Qazın təzyiqi niyə “oynayır”?

Qazın təzyiqi niyə “oynayır”?

-- “Xörək hazırlanan peçin üstünə kərpic qoyub ev qızdırırlar”

Havaların soyuması təbii qaza olan tələbatı artırıb. Bu isə öz növbəsində abonentlərin qazın təzyiqinin aşağı düşməsi, tez-tez “oynaması” ilə bağlı şikayətlərinə səbəb olub.
 
Qazın təzyiqini azaldan səbəblər
 
“Azəriqaz” İstehsalat Birliyinin sabiq idarə rəisi, Azad İstehlakçılar Birliyinin Kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov Modern.az-a bildirir ki, qazın təzyiqinin azalması bir qurumla bağlı məsələ deyil:
 
“Qazın təzyiqi, sudan da, işıqdan da asılıdır. Təzyiqin azalması xüsusilə axşam saatlarında müşahidə edilir. Bu halı da daha çox, suyu qrafiklə alan abonentlər yaşayır. Su qrafiklə veriləndə böyük massivlərdə məhz həmin saatlarda su qızdırıcıları işə düşür. Suyu qrafiklə alan abonentlər, yaxud işləyən vətəndaşlar işlərinin çox hissəsini məhz su gələnə saxlayırlar. Kimisi qablarını, paltarlarını yuyur, kimisi çimir və s. Ona görə də qaz kəmərlərinin ötürücülük qabiliyyəti buna çatmır. Verilən qazın təzyiqini də çox qaldırmaq olmaz. Çünki su kəsilən kimi şəbəkədə yüksək təzyiqə və partlayışa səbəb ola bilər”.
 
"Bəzi ərazilərdə köhnə qaz avadanlıqlar hələ də qalır"
 
Ekspert deyir ki, əksər abonentlər yemək bişirilən peçi evi qızdırmaq üçün istifadə edir:
 
“İşığın verilməsində fasilələr yarandıqda, yaxud heç fasilə yaranmasa belə, əksəriyyət xörək hazırlamaq üçün nəzərdə tutulan peçin (dördgöz) 4 gözünü də yandırır. Bu azmış kimi üstünə yekə bir kərpic, dəmir də qoyur ki, ev qızsın. Yaxud da yağ radiatorları ilə qızınırlar. Bu, harada görünüb? Yalnız bizdə. İnsanlar anlamır ki, bu peç çay qızdırmaq, yemək hazırlamaq üçündür, evi qızdırmaq üçün yox. Abonentlərin sayına görə boruların diametri seçilir. Yüklənmə çox olanda problem yaranır. Bundan başqa, kombi istifadəçiləri dərəcəni 60-da saxlamaqdansa, 90, 100 dərəcəyə qaldırır. Ona görə də şəbəkədə təzyiq aşağı düşür. Həmçinin, bəzi yerlərdə köhnə sistemli avadanlıqlardır ki, işçi gedib onu tənzimləyənə qədər müəyyən qədər vaxt gedir. Bir də bizim insanlarımız çox dözümsüz, səbirsiz olub. İş varsa, problem olması normaldır. Bu, təkcə qaz sahəsinə aid deyil. Mənim “Azəriqaz”ı müdafiə etmək fikrim yoxdur, amma reallıq da nəzərə alınmalıdır. 20-30 kilometrlik qaz kəməri, 2 milyona yaxın abonenti var. 1-2 yerdə problem olmasını ölkədə qaz problemi kimi təqdim etmək düzgün deyil. Yaxşı olar ki, vətəndaşlar redaksiyalara üz tutana qədər, quruma müraciət etsin. İnsanlar çox vaxt heç bir yerə müraciət etmədən mətbuata çıxırlar. Adamlar istəyir ki, evindən çıxmadan kimsə onun problemini həll etsin”.
 
Qaz sərfiyyatında 2 günə 2 milyon 458 kubmetr fərq
 
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a deyir ki, temperaturun aşağı düşməsi ilə təbii qaza olan tələbat artıb:
 
“Son iki gündə havalar kəskin soyuyub. ”Azəriqaz” İstehsalat Birliyi tələbata uyğun olaraq, təbii qazın verilişini təmin edir. Belə ki, respublika üzrə sərfiyyat yanvarın 9-da 26 milyon 951 min kubmetr, yanvarın 10-da 29 milyon 409 min kubmetr olub. Yəni tələbat artdıqca, təbii qazın verilişi də artırılır. İki gün üzrə sərfiyyatda olan fərq 2 milyon 458 min kubmetr təşkil edir.
 
Kimsə təzyiqin oynaması halı ilə rastlaşıbsa, “Azəriqaz”ın 104 və 185 saylı çağrı mərkəzinə müraciət edə bilər. Daxil olan müraciətlər əməkdaşlarımız tərəfindən araşdırılır və lazımi tədbirlər görülür. Bu saata qədər qeyd etdiyiniz halla bağlı çağırı mərkəzinə kütləvi müraciət daxil olmayıb”.
 

Google+ WhatsApp ok.ru