QEYBƏTİN NÖVLƏRİ

QEYBƏTİN NÖVLƏRİ

Qeybətin ən ağır günahlardan olması onu daim diqqət mərkəzində saxlamış, din alimlərinin müzakirə mövzusuna çevrilmiş və geniş anlam daşıyan bu mövzu müxtəlif növlərə bölünmüdür.

İlk baxışda qeybət dil vasitəsilə başqalarının eyiblərini faş etməyi bildirsə də, onun əsl mahiyyətini nəzərə almaqla əxlaq elmi nöqteyi-nəzərindən daha geniş məna kəsb etdiyi, hər vasitə ilə – danışıq, yazı, işarə, kinayə və yaxud ədalarla başqasının eybinin faş edilməsini ifadə edir. Məsələn, nəql olunur ki, bir qadın Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib-getdikdən sonra o həzrətin həyat yoldaşı Ayişə əli ilə onun qısaboylu olduğuna işarə edərkən, Həzrət ona belə buyurur:

قَد أغتَبتِها

“Sən onun qeybətini etdin.”

Başqa bir hədisdə deyilir ki, Ayişə bir qadının ədasını çıxartdıqda, Peyğəmbəri-Əkrəm (s) ona bu işi qadağan edir. (“Ehyaül-ülum”, 3-cü cild, səh.145; “Məhəccətül-beyza”, 5-ci cild, səh.257.)

Məlum olur ki, hətta təlif və yazılarda, başqalarının fikir və nəzərlərinin tənqidində çox diqqətli olmaq, qeybət doğuran hisslərdən çəkinmək lazımdır. Bəzən başqasının danışığına tutulan iradlarda aşkar qeybət, töhmət, məzəmmət, istehza, yaxud təhqirlə yanaşı ifadələrə rast gəlinir. Yaxşı olar, yazılarda başqalarının heysiyyətinə toxunan “gülünc”, “ağılsız”, “uşaqfikirli” kimi ifadələrdən də (qarşı tərəf məlum olmadığı, yaxud qeybət və təhqiri caiz olduğu hallar istisnadır) çəkinilsin. Bəzən də başqasınını qüsurunu kinayəli sözlərlə dinləyənə anladırıq. Bu da qeybət sayılır. Məsələn, belə deyirik: “Bu gün filankəslə görüşümdə nələr deyirdi...” Halbuki onu dinləyən, kimdən söhbət getdiyindən xəbərdardır.

Qeybət, bəzən, digər günahlarla yanaşı olur, yaxud xoşməramlı görünür. Məsələn, bəziləri qeybəti yazaraq “qorxuram ki, əlavə izahat versəm, qeybət olar”, yaxud “təəssüf ki, şəriət dilimizi bağlayıb”, yaxud da “şəriət icazə vermir, yoxsa deyərdim...” – kimi ifadələrə əl atırlar. Belələri qeybətdən qorunduqlarını güman edərək, həm qeybətə düşür, həm də məsələni aydınlaşdırmadan qarşı tərəfi hər hansı hadisə və sözügedən şəxsə qarşı bədbin edirlər. Mövzunu daha da şişirtdikdə isə, riyakarlığa düçar olaraq, eyni vaxtda iki çirkin əmələ batırlar. Bəzən ürəkyananlıqla belə deyənlər də olur: “Yazıq fılankəs, ayağı büdrədiyi üçün filan bəlaya düşdü. Allah günahından keçsin!” Burada “qeybət” “riya”ya qarışmışdır. Bəzən də “Allaha şükürlər olsun ki, fılankəs kimi yalançı deyiləm! Doğrudan da, əgər Allah bizi qorumasa, işlər çox çətin olar. Adam gərək özü başa düşsün, Allah Özü adamın dadına çatsın!...” – kimi kinayələrlə həm qeybət, həm riya edir, həm də özünü öyərək əlavə günahlara düşürlər. Bəziləri hiddətlənərək “Mən bunu onun öz yanında da deyə bilərəm!” – kimi ifadələri ilə sözügedən möminin əməlini doğru yerə yozmağın yolunu da bağlayır və dediyi sözü ilə qeybətə bir qədər də artıq hökm verir. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.83-85.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru