Qarsda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək

 Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycan və Türkiyə həmkarları ilə üçtərəfli görüşdə iştirak etmək üçün gələn həftə Türkiyəyə səfər edəcək.
 
APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, dekabın 10-da Türkiyənin Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək.
 
Görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçiriləcək.
 
Tədbirdən əvvəl Tamar Beruçaşvilinin Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü gözlənilir. Görüşdə ikitərəfli münasibətlər, bütün sahələrdə strateji tərəfdaşlıq, eyni zamanda regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
 
Xatırladaq ki, üç ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin birinci görüşü 2012-ci ildə Trabzon şəhərində, ikinci görüş isə 2014-cü ilin fevral ayında Gəncədə baş tutub.
 
Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin birinci üçtərəfli sammit görüşü 2014-cü ilin may ayında Tiflisdə, bu ilin avqustunda isə üç ölkənin müdafiə nazirlərinin görüşü keçirilib. /

Google+ WhatsApp ok.ru