Qarpız mövsümü yetişdi: yeyək, yeməyək?

Qarpız mövsümü yetişdi: yeyək, yeməyək?

Eyyub Hüseynov: “Əhali bilməlidir ki, qarpız-yemişin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur...”
 
İyun ayı olsa da dükan-bazarda istənilən meyvə və tərəvəzə, qarpız-yemişə rast gəlmək olar. Qarpızın kilosu 35-55 qəpik arası, yemiş isə 1 manata və daha baha satılır. Məlumat üçün bildirək ki, qarpız ən çox Sabirabad rayonunda yetişdirilir. Bu rayonda becərilən “Çələbi” və “Şaban” növü qarpızlar öz dadı və içinin qırmızılığı ilə seçilir.
 
Ancaq istər qarpızın bu növlərinin, istərsə də digər növlərinin yetişmə vaxtı iyul ayının sonlarından başlayır. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan temperatura yalnız həmin aylarda təsadüf olunur. Ona görə də həkimlər adətən avqust ayından tez qarpız yeməyi məsləhət görmürlər. Mütəxəssislər iyunda yetişən qarpızın tərkibinə qırmızı rəng nitrat vurulduğunu deyirlər. Normadan artıq nitrat maddəsi qatılmış qarpızların rəngi isə qırmızı olmur, qırmızının sarıya bənzəyən çalarında olur.
 
Qarpızı bölərkən rənginin süni görünməsi, içərisində ağ-sarı zolağın olması da buna sübutdur. Nitrat orqanizm üçün zəhərli maddədir. Tərkibində nitrat olan qarpızlar immun sistemi güclü olan, mədə-bağırsaq problemi yaşamayan insanlarda ilk dəfə allergik təsir göstərməyə bilər, lakin həssas orqanizmi olan insanlarda bu qarpızın istehlakı ölümə belə səbəb ola bilər. Qarpız və yemişin hazırda qiymətini və alıcılarının olub-olmadığını öyrənmək üçün bir neçə satıcı ilə söhbətləşdik.
 
Satıcılar qarpız, yemiş alıcılarının elə də çox olmadığını dedilər. “Həzi Aslanov” metrosu yaxınlığında qarpız satan Fuad Məmmədov bu bostan məhsulunun qiymətinin gün keçdikcə düşdüyünü söylədi: “Biz qarpızı və yemişi Sabirabaddan gətirmişik. Qarpız bir həftə əvvələ qədər 70-80 qəpiyə satılırdı. İndi kilosunu 35 qəpiyə satırıq. Yemiş isə 1 manatadır. Qiymətlər düşəcək. Gələn aya kimi kilosu 20, hətta 10 qəpiyə qədər düşə bilər”.
 
Yemiş alan Aysel Əliyeva isə qarpızın indi dadının olmadığını dedi: “Əsl qarpızı avqustda yeyərlər. İndiki qarpızlar su dadır. Heç bir şirinliyi yoxdur. Bir dəfə aldıq, dadsız çıxdı. Ancaq yemiş alırıq. Yemiş qarpıza nisbətən dadlıdır”.
 
Bəs qarpız zəhərlənmələri zamanı nə etməliyik? Qeyd edək ki, bu cür zəhərlənmə zamanı insanda qəfil halsızlıq, soyuq tər, təzyiqin qəfildən düşməsi kimi hallar müşahidə edilir. Bir sıra mütəxəssislər hətta qarpız zəhərlənməsi zamanı zərərçəkəndə bir sıra fəsadların qaldığını deyirlər. Qarpızdan zəhərlənən şəxsə dərhal çoxlu maye içirtməli və onun qaytarmasına çalışmalısınız. Daha sonra əgər təzyiq düşübsə, onu soyuq tər basıbsa, zərərçəkənin başı aşağı vəziyyətdə qalmasını tənzimləmək lazımdır ki, başına qan getsin və dərhal həkim çağırılmalıdır.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bir kiloqram qarpızın tərkibində maksimum 60 milliqram nitrit olmalıdır: “Ötən il biz Azad İstehlakçılar Birliyində olan xüsusi cihazla monitorinq apardıq. Bakının bir bazarında belə nitritlərdən azad olmuş təmiz qarpız tapa bilmədik. Əhali bilməlidir ki, hazırda qarpızların və yemişlərin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Normalara görə bir kiloqram qarpızın tərkibində 60 milli qramdan çox nitrit olmamalıdır. İnsan gün ərzində 200-300 milli qramdan artıq nitrit qəbul etsə zəhərlənər. Hesablasaq görərik ki, bir adam hətta tərkibində normalara uyğun 60 milli qram olan 3 kilo qarpız yesə, artıq o, zəhərlənməyə məruz qalar. Mən bu rəqəmləri ona görə deyirəm ki, ötən il biz monitorinq apardıq və qarpızların tərkibində nitritlərin miqdarı nəinki 60, 200-250 milli qram çıxdı. Həmin qarpızlardan bir adam bir kilo yesə, zəhərlənər. Mən Kənd Təsərrüfatı Nazirliyinin işçilərinə üzümü tutub deyirəm, onlar hər şənbə və bazar günləri bahalı kostyumlarını geyinib qiymət tənzimləməyə çıxırlar. Gedib kəndlilərə nitritlərdən nə qədər istifadə etmək lazım olduğunu desinlər. İnsanlar kütləvi tədrici zəhərlənmənin qurbanları olur. Mən hazırlaşıram ki, bu il də monitorinq aparım. Əgər bazarlarda yenə də eyni vəziyyət müşahidə olunsa, o zaman həyəcan təbili çalacağam. Onu da qeyd edim ki, keçən il sellofan altında yetişdirilməyən, bostan qarpızlarında da bu halı müşahidə etdim. Əminəm ki, indi erkən çıxarılan qarpızlarda bu, daha çoxdur. Qarpız almaq istəyən insanlara təmənnasız olaraq o ekspertizanı aparmağa hazıram”.
 
