Qüdsün müdafiəsi üçün beynəlxalq kampaniyaya start verildi (foto)

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu müsəlmanların müqəddəs məkanı olan Əl-əqsa məscidinə girişdə İsrail tərəfindən yaş məhdudiyyəti qoyulmasına etiraz olaraq beynəlxalq kampaniyaya start verdi.

Forumun İstanbuldakı baş ofisindən Maide.az-a verilən xəbərə görə, “50 yaşa qədər bir Fələstinliyəm” (I am Palestinian under 50) adlı kampaniyanın əsas məqsədi İsrailin bir milyard yarım müsəlman tərəfindən müqəddəs sayılan bir məkanla bağlı bu qadağasının bölgədə və dünyada mədəniyyətlərarası qarşıdurmaya səbəb olmasının qarşısını almaq, Qüdsün 1400 illik müsəlman kimliyinin tamamilə yox edilməsi təşəbbüsünə etiraz etməkdir. 

İslam Konfransı Gənclər Forumunun kabinet rəhbəri Elməddin Mehdiyev kampaniyanın sosial şəbəkələrin köməyi ilə İndoneziyadan İordaniyaya qədər təşkilata üzv 45 ölkədə paralel şəkildə həyata keçiriləcəyini və sözügedən böhran həll edilənə qədər davam etdirilməsinin nəzərdə tutulduğunu bildirdi. 
Kampaniya çərçivəsində ötən gün İstanbuldakı Sultan Əhməd meydanında böyük aksiya təşkil edilmiş, yerli əhaliyə və turistlərə məlumat məqsədi ilə hazırlanmış broşuralar paylanmışdır. Bənzər tədbirlər şəhərin ən böyük məscidlərindən hesab edilən Fateh və Eyyub məscidlərində də həyata keçirilmişdir. 
Xatırladaq ki, bir müddət əvvəl Sionist Rejim qüvvələri təhlükəsizlik tədbirləri adı altında Əl-əqsa məscidinə girişdə 50, daha sonra 45 yaş məhdudiyyəti gətirmişdir. /

 

Google+ WhatsApp ok.ru