QAT 2015-ci ilin “Qarabağ İli” elan olunması təklif etdi

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisi 2015-ci ilin “Qarabağ İli” elan olunması təklifi ilə çıxış edib.
QAT Ali Məclisinin qərarında göstərilir ki, müharibənin başlanmasından 25 ildən çox, hətta atəşkəsin özündən də artıq 20 il keçib. Həddindən artıq çox vaxt keçib. Artıq torpaqlarımızın bundan sonra da işğal altında qalmasına dözmək olmaz. QAT bu təkliflə hakimiyyətə və cəmiyyətə müraciət edir. 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində köklü və əsaslı dönüşə nail olunmalıdır. Bunun üçün hakimiyyət öz üzərinə düşən vəzifələri, Konstitusiyadan irəli gələn borcunu yerinə yetirməli, hərbi əməliyyatlara başlamalı, Azərbaycanın düşmənləri üzərində qələbəsini, torpaqlarımızın işğaldan azad olunmasını təmin etməlidir.
Hər bir ictimai, siyasi təşkilat, hər bir vətəndaş Qarabağın azadlığı üçün üzərinə düşən vəzifəni, imkanı çatan işləri yerinə yetirməlidir. Bu yolda hakimiyyətin və cəmiyyətin qarşısında heç bir beynəlxalq öhdəlik, beynəlxalq tədbir, idman yarışı və ya başqa bir tədbir, heç nə və heç bir amil maneə olmamalıdır.
Biz dövlət və millət olaraq Qarabağ naminə hər şeyin üstündən adlayıb, tapdalayıb keçmək iqtidarında olmalıyıq. Prezident də, alim də, patiya sədri, təşkilat rəhbəri, hərbçi, fəhlə, müəllim də, jurnalist də - hər kəs öz vicdanı və milləti qarşısında hesabat verməlidir: Mən Qarabağın azadlığı üçün nə etmişəm?! Bu sualın cavabı yoxdursa, başqa şeydən danışmaq tam mənasızdır. Bir ildən sonra bu sualın cavabını əvvəlcə özümüzdən, sonra isə hamıdan soruşacağıq. Onda görək, kimin üzü ağ, kiminki qara olacaq! Qarabağ naminə çalışaq, yaşayaq və qələbəyə nail olaq! Yoxsa yaşamağımızın mənası yoxdur! Ya Qarabağ, ya ölüm!.  islamazeri /


 

Google+ WhatsApp ok.ru