Qaxda varlıları söydüyü üçün kəlləsini dağıtdılar

Kasıblığı özünə dərd edən usta Azad varlıları haram pul qazanmaqda günahlandırıb, onları söyüb.
 
İki gün əvvəl Qax rayonunda törədilən cinayət də varlı-kasıb söhbətindən doğub. 
 
Avqustun 28-də Qaşqaçay kəndində nalbənd işləyən Aydın Babayev varlıların müdafiəçisinə “çevrilib”. 
 
At nallamaqla pul qazanıb ailəsini dolandıran A.Babayev həmkəndlisi Azad Əmrahovla yerib-içiblər. Kəmərin altını bərkidəndən sonra rayondakı varlıları müzakirə etməyə başlayıblar. 
 
Kasıblığı özünə dərd edən usta Azad varlıları haram pul qazanmaqda günahlandırıb, onları söyüb. Varlıların söyülməsi isə Aydını əsəbləşdirib və zənginlərin təhqirini ona həyatı bahasına ödətdirib. Yerdən daş götürərək onun başına çırpıb. Kəlləsi dağılan Azad dünyasını dəyişib. 
 
Qax Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb. A.Babayev tutularaq barəsində həbs qərarı verilib. 
 
Ailəsini ustalıqla dolandıran 44 yaşlı A.Əmrahovun iki azyaşlı uşağı yetim qalıb. Varlıların “müdafiəçisi” Aydın da iki uşaq atasıdır. O, bir neçə gündən sonra yeni dünyaya gələcək övladının yolunu gözləyirdi. Görünür, üçüncü dəfə ata sevincini həbsxanada yaşamalı olacaq.

Google+ WhatsApp ok.ru