E. Hüseynov bildirdi ki, nitritlərlə zəhərlənməmiş qarpızın qabığının qalınlığı yarım santimetrdən artıq olmalı deyil və al qırmızı olmalıdır: “Şirin olub içində zoğlar olan qarpız artıq zəhərli qarpızlardır. Normal yetişən qarpıza bıçaq vuranda partlamalıdır”.
 
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov virtual.org-a açıqlamasında son illər bütün meyvə-tərəvəzlərin vaxtından əvvəl yetişməsinin iqlim dəyişikliyi ilə əlaqədar olduğunu bildirib. Mütəxəssisin sözlərinə görə, son 20 ildə hava orta hesabla 1 dərəcə istiləşib. V.Məhərrəmov hesab edir ki, örtülü şəraitdə, istixanalarda yetişən meyvə-tərəvəzi, o cümlədən yemiş və qarpızı yalnız bir şərtlə yemək olar: “Əgər istixanada yetişdirilən qarpız və yemişə verilən gübrə və pestisidlər normaya uyğundursa, heç bir zəhərlənmə halı ola bilməz. Əslində sahibkarlar açıq şəraitdə bu bitkilərə azotu daha çox verirlər. Ona görə də bu hallarda açıq şəraitdə yetişdirilən məhsul daha təhlükəli ola bilər. Biz bilirik ki, qarpız, o cümlədən əksər tərəvəzlər azotu çox mənimsəyirlər. Artıq verildikdə isə o, meyvədə toplanır və həmin qidanı zərərli edir”.
 
Ekspertin sözlərinə görə, hava şəraitinin dəyişkən olması da azotun sorulmasına mənfi təsir edir: “Məsələn, hava gah normadan çox isti olur, gah da şiddətli yağışlar yağır. Bu da bitkidə fotosintez prosesinə mane olur. Məhsula verilən azot qeyri-üzvü maddədən üzvi maddəyə çevrilə bilmir. Əgər qaydalar pozulmayıbsa, vaxtından əvvəl yetişən bu məhsul ziyanlı ola bilməz”.
 
Qarpızın tarixinə nəzər salsaq beş min il əvvəl misirlilərin heroqlif yazılarında qarpıza rast gəlindiyini görərik. Köhnə misirlilər kral məzarlarına kralın öləndən sonra qidalanması üçün qarpız qoyurmuşlar. İlk olaraq Afrika çöllərində yetişdiyi güman edilən bu meyvə 10-cu əsrdə Aralıq dənizi ticarəti ilə Çinə qədər gedib çatıb. Çin bu gün dünyanın ən çox qarpız yetişdirilən ölkədir. Ərəblər 13-cü əsrdə qarpızı Avropaya gətiriblər. Amerika qitəsinə afrikalı kölələr tərəfindən aparılıb. Hazırda 1200 növü olan qarpızın 300 növü məhz ABŞ-da yetişir. Hətta 1998-ci ildə “Ginnesin rekordlar kitabı”na düşən 119 kiloluq dünyanın ən böyük qarpızı da ABŞ-da yetişdirilib.
 
Ümumiyyətlə, qarpızın əsl vətəni Afrika hesab edilir. Azərbaycanda isə qarpız əsasən Sabirabad, Saatlı, Abşeron və digər rayonlarda becərilir. Qarpız ən tez 75-80, ən gec isə 100-200 günə yetişir. (musavat) /

Google+ WhatsApp ok.ru