QEYBƏTİN ƏSAS AMİLLƏRİ

QEYBƏTİN ƏSAS AMİLLƏRİ

Qeybətin neçə əsas amili ola bilər:

1. Ədavət və qisas hissi: Daxildəki ədavət və kin-küdurət şölələrini söndürmək üçün qeybət və qarşı tərəfin abır-heysiyyətini aparmaq çox asan və sadə yoldur. Bəzən, mömin qardaşının əlindən narahat olub qəzəblənən bir şəxsin qəlbində qəzəb atəşi baş qaldırdığı an iki hal büruzə verir: İlk növbədə həmin şəxs qəzəbləndiyi adamın nöqsanlı cəhətlərini deməklə hirsini soyutmağa çalışır. İkinci mərhələdə qəzəbini qəlbinə gömərək kin-küdurətə çevirir və münasib məqam yetişdiyi an həmin şəxsin nöqsanları haqda danışmağa başlayar. Qeyd edək ki, hər iki təqdirdə, bu qeybət əxlaqi rəzalət hesab olunur.

2. Paxıllıq: Paxıl adam həmişə bəyənmədiyi müqabil tərəfin sahib olduqlarını itirməyi və onun pisliyini istəyir, məqsədinə çatmadıqda da, onun etibarını sındırmaq, abır-heysiyyətini aparmaq üçün nöqsanlarını faş etməklə həsəd və paxıllıq alovunu söndürməyə, özünü rahatlaşdırmağa çalışır. “Bazar itinin ov itini görən gözü olmadığı kimi, bacarıqsızın da bacarıqlını görən gözü olmaz” misalı bunun canlı sübutudur. (“Gülüstan”, Sədi, bölüm 8, hekayə 47.)

3. Təkəbbür: Bu zaman insan öz üstünlüyünü isbat etmək niyyətilə mömin qardaşının qeybətini edir. Belə ki, o, nəzərdə tutduğu şəxsin nöqsanlarını deməklə qeyri-müstəqim öz üstünlüyünü göstərmək istəyir.

4. Zarafat: Qeybət eyş-işrət və şəhvani məqsədlə də baş verə bilər. Məsələn, dostlar arasında zarafatla imanlı bacı-qardaşların qeybətini etmək, onların eyiblərinə toxunmaq və s. kimi hallarla qarşılaşmaq mümkündür.

5. Günahı yozmaq: Bəzən, başqalarının eyiblərini faş etməklə öz əməlini adiləşdirmək və onu yozmaq digər bir əsas olur.

6. İstehza: Əlbəttə, istehza və masqaranın müxtəlif səbəb və amilləri vardır ki, ona adət edən insan, bəzən, həmin boşluğu qeybətlə doldurur.

7. Əylənmək: Bəzən də səbəbsiz yerə yalnız əylənmək və boş vaxtı doldurmaq, yaxud məclisi qızışdırmaq üçün başqalarının qeybəti gedir, eyiblər aranır. Çünki belə məclislərdə qeybət hamıya şirin görünür. Diqqət yetirmək lazımdır ki, camaat istirahət və əyləncədən ləzzət aldığı kimi, kimisə güldürmək və başqalarını da əylənməyə çəkməkdən ləzzət alır.

8. Hadisələrə qarşı instinktiv reaksiya: İnsandakı bu güclü instinkt onu başqalarını israrla qeybətə, hər kəsin eyib və zəif cəhətlərini açmağa sövq edir. Bəlkə də, bəzilərinin nəzərində qeybətin şirinliyi elə bu hissdən qaynaqlanır. Belələri başqalarının sirlərindən agah olmaq, eyiblərini arayıb-axtarmaqdan ləzzət alır və buna görə də, təkid və hərisliklə qarşı tərəfi qeybətə məcbur edirlər.

