Qazın qorxulu tərkibi

Qazın qorxulu tərkibi

-- Keyfiyyətsiz qaz özünü xatırlatdı

"Novoye Vremya" qəzetində "Keyfiyyətsiz qaz özünü xatırlatdı" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif vurğulayır ki, bu yaxınlarda Azərbaycanda qazın keyfiyyətinə nəzarət edən qurum yaradılıb və ümid etmək olardı ki, qazın təmizliyi məsələsi həll edilib.
 
Yazı müəllifi deyir ki, "Azəriqaz"ın bəzi əməkdaşları isə ölkəyə təmiz qaz verilməməsi ilə bağlı informasiyaları təkzib etməklə problemin üstündən keçmək istəyirlər.
 
Müəllif buna cavab olaraq ölkədə təbii qazın emalı, verilməsi və istehlakı sahəsində qanunvericiliyin pozulması hallarının müəyyən olunması ilə bağlı AMEA-nın vitse-prezidenti İbrahim Quliyevin düşüncələrinə yer verir: "Aparılan tədqiqatlar nəticəsində əhaliyə verilən məişət qazının tərkibində normativ sənədlərin tələblərinə uyğun olmayan yanmayan qarışıqlar, digər ağır tərkiblər aşkarlanıb. SOCAR tərkbində olan bəzi qaz paylayıcı stansiyalarda qazın tərkibinin təmizlənməsi üçün istifadə olunan avadanlıqlar müasir tələblərə cavab vermir".
 
Müəllifə görə, ölkədə qaz istehsalçıları və paylayıcıları olan müəssisələrin deyilənləri inkar etməsi dəm qazından boğulmaların bundan sonra da davam edəcəyi anlamına gəlir.
 
Müəllif hesab edir ki, bu problemə bundan sonra göz yummaq olmaz, onun həlli üçün zəruri tədbirlər gərəkir: "Qış fəslində qaz təchizatı sahəsində yaranan fasilələr, evlərdə istilik olmaması, qaz cihazlarından düzgün istifadə edilməməsi dəm qazından boğulmalar yaradır".
 
Yazı müəllifi deyilənlərə ciddi yanaşılması üçün ötən qış Sumqayıtda bir binanın zirzəmisində məskunlaşan bir ailənin 6 üzvünün dəm qazından boğulmasını göstərir.
 
Müəllif hesab edir ki, indi, yəni, yay fəslində qazın tərkibindəki qarışıqlar təmizlənməlidir, çünki Avropaya qaz ixracına hazırlaşan Azərbaycan öz vətəndaşlarının ev və mənzillərinə keyfiyyətsiz qaz verə bilməz.
 
Məqalə müəllifinə görə, qazın keyfiyyətinə nəzarət etməli olan qurum səhlənkarlığı ilə Azərbaycan enerji sisteminin səmərəliliyini və etibarlılığını zərbə altına qoyur, ən başlıcası isə əhalinin sağlamlığına və təhlükəsizliyinə qayğı onların vəzifə borcudur.(contact.az)
 

Google+ WhatsApp ok.ru