QEYBƏTİN KƏFFARƏSİ

QEYBƏTİN KƏFFARƏSİ

İslam dinində qardaşlıq hüquqlarından biri də möminlərin abır-həyasını qorumaq və qeybətini etməməkdir. Aydındır ki, qeybət olunan yerdə kiminsə haqqı ayaqlar altına alınır. Beləcə, qeybəti olunan şəxsin əxlaqi haqqı onun üzərində qalır. Bu barədə rəvayətlərə müraciət edərkən, məsələ daha da aydınlaşır. Peyğəmbəri-Əkrəm (s) buyurur:

لِلْمُؤْمِنِ عَلَى الْمُؤْمِنِ سَبْعَةُ حُقُوقٍ واجِبَةٍ مِنَ اللّهِ عَزَّوَجَلَّ،... وَ اَنْ يَحْرِمَ غِيبَتَه

“Hər bir möminin digər mömin qarşısının üzərində yeddi vacib haqqı vardır ki, biri də onun qeybətini haram bilməkdir.” (“Vəsailüş-şiə”, Hürr Amuli, c.12, səh.208, hədis 16103.)

İmam Rza (ə) da buyurur:

حَقُّ الْمُؤْمِنِ عَلَى الْمُؤْمِنِ... وَ لا يَغْتابُه

“Bir möminin mömin qardaşı üzərində olan haqqı budur ki, onun qeybətini etməsin.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, c.9, səh.45, hədis 10160.)

Demək, qeybət “həqqün-nas”a (camaatın haqqı) aid hüquqların sırasındadır. Çünki qeybət insanın ehtiramı, şəxsiyyəti və abır-həyasını aradan aparır və sözsüz, bu məsələ əqli və şəri baxımdan maddi dəyərlərdən qat-qat üstündür. Odur ki, bir hədisdə buyurulur:

اِنَّ صاحِبَ الْغِيْبَةِ لا يُغْفَرُ لَهُ حَتّى يَغْفِرَ لَهُ صاحِبُهُ

“Qeybət olunan qeybət edəni bağışlamayınca, (qeybət edən) bağışlanılmaz.” (“Məhəccətül-beyza”, c.5, səh.251.)

Məşhur bir hədisdə də Cabir ibn Abdullah Ənsari və Əbu Səid Xudri Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişlər: “Qeybət zinadan daha pisdir.” Bunun səbəbi hədisin davamında belə açıqlanır: ”Zinakar tövbə etməklə Allahın məğfirətini qazanıb bağışlana bilər. (Çünki zina “həqqullah” (Allahın haqqı) qəbilindəndir.) Qeybət edən kəs isə qeybət etdiyi şəxsin razılığını qazanmadan bağışlanmır. (Çünki “həqqün-nas” (camaatın haqqı) qəbilindəndir.)” (“Biharul-ənvar”, c.75, səh.222.)

Təbii ki, günah işlətmiş hər bir müsəlman istisnasız olaraq tövbə etməlidir. Əgər tövbə etməyə fürsəti olmadan vəfat edərsə, qiyamətdə çıxış yolu olmadan günahlarının cəzası ilə üzləşməli olacaqdır. Qeybət edən insan da böyük günaha sahiblənir və tövbə etməsi zəruridir. Qeybət edən şəxs gördüyü işindən peşman olub tövbə etməsi və Allah-Taaladan günahının bağışlanmasını diləməklə yanaşı, hədislərə əsasən, arxasınca danışdığı adamdan da halallıq istəməlidir. Əlbəttə, fəqihlər arasında qeybət edən kəsin həm “halallıq istəməsi”, həm də “tövbə etməsi” ilə bağlı fikirayrılığı mövcuddur. Bəziləri halallıq istəmək məsələsini iki nəfər arasında kin-küdurət, yaxud da narazılıq kimi fəsadlara yol aça biləcəyini, insanın halallıq almaq üçün qeybətini etdiyi şəxsin arxasınca nələr söylədiyini deyərsə, həmin adamla düşmən olma ehtimalının qaçılmaz olacağını nəzərə alaraq, qeybət edən şəxsin tövbə etməsi ilə kifayətlənməsini irəli sürmüşlər.

