İqbal Ağazadə:““İsrafçılıq” deyib bağıranların məclislərinə baxın, ən çox israfçılıq ordadır”

Maide.az-ın məlumatına görə, millət vəkili İqbal Ağazadə "Yeni Müsavat" qəzetinə verdiyi açıqlamada toy və yas mərasimlərinə də toxunub. O bildirib ki, hələlik bu barədə qanun layihəsi parlamentə daxil olmayıb: "Mən hesab etmirəm ki, kimsə xeyir-şər haqqında qanun qəbul etməlidir. Belə bir qanun ola bilməz. Hər kəs ölüsünü necə dəfn etməyi özü bilir. Dövlət buna qadağa qoya bilməz. Bu, şəriət dövləti deyil ki, şəriət qaydalarına mütləq əməl edəsən. Burda tövsiyə, maarifləndirmə ola, müzakirələr açıla, cəmiyyətin ağıllı, tanınmış adamları maarifləndirmə yolu ilə insanlar arasında təbliğat apara bilər. Amma bunu qanunla tənzimləmək absurd bir şeydir. Yaxud mən əhd eləmişəm ki, oğlumun toyunu belə edəcəyəm. Sən insanın ömründə bir dəfə etdiyi toyuna qanunmu qoyacaqsan ki, restoranda bu yeməyi vermə. Bunlar absurd məsələlərdir. Belə şeyləri, ümumiyyətlə, müzakirəyə çıxartmaq doğru deyil. Əgər israfçılıq varsa... “İsrafçılıq” deyib bağıranların məclislərinə baxın, ən çox israfçılıq ordadır. Hər kəs çalışır ki, qanunu başqası üçün yazsın, özü üçün yox. Əgər sən düzgün hesab etmirsənsə, etmə də bunu." 

Google+ WhatsApp ok.ru