Qatar biletlərinin qiymətləri qalxır

Qatar biletlərinin qiymətləri qalxır

Yanvarın 28-dən

Yanvarın 28-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqında müəyyən artım olacaq.
 
Bu barədə, yanvarın 25-də "Azərbaycan Dəmir Yolları" qapalı səhimdar cəmiyyəti (QSC) məlumat yayıb.
 
Məlumatda yazılıb ki, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində, bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlərlə yanaşı elektron plastik kartlar da istifadə edilir. “Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir”, QSC qeyd edir.
 
Açıqlamaya görə, sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlər yaranır.
 
QSC iddia edir ki, bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb olunması, gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq edilir.
 
“Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək”, məlumatda yazılıb.
 
Qiymətlər necə artıb?
 
Beləliklə, Bakı-Sumqayit qatarında ekonom vaqonlarda plastik kartla gediş haqqı dəyişməyib. Amma kağız biletlərin qiyməti 1 manatdan 1 manat 10 qəpiyə qalxıb.
 
Bakı-Sumqayıt qatarının biznes vaqonlarda isə plastik kartın qiymətinin 40 qəpik artırıldığı bildirilir. Kağız biletin qiyməti isə 50 qəpik artırılaraq 2 manat 10 qəpiyə çatdırılır. Əvvəllər bunun 1 manat 60 qəpik olduğu qeyd edilir.
 
Bakı-Biləcəri, Bakı-Xirdalan, Xırdalan-Biləcəri, Xırdalan-Sumqayıt və Biləcəri-Sumqayıt marşurutunda da biznes vaqonda kağız biletin qiymətlərinin 50 qəpik artırıldığı bildirilir.
 
Həmin marşurutlar üzrə ekonom vaqonlarda isə kağız biletlər üzrə qiymətlər yalnız 10 qəpik artırılır.
 
Sözü gedən istiqamətlərdə qatarların qiyməti sonuncu dəfə ötən ilin martında bahalaşmışdı.
 
Xatırlatma
 
Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünüb.
 
Onda Bakı-Sumqayıt istiqamətində dəmir yolu infrastrukturu yenidən qurulmağa başlanıb. Həmin vaxt xəttə yeni, müasir qatarlar buraxılıb. /azadliq.org/
 

Google+ WhatsApp ok.ru