Qazaxıstanda etnik toqquşmada 10 nəfər ölüb

Qazaxıstanda etnik toqquşmada 10 nəfər ölüb

Qazaxıstan prezidenti Qasym-Zhomart Toqaev ötən həftəsonu bu bölgədə baş vermiş dəhşətli etnik toqquşmaların ardınca Cambul vilayətinin qubernatorunu vəzifəsindən azad edib.
 
Toqaevin mətbuat xidməti fevralın 10-da bildirib ki, prezident fərmanı ilə vəzifəsindən azad edilmiş Asqar Myrzakhmetov-un yerinə baş nazirin müavini Berdibek Saparbaev təyin olunub.
 
Bu fərmanın verilməsindən əvvəl sözü gedən regionun Masançi, Sortobe, Auqattı və Bulan-Batır kəndlərində yerli qazaxlarla Çin mənşəli etnik dunqanlar arasında baş vermiş toqquşmalarda 10 nəfər həlak olmuşdu.
 
Bundan başqa toqquşmalarda iki polis də daxil onlarca xəsarət alan var. Burada 30 ev, 15 ticarət obyekti və 23 avtomobil məhv edilib və dağıdılıb.
 
Toqaev habelə daxili işlər naziri Erlan Turghymbaev-ə regionun polis rəisini vəzifəsindən azad etməyi tapşırıb.
 
Qazaxıstan daxili işlər nazirinin müavini Aleksei Kalaichidi fevralın 9-da deyib ki, münaqişə şosse yolunda iki sürücünün mübahisəsindən başlanıb.
 
Kalaichidi əlavə edib ki, şosse yolunda baş vermiş bu hadisənin visdeosunun internetdə yerləşdirilməsi münaqişənin genişlənməsinə və odlu silahlardan istifadəyə gətirib çıxarıb.
 
Qırğızıstana qaçış
 
Bu da xəbər verilir ki, münaqişənin baş verdiyi kəndlərdən minədək sakin evlərindən qaçaraq qonşu Qırğızıstanın Çuy rayonuna sığınıb. Bu rayonda əsasən elə dunqanlar yaşayır.
 
Fevralın 8-də sərhədin Qırğızıstan tərəfində sıralanmış dunqanları görmək olardı. Onlar sərhədin bu tayındakı soydaşlarına ərzaq və dava-dərman çatdırırdılar.
 
Qırğızıstan rəsmiləri bildirirlər ki, əsasən dunqanlardan ibarət 4500 Qazaxıstan vətəndaşı ötən həftə baş vermiş toqquşmadan sonra bu ölkəyə sığınıb.
 
Qazaxıstan rəsmiləri isə deyirlər ki, onlardan mini Qazaxıstan hökumətinin çağırışından sonra fevralın 9-da evlərinə qayıdıb.
 
Qazaxıstan maliyyə nazirinin müavini Alikhan Smailov fevralın 10-da deyib ki, münaqişə zamanı ölənlərin ailələrinə yardım göstəriləcək və dağıdılmış evlər bərpa olunacaq.
 
Polis baş vermiş qətllər barədə cinayət işi açıb.
 
Şərhçilər bildirirlər ki, Qazaxıstan hökuməti ölkəni daim millətarası həmahəngliyin diyarı kimi təqdim etməyə çalışsa da, Sovet İttifaqı 1991-ci ildə dağıldıqdan sonra Qazaxıstanda çox sayda etnik toqquşmalar baş verib.
 
Buna baxmayaraq qazaxlar və dunqanlar arasındakı son münaqişə ölkənin yeni tarixində ən böyük toqquşma sayılır.
 
Həm də Huey adı ilə tanınan dunqanlar sünni müsəlmandırlar. Onlar tarixi mənşəcə türk tayfası olsalar da, ana dilləri Mandarin (Çin) dilidir.
 
Dillərində çox sayda ərəb, fars, türk mənşəli sözlər var. Onların əcdadları Çindən Rusiya imperiyasının Orta Asiya bölgəsinə 19-cu əsrdə köç ediblər.
 
Buna səbəb Çin hökumətinin 1862-1877-ci illər Dunqan Qiyamının iştirakçılarına divan tutması idi.
 
Keçmiş SSRİ-də dunqanların ümumu sayı 120 min nəfər idi.
 
Onlar əsasən Özbəkistanın Cambul və Qırğızıstanın Çuy rayonlarında yaşayırlar. /azadliq.org
 

Google+ WhatsApp ok.ru