Qeyri-neft sektorunda gözləntilər

Qeyri-neft sektorunda gözləntilər

"Novoye Vremya" qəzetində "Qeyri-neft sektoru nə zaman iqtisadiyyatın lokomotivinə çevriləcək?" sualına cavab axtarılır.
 
Müəllif yazır ki, Azərbaycan iqtisadiyyatının durumu mürəkkəb olaraq qalır. Onun nə zaman pozitiv tərəfə yönlənəcəyi məlum deyil:
"Bu ilin 7 ayı ərzində qeyri-neft sektorunun 2.2 faiz inkişaf etməsinə baxmayaraq, ümumi daxili məhsulun həcmi 1 faiz azalıb. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatında ab-havanı yenə də neft sektoru müəyyən edir. Ölkə ixracı yenə neft və qazdan asılıdır".
 
Yazıda vurğulanır ki, ölkə iqtisadiyyatına investisiya qoyuluşu da azalmaqdadır. Belədə isə iqtisadiyyatda artım gözləmək düzgün deyil.
 
Müəllif bildirir ki, hətta Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditlərinə belə, maraq yoxdur. 150 milyon manat güzəştli kreditdən cəmi 68 milyon manata yaxını götürülüb:
"Əgər güzəştli kreditlərə tələbat yoxsa, o zaman bank kreditlərindən danışmağına dəyməz. Regionlarda banklar müştərilərə 2017-ci il iyulun 1-nə kimi 2 milyard 193 milyon 789.1 min manat ayırıb. Bu da 2016-cı ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 10.3 faiz azalma deməkdir. Başqa sözlə, iqtisadiyyatın banklar vasitəsilə kreditləşməsi də azalmaqda davam edir".
 
Yazıda bildirilir ki, dövlət ölkə iqtisadiyyatına əvvəlki qədər sərmayə qoymaq gücündə deyil. Özəl sahə də yerində sayır:
"Görünən budur ki, sahibkarlar hətta güzəştli kredit belə götürməyə və bu vəsaitləri istehsal sahəsinin inkişafına fəal şəkildə yerləşdirməyə maraq göstərmirlər".
 
Müəllif bu durumun yaranmasını təsadüf saymır. Onun fikrincə, sahibkarlar gələcəklə bağlı nikbin deyil. /

Google+ WhatsApp ok.ru