QEYBƏTİN MÜSTƏSNA HALLARI

QEYBƏTİN MÜSTƏSNA HALLARI

Fiqh və əxlaq alimləri arasında qeybətin bəzən caizliyi ilə bağlı yekdil nəzər olsa da, onun hansı hallara aidliyi barədə fikirayrılığı vardır. Bəzən bu mübahisələr yalnız misallarda, bəzən də mövzunun öz ətrafında müşahidə olunur. Lakin bir çox dəlil və mənbələrə əsasən, iki yerdə qeybətin caiz olduğu başa düşülür:

1. Mühüm məsləhət zamanı qeybət doğuran danışıqlar günah sayılmır və ona dair misallar da müxtəlifdir:

a) Məşvərət zamanı; məsələn, bir kəs bir nəfərlə, yaxud bir şirkətlə alış-veriş, yaxud evlənmə işində başqası ilə məşvərət etdikdə, şübhəsiz, nəzərdə tutulan şəxsin zəif cəhətləri və s. eyibləri açıqlanmalı olacaq. O vaxt bu barədə məlumat verməyin heç bir eybi yoxdur və əslində, bununla həmin şəxsi – düz və ya səhv addımı barədə məlumatlandırmaq lazımdır.

b) “Nəhy əz münkər” (çirkinlikdən çəkindirmək) və pis yol seçənin əməlini aradan qaldırmaq zamanı: Yalnız qeybət vasitəsilə günah və ya münkərin (pis və nalayiq əməlin) qarşısı alınarsa, bu zaman qeybətə icazə verilir. Məsələn, insanların düzgün yoldan azmalarına səbəb olan bidətçilərin (dində bidət yaradan şəxslərin) nöqsanlarını və onların nalayiq rəftarlarını demək vacibdir.

c) Bir müsəlmanın gözlənilən zərər və təhlükələrdən xəbərdarlığı zamanı;

ç) Məlumat vermək zamanı: Bir şəxsin arxasınca alçaltmaq niyyəti olmadan onun kamil olmaması haqda danışmaq da qeybət hesab olunmaz. Məsələn, bir həkimin peşəkar olmaması, yaxud bir mütəxəssisin işində səriştəsiz olması haqda kiməsə məlumat vermək qeybətin caiz növlərindəndir.

Bütün bu hallarda şəriət müəyyən hadisələri aradan qaldırmaq üçün nəzərdə tutulan fərdin eyiblərini faş etməyi məqsədəuyğun görür.

Burada (əxlaq elmi baxımından) bir məsələni də qeyd etməliyik ki, mümkündür, insan müstəsna halların həddi-hüdudunu aşıb əyri yola əl atsın, yaxud səhv və qəflətə yol versin. Adətən, insan aşkar şəkildə qanunları pozmaq, günaha düşmək istəmir, bir çox məqsədlərində qeydlər və müstəsna hallardan öz mənafeyi üçün istifadə edir, hətta çox vaxt öz vicdanını belə aldadır, vicdan əzabından qurtulmaq, şəxsiyyətinə xələl yetirməmək üçün həmin qeyd və müstəsna hallara sığınır. Bu isə yatmış vicdanla oyaq vicdan arasındakı təzadların kəsişdiyi, birincinin ikincisinə qalib gəldiyi yerlərdir. Demək, olduqca son diqqətlə yuxarıdakı halların bütün yönləri və xüsusiyyətlərini nəzərə almalı, hər növ təəssübkeşlik, ədavət və digər qərəzlərdən uzaq olmaqla məsləhətdən kənar izahlardan tamamilə çəkinməli və nəfsi qıcıqlandıran qeybətin qorxulu və təhlükəli hiylələrindən yayınmamalıdır.

2. Heç bir məsləhət olmayan zaman: bu isə yalnız aşkarda günah edənlərə aiddir. Zalımın qeybəti də bu qismə aiddir.

Bu qismin müstəsna hal kimi sayılmasının əqli dəlilindən əlavə, onu şiə və əhli-sünnədən nəql olunan müxtəlif hədislər də təsdiq edir. O cümlədən:

عَنْ جَعْفَرٍ عَنْ اَبِيِهِ قالَ: ثَلاثَةٌ لَيْسَتْ لَهُمْ حُرْمَةٌ: صاحِبُ هَوىً مُبْتَدِعٌ، وَالْاِمامُ الْجائِرُ، وَ الْفاسِقُ الْمُعْلِنُ الْفِسْقَ

–İmam Cəfər Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edərək buyurur: “Üç nəfərə hörmət düşmür: əməlləri bidət doğuran əhli-kef insana, zülmkar hökmdar və başçıya, aşkarda günah edənə.” (“Biharul-ənvar”, 75-ci cild, səh.253.)