9. Bir şəxsin öz üzərindən ittihamı götürməsi: Elə zamanlar da olur ki, bir şəxsin haqqında gəzən söz-söhbətin qarşısını almaq üçün adamın özü qeybətə düçar olur. Məsələn, abır-həyasının töküləcəyi, yaxud məhkəmədə əleyhinə şahid olacağını hiss edən bir şəxs uzaqgörənlik edib həmin şəxsin nöqsanları haqda qeybət etməyə başlayır. Hətta bu nöqsanlar düzgün olarsa belə, sözünə inanılsın deyə, yalan və iftiraya da əl atır. Başqa sözlə, bir şəxs pis iş və yaxud nalayiq bir rəftarla ittiham olunarkən öz üzərindən ittihamı götürmək məqsədilə mömin qardaşının qeybətini edərsə, pis işdə onun da rolu olduğunu söyləyərsə, qeybət etmiş olar. Beləliklə də, malik olduğu nöqsanların üstünə əlavə bir nöqsan da artırır. Təbiidir ki, bu hal insan nəfsinin zəifliyindən, yaxud da qorxusundan qaynaqlanır.

10. Diqqətsizlikdən yaranan qeybət: Qeybət edən şəxs ilahi ədəb-ərkan sahibi olmadığından heç bir rəftarın yerini bilmir. Bu səbəbdən də, səhv edərək günaha qərq olur. Bu tip insan imanlı bir şəxs gördükdə, onun haqqında söhbətə başlayır. Məsələn, mömin qardaşının nöqsanını gördükdə, bilmədən onun dini və ya digər eyibləri barədə danışır. Onun bu narahatçılıq hissləri həqiqi olmasına baxmayaraq, başqasının eybini faş etdiyi üçün günah hesab olunur. Halbuki buna diqqət etsəydi, mükafata layiq olardı. Lakin nöqsan sahibinin kim olduğunu aşkara çıxardığından onun savabı cəzaya çevrilir. Beləliklə də, məhəbbət, mehribanlıq və şəfqət hisslərinin yersiz büruzə verməsi, günahla nəticələnir. Bu səbəbdən, insan öz hisslərini şəri meyarlar üzərində qurmalıdır ki, rəhmət payı əzaba çevrilməsin.

11. Haqq yolunda qəzəb: Bəzən insan başqalarının pis əməlini gördükdə, elə qəzəblənir ki, öz nifrətini bildirməklə yanaşı, həmin şəxsin adını da dilə gətirir. Bu zaman qeybət faktı həyata keçir. Çünki ad çəkmədən pis rəftara qarşı nifrət bildirməyin heç bir eybi yoxdur. Ad çəkdikdə isə qeybət olur ki, bu da böyük günahdır.

Bütün deyilənlərdən aydın olur ki, ilahi əzablara düçar olmaq istəməyən insan öz dilini saxlamalıdır. İmam Sadiqdən (s) nəql olunan bir hədisdə deyilir:

فَاِنْ اَرَدْتَ السَّلامَةَ فَاذْكُرِ الْخالِقَ لَا الْمَخْلُوقَ، فَيَصيرَ لَكَ مَكانَ الْغِيبَةِ عِبْرَةً وَ مَكانَ الْاِثْمِ ثَوابآ

“Sağlam qalmaq istəyirsənsə, Allahın məxluqunu deyil, özünü xatırla. Onda qeybət yerinə ibrət alar, günah əvəzinə savaba sahib olarsan.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, c.9, səh.118, hədis 10407.)

Bu amillər qeybətin müalicəsində, onun xaricdəki nümunələrini tanıtmaqda bizə kömək edə bilər.

Çox vaxt onlar insanın vücudunda özünü təbii göstərir, vicdan və şəxsiyyət hissi onların büruzə verməyinə icazə vermir. Beləcə, ona zahiri bəzək verir, ürəkyandırmaq, yaxud pislikdən çəkindirmək, yaxud da başqalarına ibrət dərsi vermək məqsədilə qeybətə düşür və bunu özünə bir borc güman edir. Amma yuxarıda dediyimiz amillərin qurbanı olan bu insan vicdanını boğaraq onun əzabından qurtulmaq üçün həqiqəti dəyişdirir və ona don geyindirir. Bu isə qeybətin ən təhlükəli növü olub, müalicəsi də çətindir. (“İlahi əxlaq”, Ayətullah Müctəba Tehrani, səh.46-49; “Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.73-74.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru