yeni cinayət işinə, ona qarşı təzyiqlərə və vəkillərinin yanına buraxılmamasına etiraz əlaməti olaraq istintaq hərəkətlərində iştirakdan, ifadə verməkdən də imtina edib", deyə Emin Hüseynov vurğulayıb.

Penitensiar Xidmət və başqa rəsmi qurumlardan Emin Hüseynovun bu açıqlamasını, hələlik, dəqiqləşdirmək, bu deyilənlərə onlardan münasibət almaq mümkün olmayıb.

***
27.12.18
Hazırda mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov həbsdə olan qardaşı Mehman Hüseynovla bağlı açılan yeni cinayət işini «təxribat» adlandırıb.

«Biz Mehmana qarşı belə bir təxribat gözləyirdik. Ona mart ayında (2019-cu ilin martı nəzərdə tutulur- red.) həbs müddəti başa çatsa da, azadlığa çıxmayacağı xəbərdarlığı etmişdilər», - deyə o, «Turan» agentliyinə bildirib.

E.Hüseynovun sözlərinə görə, M.Hüseynova deyiblər ki, bu ilin yayında anasının məzarı başında dedikləri ilə bağlı onun haqqında yeni cinayət işi açıla bilər.

«İttihamlar cəfəngiyatdır. Həbs şəraitində cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməyə kim inanar? Mehman Hüseynova qarşı cinayət işi başlayıblar, vəkillərinin belə xəbəri yoxdur. Bu, yeni saxta cinayət işi deməkdir»,- deyə E.Hüseynov bildirib.

Ancaq E.Hüseynov qardaşına konkret kimin xəbərdarlıq verdiyini açıqlamayıb.
***

26.12.18

Həbsdə olan bloger Mehman Hüseynova qarşı yeni cinayəty işi başlanılıb.

Penitensiar Xidmətin məlumatına görə, dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru ƏliAbdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda deyilir ki, Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Bakı şəhəri Qaradağ rayon Prokurorluğu faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlayıb.

Vəkilləri və ailə üzvlərinə Mehman Hüseynova qarşı yeni cinatyət işi başlanması ilə bağlı hələ məlumat verilməyib.

Mehman Hüseynov 2017-ci il martın 3-də Bakının Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloğer həbsindən iki ay öncə saxlanılarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

O həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Son zamanlar həbsdə olan 4 ictimai-siyasi fəalla qarşı cinatəy işi qaldırılıb.

Belə ki, 11 illik həbsdən sonra həbsxanada qanunsuz narkotik saxlamaq ittihamı irəli sürülmüş sabiq səhiyyə naziri Əli İnsanova əlavə olaraq 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Xalq Cəbhəsi Partiyasının fəalı Məmməd İbrahim yaxınlarda eyni tale ilə üzləşib. Bu il sentyabrın sonlarında dini fəal Telman Şirəliyevə qarşı yeni cinayət işi açılıb. Mehman Hüseynov isə bu sırada dördüncü şəxsdir.




Google+ WhatsApp ok.ru