–Başqa bir hədisdə belə buyurulur:

ثَلاثَةٌ لا غِيْبَةَ لَهُمْ: صاحِبُ الهَوى وَ الْفاسِقُ الْمُعْلِنُ بِفِسْقِهِ، وَالْاِمامُ الْجائِرُ

“Üç nəfərin qeybəti caizdir: nəfsə qul olanın, aşkar günah edən fasiqin, zülmkar rəhbərin.” (“Biharul-ənvar”, 75-ci cild, səh.253.)

–Peyğəmbəri-Əkrəm (s) buyurur:

لَيْسَ لِفاسِقٍ غِيْبَةٌ

“Fasiqin (aşkar günah edənin) qeybəti caizdir.” (“Biharul-ənvar”, 75-ci cild, səh.236.)

–O həzrət başqa bir hədisdə belə buyurur:

لاغِيبَةَ لِثَلاثَةٍ: سُلْطانٍ جائِرٍ وَ فاسِقٍ مُعْلِنٍ وَ صاحِبِ بِدْعَة

“Üç qrup insanın qeybətini etmək caizdir: 1. zülmkar soltanın; 2. aşkar şəkildə günah edənin; 3. bidət əhlinin.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.128, 10448-ci hədis.)

–Yenə o həzrətdən belə nəql olunur:

مَنْ اَلْقي جِلْبابَ الْحَياءِ عَنْ وَجْهِهِ فَلا غِيْبَةَ لَهُ

“Həya pərdəsini götürən kəsin qeybəti caizdir.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.232.)

FASİQ KİMDİR?

Burada neçə məsələyə izah vermək zəruridir: Görəsən, fasiqin qeybəti hər bir halda caizdir, yoxsa aşkar günah etdikdə? Əgər bir kəs müəyyən məntəqədə fasiq, başqa məntəqədə isə (günahlarını gizlədərək) fasiq kimi tanınmırsa, onun qeybəti digər məntəqədə də caizdirmi?

Hədislərdən belə başa düşülür ki, fasiq və aşkarda günah edənə ehtiram düşmür. Başqa sözlə, belələrinin “ictimai şəxsiyyəti” möhtərəm sayılmadığından qeybətinə icazə verilir və abır-heysiyyətlərini qorumaq lazım deyil. Əgər “la qeybətə ləhu” (onun qeybəti caizdir) və “la hörmətə ləhu” (ona hörmət düşmür) kimi ifadələrə dəqiq fikir versək, bu suallar və izaha ehtiyac duyulmayacaq. Bununla belə, kifayət qədər əqli və nəqli dəlillərə də əsaslanılır ki, artıq şübhə qalmasın.

Demək lazımdır ki, zahirən “fasiq” həya pərdəsini götürən və günahlardan çəkinməyən hər kəsə aid olur və lakin müəyyən səbəblər üzündən bəzən aşkarda günaha əl atanları fasiq adlandırmaq olmaz. Buna əsasən, belələrinin qeybəti yalnız aşkar günah etdikləri təqdirdə caiz olur.

Burada fasiqlərlə bağlı bəzi məsələləri bilmək zəruri nəzərə çarpır:

a) Aşkar günaha qurşanan şəxslər barədə danışarkən “hamının, camaatın qarşısında” dedikdə, onun yaşadığı yerin bütün əhalisi nəzərdə tutulmur. Ola bilər ki, o, böyük bir şəhərdə yaşayır və günahkardır. Belə vəziyyətdə, hər kəsin onun sahib olduğu günahları görməsi qeyri-mümkündür. Belə ki, “hamının gözü qarşısında utanmadan günah etmək” deyərkən bir şəxsin kimlərinsə qarşısında günah etməkdən çəkinməməsi nəzərdə tutulur.

b) Aşkar şəkildə günah etmək yalnız şəxsin özü ilə kifayətlənmir, eyni zamanda, bütün ətraf mühitə, bəzən də bəzi ictimai təbəqəyə öz mənfi təsirini göstərir. Əgər bir şəxs öz dostlarının yanında günah işlədib, başqalarının qarşısında bundan xəcalət çəkərsə, yalnız dostları qarşısında “aşkarda günah edən şəxs” statusuna aid edilər. Bu halda, kənar kimsəyə onun qeybətini etmək caiz hesab olunmaz. Yəni başqalarının qarşısında günah etmədiyi üçün onun qeybətini etmək haramdır.

Əgər bir insan hansısa bir şəhərdə günahkar olub, digər şəhərdə günahkar deyilsə, onun yalnız günahkar olduğu şəhərdə qeybətinə icazə verilir.

c) Aşkar günah sahibi olan şəxsin yalnız göz qarşısında olan günahı haqda qeybət etmək caizdir və yalnız həmin günah barəsində qeybət etmək olar. Lakin onun camaat qarşısında bir günah işlətməsi heç də bütün nöqsanlarını deməyə haqq qazandırmır. (“İlahi əxlaq”, Ayətullah Müctəba Tehrani, səh.36-47; “Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.86-90.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru