Qarpızdan zəhərlənmə halları artıb: Ancaq heç kim məsuliyyətə cəlb edilmir

Hər il olduğu kimi, bu il də qarpızdan zəhərlənmə hadisələri öz aktuallığını saxlmaqdadır. Demək olar ki, hər gün bu cür zəhərlənmə ilə bağlı xəbərlər eşidirik. Son üç gün ərzində isə iki nəfər qarpızdan zəhərlənərək, ağır vəziyyətdə xəstəxanaya çatdırlıb. Sevindirici haldır ki, hələlik bu cür zəhərlənmələr insan ölümü ilə nəticələnməyib. 
 
Lakin nədənsə, məsələnin ikinci bir tərəfi diqqətdən yayınır. Yəni zəhərlənməyə səbəb olan həmin qarpızları “yetişdirən” fermer və yaxud digər sahibkar məsuliyyətdən tamamilə kənarda qalır. Hər gün zəhərlənmə haqda xəbərlər eşitsək də, bu günəcən hansısa fermerin buna görə məsuliyyətə cəlb edilməsinin şahidi olmamışıq.
 
Ekspertlər bildirirlər ki, qarpızdan zəhərlənmələrin sayının artmasına səbəb bu məhsulun tez yetişməsi üçün ona vurulan dərmanlardır. Daha çox toksitlərdən, nitratlardan istifadə edilir ki, bu da insan sağlmalığı üçün ciddi təhlükə deməkdir. Əksərən qarpızlarda nitratlarin miqdarı 1 kiloqramda 350 milliqram olur ki, bu da real zəhərlənmə deməkdir. Lakin nədənsə, dövlət orqanlarının bu məsələyə nəzarəti çox zəifdir. Və İnsan sağlamlığını təhlükə altına salan fermerlər barəsində ciddi tədbirlər görülmür.  
 
Bəs görəsən, bu məsələ qanunvericilikdə necə tənzimlənir.
 
Hüququ müdafiəçisi Müzəffər Baxış bu barədə musavat.com-a danışaraq bildirb ki, əslində, qanunvericilikdə bu hal üçün konkret məsuliyyətlər nəzərdə tutulub. Onun sözlərinə görə, bəzən aidiyyatı orqanlar özləri bilərəkdən bu məsələyə göz yumurlar: “Təəssüflər olsun ki, heç bir aidiyyatı orqan bu cür məsələlərdə öz vəzifələrini doğru dürüst yerinə yetirmək istəmir. Qanuna əsasən xəstəxanaya hər hansı bir xəsarətlə daxil olan xəstə barəsində dərhal hüquq-mühafizə orqanlarına məlumat verilir. Bizim ölkədə polis zərərçəkən barəsində hesabat hazırlayıb, onun nədən zəhərlənməsi barədə qısaca məlumat verməklə işini bitmiş hesab edir. Halbuki, bu fakt tam və obyektiv araşdırılmalıdır. Məlum olmalıdır ki, qarpız haradan alınmışdı, onun fermeri kimdir, tərkibinə hansı maddələr vurlub və onun hansı zərərli tərəfləri var. Beləliklə, sənədlər toplanaraq, ciddi tədbirlər görülməldir. Əfsuslar olsun ki, biz bu günəcən heç bir obyektiv araşdırmanın şahidi olmamışıq, bunun ağrısını isə sadə insanlar, ailələr çəkir. 
 
Əksər hallarda həkimlər də bu məsələni gizlətməkdə maraqlı olurlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200.3 maddəsinə əsasən bilərəkdən yararsız məhsulların istehsalı və yaxud bu cür məhsulların satışa buraxılması, onun yararsız olduğu barədə məlumatın gizlədilməsi, insan sağlamlığına zərər vurma hadisəsi baş verdikdə 7 min manatdan 9 min manatadək cərimə və yaxud da 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərədə tutulub. Digər ağır nəticələr baş verərsə, 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
 
Daha yüngül nəticələr baş verərsə, İnzibati Xətalar Məcəlləsinə əsasən 228-ci maddə ilə həmin şəxslər cərimə olunur. Yəni, normaya görə məhsullarda Standartlaşdırma Qaydalarının pozulması baş verərsə, həm hüquqi, həm də vəzifəli şəxslər məsuliyytə cəlb olunaraq, 4 min manatadək cərimə olunur. 
 
Bir sözlə, konkret bu məsələlərlə bağlı qanunda məsuliyyət nəzərdə tutulub. Lakin bu məsulliyəti daşıyan şəxslərə qarşı hələlik heç bir ciddi tədbirlər həyata keçirilmir”. /

Google+ WhatsApp ok.ru