Bəzi fəqihlər isə tövbənin qəbul şərtini “hallallıq istəmək”də bildirmişlər; yəni qeybət edən şəxs tövbə etməklə bərabər haqqında qeybət etdiyi adamdan da halallıq almalıdır. Qeybət edən şəxs yalnız qeybətini etdiyi insan tərəfindən bağışlanarsa, tövbəsi qəbul olunar, əks-təqdirdə, Allah-Taala dərgahında da əfv olunmayacaqdır. Bu haqda kifayət qədər hədis nəql olunmuşdur və Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə də belə buyurulur:

يا اَباذَرٍّ! اِيّاكَ والْغِيبَةَ... وَالْغيبَةُ لا تُغْفَرُ حَتّى يَغْفِرَها صاحِبُها

“Ey Əbuzər! Qeybətdən pəhriz et... Qeybəti olunan şəxsin əfvi olmasa, qeybət edən şəxs bağışlanmayacaqdır.” (“Vəsailüş-şiə”, Hürr Amuli, c.12, səh.280, hədis 16308.)

وَ اَمّا صاحِبُ الْغِيبَةِ فَيَتُوبُ فلا يَتُوبُ اللّهُ عَلَيْهِ حَتّى يَكُونَ صاحِبُهُ الَّذى يُحِلُّه

Başqa bir hədisdə də belə nəql olunur: “Qeybət edən şəxs tövbə edərsə, Allah-Taala qeybəti olunan şəxsin halallığı olmadan onu bağışlamayacaqdır.” (“Vəsailüş-şiə”, Hürr Amuli, c.12, səh.284, hədis 16317.)

Bir sıra hədislərdə isə qeybətcil adamın qeybətini etdiyi şəxs üçün Allah-Taaladan bağışlanma diləməsi də göstəriş verilmişdir. Yəni bir şəxs kiminsə qeybətini edərsə, etdiyi qeybətə görə haqqında qeybət etdiyi adam üçün dua etməlidir. İmam Sadiqdən (ə) nəql olunan hədisdə buyurulur:

سُئِلَ النَّبَىُّ(ص): ماكَفّارَةُ الْاِغْتِيابِ؟ قالَ: تَسْتَغْفِرُاللّهَ لِمَنِ اغْتَبْتَهُ كُلَّما ذَكَرْتَه

Peyğəmbəri-Əkrəmdən belə bir sual olundu: “Qeybətin kəffarəsi nədir?” Həzrət buyurdu: “Qeybətini etdiyi şəxs nə zaman yadına düşərsə, onun üçün Allahdan bağışlanmaq diləsin.” (“Kafi”, Şeyx Kuleyni, c.2, səh.358, hədis 4.)

مَنْ ظَلَمَ اَحَدآ فَفاتَهُ فَلْيَسْتَغْفِرِاللّهَ كُلَّما ذَكَرَهُ فَاِنَّهُ كَفّارةٌ لَه

Həmçinin o həzrətdən belə nəql olunur: “Bir nəfərin haqqını tapdalayan adam həmin şəxsi xatırladığı hər zaman Allah-Taaladan onun üçün bağışlanmaq diləməlidir. Bu onun günahının kəffarəsidir.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, c.12, səh.103, hədis 13637.)

Bir sözlə, qeyd edilənlərdən belə qənaətə gəlmək olur ki, qeybət edən insan tövbə etməklə və Allah-Taaladan bağışlanmasını diləməklə yanaşı, haqqında qeybət etdiyi şəxsdən də halallıq almalıdır. Lakin halallıq almaq fitnə-fəsada səbəb olarsa, təkcə Allah-Taala dərgahından bağışlanmaq diləmək yetərlidir. Həmçinin əgər halallıq üçün heç bir yol qalmayıbsa və yaxud qeybət olunanın abır-heysiyyətinə bir zərər toxunmayıbsa, istiğfar və tövbə ilə kifayətlənməyi mümkün saymaq olar. Bunlara rəğmən, qeybət etdiyi adamı öz duaları və ibadətlərinə şərik edərsə, daha təsirli ola bilər. (“İlahi əxlaq”, Ayətullah Müctəba Tehrani, səh.31-35; “Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.77.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru