Qeyb dövrünün tarixi

Qeyb dövrünün tarixi

Hicri-qəməri 260-cı ildə imam Həsən Əsgərinin (ə) şəhadətə çatması ilə qeyb (qeybət) dövrü başlandı. Qeyb o zaman baş verir ki, dinin əsas proqramı işdən düşür, hədislər toplum şəklində qorunur və hədislərin tanınmasında onların araşdırılması me’yar olur. Şiə əqidəsini və fiqhini müxalif firqələrdən, xüsusi ilə xəlifələri himayə edən sünnə əhlindən müdafiə edən şagirdlər hadisələrə tə’sir göstərir.

Qeybə çəkilmiş 12-ci imam həzrət Höccətin (ə) hüzuru hələ ki tamamlanmamış yetkinliyə ehtiyaclıdır. Qeyb təbii şəkildə başlayır. Həzrətin rəhbərliyi üçün şərait yarananadək o, qeyb pərdəsi arxasında qalır. İslamın qorunması, müsəlmanlara rəhbərlik imamın vəzifələrindəndir. Dinin əsas proqramı və onun qorunması imam Həsən Əsgərinin (ə) dövrünədək tə’min olunmuşdur. İmam Həsən Əsgəridən (ə) sonra bu proqramın həyata keçməsi üçün müsəlmanlara rəhbərlik edəcək şəxsin hərəkəti qarşısında maneələr vardır. Bu maneələr aradan qaldırıldığı an, zəruri şərtlər ödəndiyi vaxt qeyb öz yerini zühura verəsidir. Şərtlər ödənmədiyi təqdirdə qeyb dövrünün uzanması təbiidir.

On ikinci imamın (ə) qeyb hadisəsi, şübhəsiz ki, şiə tarixinin ən mühüm hadisələrindəndir. Bu hadisə həm e’tiqadi, həm də tarixi baxımdan araşdırıla bilər. Əlinizdəki kitabda uyğun hadisə tarixi baxımdan araşdırılmışdır. Kitabda qeybin hər iki dövrü: həm kiçik qeyb dövrü («ğeybəti-suğra»), həm də böyük qeyb dövrü («ğeybəti-kübra») nəzərdən keçirilmişdir.

Hicri-qəməri 260-329-cu illəri əhatə edən kiçik qeyb dövrünü araşdırmaq üçün mənbələr nəzərdən keçirilmiş, imamın dövrünün ictimai-siyasi və ideoloji vəziyyəti analiz edilmiş, uyğun dövrün tarixi şəraiti və imamların həmin dövrə hazırlığı tədqiq olunmuş, məxfi vəkillik tədbiri, kiçik qeyb dövründə bu dörd nümayəndənin rolu, qeyb dövrünün necə başlaması və onun dəlilləri kimi məsələlər təhlil olunmuşdur.

Hicri-qəməri 329-cu ildə başlayıb, bu günədək davam edən böyük qeybət dövründə də şiə tarixi nəzərdən keçirilmiş, uyğun dövrün hərəkatları və mövcud hakimiyyətləri, fəqihlərin keçdiyi mübarizə yolu, qısa şəkildə də olsa, həzrət Mehdi (ə) ilə bağlı mə’lumatlar tədqiq olunmuşdur. Əsrin imamı həzrət Mehdi (ə) ilə tanışlıq istiqamətində kiçik də olsa, faydalı bir addım atdığımıza ümid edirik.

Google+ WhatsApp